Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-128/2026 10.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X9 Novruz oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X3, Şikayət verən X1 iştirakları ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X5 məhkəməyə şikayətlə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə əsasən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, cəmiyyət 2021-ci ilin əvvəllərində təsis edilərək dövlət qeydiyyatına alınmış, cəmiyyətin fəaliyyətinə cari rəhbərlik cəmiyyətin təkbaşına icra orqanı olan direktor tərəfindən həyata keçirilir. Cəmiyyətin fəaliyyətinin əsasını ağacların yetişdirilməsi, onların satışı təşkil edir. Cəmiyyətin bir neçə nəfər işçiləri olmuşdur, onların hər biri ilə AR Əmək Məcəlləsinin tələblərinə əsasən müddətli əmək müqavilələri bağlanmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi üzərindən aparılan təhlillər zamanı əldə edilmiş məlumatlar əsasında məlum olmuşdur ki, işçilərlə bağlanmış əmək müqavilələrində qanunvericiliklə müəyyən edilmiş minimum əmək haqqı normasından aşağı əmək haqqı məbləği göstərilmiş, nəticə də MMC-nin direktoru olaraq o, AR-ın İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində xidmət tərəfindən xx.xx.2025-ci il tarixli MN ******* №li inzibati tənbeh vermə haqqında elektron qərar qəbul olunmuşdur. Həmin qərara əsasən ona 1000 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Qəbul olunmuş qərar əsassız və qanunsuz olduğundan, həmin qərarın ləğv olunması üçün şikayət vermişdir. Şikayəti onunla əsaslandırmışdır ki, direktor tərəfindən işçilərə münasibətdə qanun pozuntusuna yol verilməmiş, cəmiyyət fəaliyyətini xx.xx.2021-ci il tarixdə dayandırmışdır. Araşdırma müddətində o, izahat verərək həmin xüsusatı təsdiq edərək cəmiyyətin fəaliyyətinin dayandırılmasına dair vergi orqanından əldə olunmuş arayışı təqdim etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli 3-17-5/l-M- 70116/2025 saylı qərarına əsasən şikayət təmin olunmamış, xx.xx.2025-ci il tarixli MN ******* №li inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılmışdır. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində məhkəməyə şikayət verilə bilər. xx.xx.2025-ci il tarixdə qərarı poçt xidməti vasitəsi ilə almışdır ki, qərarla tanış olduqdan sonra qərardan məhkəməyə şikayət vermək qərarına gəlmişdir. Beləliklə, təsisçisi və direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət 2021-ci ilin əvvəllərində təsis edilmiş və dövlət qeydiyyatına alınmış, hüquqi şəxs olaraq fəaliyyətini və əməliyyatlarını xx.xx.2021-ci il tarixdə rəsmi dayandırmış, bunu təsdiq edəcək arayış aidiyyəti vergi orqanına 14 saylı Ərazi Vergilər İdarəsinə təqdim edilmişdir. Cəmiyyətdə çalışmış işçilərlə X4, X6, X2 və X11 ilə xx.xx.2025-ci il tarixdə bağlanmış və hazırda qüvvədə olan əmək müqavilələri barədə göstərilənlər həqiqəti əks etdirmir. Həmin müqavilələrə əsasən işçilərə 250 manat məbləğində əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur. Direktor olaraq onunla bağlanmış xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə əsasən işçiyə 300 manat məbləğində əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur. Əgər cəmiyyət fəaliyyətini xx.xx.2021-ci il tarixdə dayandırmışdırsa və fəaliyyətini sonradan bərpa etməmişdirsə xx.xx.2025-ci il tarixdə işçilərə münasibətdə əmək müqavilələrinin bağlanması mümkün deyildir. Ona görə də hesab edir ki, cəmiyyət tərəfindən işçilərin hüquqları və dolayısı ilə qanunvericiliyin tələbləri pozulmamışdır. Xüsusilə xatırlatmaq yerinə düşərdi ki, Azərbaycan Respublikasında 2021-ci il tarix üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci ildə Azərbaycanda minimum əmək haqqı 250 manat olmuşdur, çünki bu məbləğ 2019-cu ilin sentyabrından qüvvəyə minmiş, 2022-ci ilin yanvarında minimum əmək haqqı artaraq 300 manat olmuşdur. Məhkəmə iclasında şikayət verən X5 şikayəti müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, işçilərlə bağlanmış əmək müqavilələrində 2021-ci il üçün qüvvədə olan minimum əmək haqqı (250 manat) göstərilmiş və həmin dövrdə qanun pozuntusuna yol verilməmişdir. Buna görə də müqavilələr bağlandığı anda qanunvericiliyin tələblərinə əməl olunmuşdur. Cəmiyyət xx.xx.2021-ci il tarixdən fəaliyyətini dayandırmışdır və bu hal vergi orqanının arayışı ilə təsdiq olunur. Belə olan halda, faktiki fəaliyyət göstərilmədiyi halda əmək haqqının artırılması öhdəliyi yaranmır. Ona görə də fəaliyyət dayandırıldığı üçün sonrakı illərdə minimum əmək haqqının artırılması müəssisəyə şamil edilməməlidir. Onun fikrincə, faktiki iş fəaliyyəti olmadığından əmək haqqının yeni minimum məbləğə uyğunlaşdırılması məntiqsizdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X8 şikayətə etiraz edərək bildirdi ki, xx.xx.2025-ci il tarixli qərarda əmək müqavilələrinin bağlanma tarixi ilə bağlı “xx.xx.2025-ci il” kimi göstərilən məlumat texniki xarakterli səhv olmuşdur. Əslində həmin müqavilələr 2021-ci ildə bağlanmış və Mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınmış müqavilələrdir. Qərarın mətnində tarixlə bağlı yanlışlıq inzibati xətanın hüquqi mahiyyətini və faktiki vəziyyəti dəyişdirmir, çünki inzibati məsuliyyət müqavilənin bağlanma tarixinə deyil, qüvvədə olan əmək münasibətlərinin mövcudluğuna və həmin münasibətlər çərçivəsində minimum əmək haqqı normasının pozulmasına əsaslanmışdır. Göstərilənlərə əsasən şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X5 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2021-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, işçinin (direktor) aylıq əmək haqqı 300 manat olmaqla vaxtamuzd ödənilməsi nəzərdə tutulmuşdur. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X2 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2021-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, işçinin (fəhlə) aylıq əmək haqqı 250 manat olmaqla vaxtamuzd ödənilməsi nəzərdə tutulmuşdur. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X6 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2021-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, işçinin (fəhlə) aylıq əmək haqqı 250 manat olmaqla vaxtamuzd ödənilməsi nəzərdə tutulmuşdur. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X4 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2021-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, işçinin (fəhlə) aylıq əmək haqqı 250 manat olmaqla vaxtamuzd ödənilməsi nəzərdə tutulmuşdur. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X11 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2021-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, işçinin (fəhlə) aylıq əmək haqqı 250 manat olmaqla vaxtamuzd ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X6, X5, X2, X11 və X4 arasında minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqının mövcud olması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaratmışdır. Göstərilənlərə əsasən X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanə törətmiş, 1000 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin X5 barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli elektron qərarı dəyişdirilmədən saxlanılmışdır. 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixə qədər dayandırılmışdır. Fəaliyyətin dayandırılma səbəbi mövsümi fəaliyyət olmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 155.1-ci maddəsinə əsasən işçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. 155.2-ci maddəsinə əsasən minimum əmək haqqı – “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. 146.1-ci maddəsinə əsasən kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır. 146.2-ci maddəsinə əsasən işəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il Sərəncamının birinci bəndinə əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə əsasən işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə şikayəti, ona əlavə edilmiş materialları, tərəflərin izahatlarını və tətbiq edilməli hüquq normalarını hərtərəfli təhlil edərək belə qənaətə gəlir ki, şikayətçinin irəli sürdüyü arqumentlər hüquqi baxımdan əsaslı deyildir və mövcud əmək münasibətlərinin mahiyyətinə uyğun qiymətləndirilməmişdir. Belə ki, şikayətçi hüquqi şəxsin fəaliyyətinin xx.xx.2021-ci il tarixdən dayandırıldığını əsas gətirərək sonrakı dövrlərdə minimum əmək haqqının artırılmasının ona şamil edilməməli olduğu qənaətində olsa da məhkəmə şikayət verənin bu mövqeyi ilə razılaşmır və qeyd edir ki, hüquqi şəxsin fəaliyyətinin dayandırılması əmək hüququ baxımından “işin dayandırılması” anlayışı ilə qiymətləndirilməlidir ki, bu halın da hüquqi nəticələri məhz 146-cı maddə ilə tənzimlənir. Əmək Məcəlləsinin 146-cı maddəsinin hüquqi mahiyyəti göstərir ki, istehsalın və ya işin dayandırılması yalnız müəyyən hallarda mümkündür və bu halların hər biri konkret hüquqi nəticələr doğurur. Maddənin 1-ci bəndinə əsasən, işəgötürənin təqsiri olmadan işin dayanması yalnız fövqəladə və qarşısı operativ surətdə alına bilməyən hallar mövcud olduqda mümkündür. İş üzrə belə halların mövcudluğu müəyyən edilməmişdir. Daha konkret ifadə etsək, cəmiyyətin fəaliyyətinin mövsümi olması 146.1-ci maddədə sadalanan hallara aid edilmir. Bu baxımdan, 146.1-ci maddənin tətbiqi üçün hüquqi əsaslar olmadığından, 146.2ci maddənin tətbiqi qaçılmazdır. Belə ki, hüquqi şəxsin öz qərarı ilə fəaliyyətini dayandırması işəgötürənin risk dairəsinə daxildir və 146.2-ci maddə baxımından işəgötürənin təqsiri ilə baş vermiş işin dayandırılması kimi qiymətləndirilməlidir. Sahibkarlıq fəaliyyətinin davam etdirilib-etdirilməməsi ilə bağlı qərar işçinin deyil, işəgötürənin iradəsindən asılıdır və bunun nəticələri də işçinin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnə bilməz. Bu baxımdan, fəaliyyətin dayandırılması əmək müqavilələrinin qüvvədə qalması şərti ilə əmək haqqının ödənilməsini aradan qaldırmır. Əksinə, 146.2-ci maddənin məntiqinə görə, işin dayanması hallarında belə işçinin əmək haqqı ilə bağlı minimum təminatı qorunmalıdır. Məhkəmə onu da qeyd edir ki, Əmək Məcəlləsində hüquqi şəxsin fəaliyyətinin dayandırılması ilə əlaqədar olaraq işçilərə əmək haqqının ümumiyyətlə ödənilməməsini nəzərdə tutan hər hansı norma mövcud deyildir. Əksinə, əmək müqaviləsi qüvvədə olduğu müddətdə işəgötürən işçiyə minimum əmək haqqından az olmayan məbləğdə əmək haqqı ödəmək öhdəliyini daşıyır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti vergi orqanında “dayandırılmış” kimi qeydiyyatda olsa da, işçilərlə bağlanmış əmək müqavilələri elektron sistemdə qüvvədə olmuşdur və onlara qanunvericiliklə müəyyən edilmiş qaydada xitam verilməmişdir. Əmək müqaviləsinə xitam verilmədiyi halda həmin müqavilə hüquqi qüvvəsini saxlayır və işəgötürənin əmək qanunvericiliyindən irəli gələn öhdəlikləri davam edir. Hüquqi şəxsin təsərrüfat fəaliyyətini faktiki həyata keçirib-keçirməməsi əmək müqaviləsinin hüquqi qüvvəsinə təsir göstərmir. İnzibati orqan tərəfindən aparılmış təhlillər zamanı, eləcə də məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qüvvədə olan əmək müqavilələrində göstərilən aylıq əmək haqqı məbləğləri mübahisə olunan dövrdə dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı səviyyəsinə uyğun olmamışdır. 2025-ci il üçün minimum əmək haqqı normativ aktla artırılmışdır və qüvvədə olan əmək müqavilələrinin şərtləri həmin dövrün tələblərinə uyğunlaşdırılmalı idi. Lakin sistem məlumatları göstərir ki, əmək haqqı məbləğləri artırılmamış və minimum həddən aşağı saxlanılmışdır. Halbuki, işəgötürənin fəaliyyətini dayandırması və ya müəssisənin mövsümi xarakter daşıması minimum əmək haqqı öhdəliyini aradan qaldırmır. Görünür ki, şikayətçi mövqeyini əsasən belə formalaşdırır ki, müəssisə faktiki fəaliyyət göstərmədiyi halda əmək haqqının ödənilməsi necə mümkün ola bilər. Məhkəmə bu arqumentin zahirən məntiqi təsir bağışladığını qəbul etsə də, hesab edir ki, əmək hüququnda məsələ faktiki fəaliyyətin olub-olmaması ilə deyil, hüquqi münasibətin mövcudluğu ilə həll olunur. Əmək müqaviləsi qüvvədə olduğu müddətdə tərəflər arasında hüquqi əlaqə davam edir və bu əlaqə müəyyən hüquq və vəzifələr doğurur. Bu baxımdan ortaya hüquqi sual çıxır əgər fəaliyyət dayandırılmışdırsa, işçilərlə bağlanmış əmək müqavilələri niyə qüvvədə saxlanılmışdır? Əmək qanunvericiliyi əmək müqaviləsinə xitamın konkret əsaslarını və prosedur qaydalarını müəyyən etmişdir. Müəssisənin ləğv edilməsi ( AR ƏM maddə 70 a bəndi) həmin əsaslardan biridir. Lakin iş materiallarından görünür ki, hüquqi şəxs ləğv edilməmiş, yalnız fəaliyyətinin dayandırılması barədə qərar qəbul etmişdir. Məhkəmə razılaşır ki, hər bir fəaliyyətin müvəqqəti dayanması avtomatik olaraq əmək müqaviləsinə dərhal xitam verilməsini tələb etmir. Lakin müəssisə faktiki olaraq uzunmüddətli – beş illik fəaliyyət dayandırılması rejiminə keçmişdirsə və bu dövrdə əmək münasibətlərinin davam etdirilməsi nəzərdə tutulmamışdırsa, qanunvericiliyin nəzərdə tutduğu hüquqi mexanizmlərdən istifadə edilməli idi. Əmək Məcəlləsi müəssisənin ləğvi halında əmək müqavilələrinə xitam verilməsini nəzərdə tutur və bu mexanizm məhz belə uzunmüddətli və davamlı fəaliyyətin olmaması halları üçün hüquqi çıxış yoludur. Əmək müqavilələrinin qüvvədə saxlanılması isə işçinin əmək stajının hesablanmasına, sosial sığorta hüquqlarına və gələcək pensiya təminatına birbaşa təsir göstərir. Göründüyü kimi, hüquqi münasibət saxlanıldığı halda, onun doğurduğu nəticələrdən imtina etmək mümkün deyildir. Sahibkarlıq fəaliyyətinin riskləri işçinin deyil, işəgötürənin üzərinə düşür və fəaliyyətin olmaması əmək münasibətini formal olaraq davam etdirib, onun maliyyə nəticələrini icra etməmək üçün əsas sayıla bilməz. Qısacası, məhkəmə hesab edir ki, şikayətçinin “fəaliyyət yoxdursa əmək haqqı necə ödənilə bilər” arqumenti hüquqi baxımdan əsaslı deyildir. Əgər əmək münasibətlərinin davam etdirilməsi nəzərdə tutulmurdusa, qanunvericiliyin müəyyən etdiyi qaydada xitam mexanizmi tətbiq edilməli idi. Əmək müqavilələri qüvvədə saxlanıldığı halda isə onların doğurduğu hüquqi nəticələr o cümlədən minimum əmək haqqının təmin edilməsi öhdəliyi işəgötürənin üzərində qalır. Şikayətçinin müqavilələrin illərinin qərarda 2025-ci il göstərilməsi ilə bağlı etirazı məhkəmə araşdırması zamanı texniki xarakterli səhv kimi müəyyən edildiyindən və inzibati xətanın hüquqi mahiyyətinə təsir göstərmədiyindən, bu xüsusat üzrə əlavə əsaslandırmaya zərurət görülmür. Nəticə etibarilə, məhkəmə belə qənaətə gəlir ki, şikayətçi tərəfindən göstərilən arqumentlər inzibati tənbeh qərarının ləğv edilməsi üçün hüquqi əsas yaratmır. Bu səbəbdən şikayət əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayət təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(5-93)-128/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-128/2026
10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver