Məhkəmə qərarları › İş №3(5-93)-1268/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-1268/2026

17.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-1268/2026 17.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə, X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 342.9-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi Dövlət Yol Polisi şöbəsi tərəfindən X3 barəsində İXM-in 342.9-cu maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur.

2. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin proses iştirakçıları məhkəməyə gəlməmişlər. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq proses iştirakçılarının iştirakı olmadan işə baxılmanı mümkün hesab edir.

3. Məhkəmənin əvvəlki iclasında X3 iştirak edərək bildirmişdir ki, ona məxsus “BMW 528” markalı avtomobilin dövlət qeydiyyat nişanının üzərini karton kağız ilə örtərək Turbo.az saytında satış məqsədilə maşının şəklini çəkmək istəyirkən polis əməkdaşı tərəfindən barəsində protokol tərtib edilmişdir. Lakin o maşınının nömrəsinin üstünü bağlayaraq şəhərdə gəzməmişdir. Odur ki, məhkəmədən barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş:

4. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi Dövlət Yol Polisi şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 İXM-in 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir.

5. Məhkəməyə təqdim edilmiş və hadisənin görüntülərini özündə əks etdirən diskdən müəyyən edilmişdir ki, “BMW 528” markalı avtomobilin dövlət qeydiyyat nişanı karton kağız ilə örtülmüşdür. Məhkəmənin əsaslandırması və mövqeyi:

6. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, X1 İXM-in 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin Məcəllənin 342.9-cu maddəsi ilə tövsif edilmişdir.

7. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X2 istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu X2 istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir.

8. Məhkəmə X1 məhkəmədə verdiyi ifadəsinə münasibətdə isə onu qeyd edir ki, ifadəsini təsdiq edəcək sübutlar mövcud olmadığından onun ifadəsini müdafiə xarakterli qiymətləndirmək olar. Tərəflər məhkəməyə sübutlar təqdim etməkdə sərbəstdirlər. Məhkəmə tərəflərin təqdim etdiyi sübutlar əsasında öz daxili inamına əsasən qərar qəbul edir.

9. Məhkəmədə X1 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir.

10. Məhkəmədə X1 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir.

11. Məhkəmə X2 inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur.

12. Yol hərəkəti qaydalarının pozulması halları ilə müvəffəqiyyətlə mübarizə aparılması üçün qayda pozucularına düzgün tənbeh təyin edilməsinin mühüm əhəmiyyəti vardır. İşin mübahisəsiz hallarına əsasən X3 məlum qayda pozuntusunu ehtiyatsızlıq və ya hadisənin təsadüfü axarı zəminində deyil, qəsdən törətmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs X2 törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı hesab edir ki, sonuncu barəsində cərimə növündə inzibati tənbeh tədbirini təyin etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar.

13. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

14. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

15. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.

16. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur.

17. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.

18. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir.

19. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.

20. Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, X3 İXM-in 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir.

21. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-50, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar