Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-1235/2026 16.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Ağdam rayonu, Qiyaslı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş 16 fevral 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru X4 izahat verərək bildirmişdir ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-1634/2024 saylı icra vərəqəsinə əsasəm Şəxs 9500 (doqquz min beş yüz) manat məbləğində pul tutularaq iddiaçı X1 xeyrinə ödənilməlidir. Həmin icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlanılmışdır. Lakin borclu tərəfindən icra sənədindəki tələb icra edilməməkdədir. Həmin icra sənədindəki tələbin qərəzli olaraq icra edilməməsi ilə bağlı sonuncu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, onun icra sənədi üzrə ödəniş etməməsinə səbəb odur ki, 2020-ci ildə o X2 avtomobilini vermişdir. Lakin həmin avtomobil nəzərə alınmır. O, həmin avtomobili bu borcun əvəzi olaraq vermişdir. Sonuncu gətirib həmin avtomobili qaytarsa, o da avtomobili sataraq sonuncunun pulunu ödəyə bilər. Məhkəmədən dediklərinin nəzərə alınmasını xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-1634/2024 saylı icra vərəqəsindən görünür ki, Şəxs 9500 (doqquz min beş yüz) manat məbləğində pul tutularaq iddiaçı X1 xeyrinə ödənilməlidir. xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-1634/2024 saylı icra sənədi üzrə icraata başlanmışdır. xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 528.1-ci maddəs ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi qanunverici tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətin yaranması üçün 2 müxtəlif hal müəyyən edilmişdir. 1. icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi; 2. icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-1634/2024 saylı icra vərəqəsi üzrə Şəxs 9500 (doqquz min beş yüz) manat məbləğində pul tutularaq iddiaçı X1 xeyrinə ödənilməlidir. Hazırda icra sənədi üzrə borclu tərəfindən heç bir ödəniş edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin 2020-ci il tarixdə tələbkara avtomobil verməsini, həmin avtomobilin hazırki borcla əvəz edilməsini bildirməsi barədə ifadəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, hazırki məhkəmə qətnaməsi xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Başqa sözlə, qətnamə çıxarıldığı zaman borclu tərəfindən tələbkara avtomobil verilmişdir. Lakin həmin avtomobilin Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-1634/2024 saylı icra vərəqəsində göstərilən borca hər hansı bir aidiyyətinin olması təsdiq edilmir. Nəzərə almaq lazımdır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin məhkəmə qətnaməsindən şikayət verməmiş, avtomobilin verilməsi məsələsini qabartmamışdır. Odur ki, indiki halda sonuncunun verdiyi izahat məsuliyyətdən yayınma məqsədi ilə verilmiş izahat kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Şəxs Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-1634/2024 saylı icra sənədi üzrə icraata başlanndığı xx.xx.2024-cü il tarixdən etibarən ödənilməli olan 9500 manatdan ümumiyyətlə ödəniş etməyərək icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Odur ki, Şəxs əməlində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcuddur. Beləliklə, məhkəmə inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədi icra işi ilə əlaqəli şəkildə araşdıraraq bu nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqələri, bildiriş, tərəflərin izahatı ilə tam olaraq sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Şəxs törətdiyi inzibati xətanın xarakterini, icra sənədi üzrə olan borcunu ödəməkdən qərəzli olaraq yayındığını, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun hazırki icra sənədi üzrə ilk dəfə məsuliyyətə cəlb edilməsi nəzərə alınaraq barəsində aşağı həddə inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi məqsədə uyğundur. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, inzibati xətanın xarakteri, onun şəxsiyyətini xarakterizə edən hallar, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınaraq həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati cərimə edilməlidir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(5-93)-1235/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-1235/2026
16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver