Məhkəmə qərarları › İş №3(5-93)-1252/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-1252/2026

27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-1252/2026 27.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X1, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi X2 iştirakı ilə, X1 inzibati tənbeh edilməsinə dair Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X3 tərəfindən verilmiş şikayət onunla əsalandırılmışdır ki, xx.xx.2026-cı il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 29-cu Binəqədi şosesində xidmət aparan Yol Patrul Xidməti inspektoru, polis kiçik serjantı X4 tərəfindən avtomobili saxlanılmışdır. Həmin polis əməkdaşı tərəfindən onun inzibati xəta törətdiyi iddia olunsa da, bu iddianı təsdiq edən heç bir obyektiv sübut, video-kamera görüntüsü, foto material və ya digər prosessual dəlil təqdim edilməmişdir. Bununla belə, qərarla razılaşmadığı təqdirdə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 100 manat məbləğində inzibati cərimə tətbiq edilməsi barədə TP ******* nömrəli qərar qəbul edilmişdir. Qeyd olunan qərarla razılaşmadığı üçün dərhal yuxarı instansiya olan Baş X9i İdarəsinə şikayətlə müraciət etmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddət keçməsinə baxmayaraq müraciətinə cavab verilməmişdir. Hesab edir ki, inzibati icraat zamanı sübutların toplanması, qiymətləndirilməsi və qərarın əsaslandırılması ilə bağlı prosessual tələblərə riayət edilməmiş, nəticədə barəsində qəbul edilmiş qərar əsassız və qərəzli olmuşdur. İnzibati məsuliyyət yalnız sübut edilmiş faktlara əsaslanmalı olduğu halda, onun işində bu tələb təmin olunmamışdır. Odur ki, barəsində qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında X3 şikayəti müdafiə edib bildirmişdir ki, 30 yanvar 2026-cı il tarixdə idarə etdiyi avtomobillə Binəqədi rayonu, 8-ci mikrorayon ərazisindən Azadlıq prospekti istiqamətində hərəkət edərək YPX inspektoru onu saxlamış, yol ayrıcını keçmə qaydalarını pozduğunu bildirmişdir. Halbuki o, heç bir qayda pozuntusu törətməmişdir. Həmin küçədə onun hərəkət etdiyi istiqamətdə quraşdırılmış svetoforun yaşıl işığı qarşı tərəfdən hərəkət edən nəqliyyat vasitələri üçün quraşdırılmış svetoforun yaşıl işığından bir neçə saniyə əvvəl yanır. Bu səbəbdən o, digər nəqliyyat vasitələri kimi yaşıl işıqda yol ayrıcına daxil olmuş və sola dönmüşdür. YPX inspektoru onu həmin vaxt saxlamış qarşı tərəfdən düzünə hərəkət edən nəqliyyat vasitəsinə yol vermədiyini bildirmişdir. Lakin həmin nəqliyyat vasitəsi üçün yaşıl işıq sonradan yanmışdır. O, heç bir qayda pozuntusu ilə razılaşmasa da YPX inspektoru barəsində əsassız qərar qəbul etmiş və o, cərimələnmişdir. Ona qayda pozuntusu ilə bağlı heç bir görüntü təqdim edilməmişdir. Odur ki, barəsində qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin nümayəndəsi X5 bildirmişdir ki, X3 tərəfindən törədilmiş qayda pozuntusu YPX inspektoru tərəfindən vizual olaraq aşkar edilmişdir. Bununla bağlı sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sürücü tərəfindən törədilmiş qayda pozuntusunun videogörüntüləri də mövcuddur. Odur ki, X3 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2026-cı il tarixdə saat 14:40-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində “Honda CRV” minik markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol ayrıcını keçmə qaydalarını pzoduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntülərdən görünür ki, X3 idarə etdiyi nəqliyyat vasitəsi ilə yolayrıcında sola dönərkən qarşıdan düzünə gedən nəqliyyat vasitəsinə yol verməmişdir. Məhkəmə, iş materiallarını və məhkəmədə toplanmış sübutları tam, hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, X1 Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 1ci bəndinə əsasən relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir. Məhkəmədə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, X6 xx.xx.2026-cı il tarixdə saat 14:40-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində “Honda CRV” minik markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə yolayrıcında sola dönərkən qarşıdan düzünə gedən nəqliyyat vasitəsinə yol verməyərək yol ayrıcını keçmə qaydalarını pozmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, qeyd edilən qayda pozuntusu ərazidə xidmət aparan YPX inspektoru tərəfindən aşkar edilmiş, qayda pozuntusu məhkəməyə təqdim edilmiş görüntülərdə də təsdiqini tapmışdır. Göründüyü kimi X3 barəsində Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsaslı olduğundan və qayda pozuntusu təsdiqini tapdığına görə məhkəmə hazırda baxılan iş üzrə X3 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X1 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar