Məhkəmə qərarları › İş №3(5-93)-129/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(5-93)-129/2026

13.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-93)-129/2026 13.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlu, X1 inzibati tənbeh tətbiq etmə haqqında qərarların icra müddətinin keçməsi ilə əlaqədar icraya xitam verilməsi barədə ərizəsinin icraata qəbulu məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X2 məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətli polis əməkdaşı tərəfindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə 100 manat, 211.3-cü maddəsi ilə isə iki dəfə 200 manat olmaqla, ümumilikdə 500 manat məbləğində inzibati cərimə tətbiq edildiyini, göstərilən inzibati tənbeh qərarlarının qəbul edilməsindən etibarən 5 il müddət keçdiyini, həmin müddət ərzində cərimələrin icrası ilə bağlı ona icra sənədinin təqdim edilmədiyini və məcburi icra tədbirlərinin görülmədiyini əsas gətirərək, inzibati tənbeh haqqında qərarların icra müddətinin keçməsi ilə əlaqədar qüvvədən düşmüş hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizəçi istinad kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci, 53-cü, 109.2-ci, 146.1-ci, 150.9-cu və 529.1-ci maddələrini, eləcə də Konstitusiya Məhkəməsinin müvafiq hüquqi mövqeyini göstərmişdir. Ərizəni nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə görə ərizə icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 145.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) aşağıdakı hallarda qərarın icrasına xitam verir: 145.1.3. inzibati tənbeh tətbiq etmə haqqında qərarın bu Məcəllənin 146.1-ci maddəsində müəyyən edilmiş icra müddəti keçdikdə. 145.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsi barədə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qərardad qəbul edilir. İş materiallarından və ərizənin məzmunundan görünür ki, mübahisə predmeti olan inzibati tənbeh haqqında qərarlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətli polis əməkdaşları tərəfindən qəbul edilmişdir. Bu baxımdan, qeyd olunan qərarların icrasına xitam verilməsi məsələsinə baxmaq səlahiyyəti məhkəməyə deyil, həmin qərarları qəbul etmiş səlahiyyətli inzibati orqana — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə aiddir. Qanunvericiliklə müəyyən edilmiş səlahiyyət bölgüsünə əsasən, məhkəmə yalnız inzibati orqanın qəbul etdiyi qərarların qanuniliyinin yoxlanılması ilə bağlı mübahisələrə baxa bilər. Hazırkı halda isə ərizəçi birbaşa inzibati tənbeh haqqında qərarın icrasına xitam verilməsini xahiş edir ki, bu da ilkin olaraq inzibati orqanda həll edilməli olan məsələdir. Beləliklə, ərizə məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisə predmetinə aid olmadığından, icraata qəbul edilə bilməz. Təsvir edilənləri nəzərə alaraq belə qənaətə gəlirəm ki, X1 ərizəsi icraata qəbul edilmədən geri qaytarılmalı və ərizəçiyə izah edilməlidir ki, inzibati tənbeh tətbiq etmə haqqında qərarların icra müddətinin keçməsi ilə əlaqədar icraya xitam verilməsi məsələsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 145.1-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 inzibati tənbeh tətbiq etmə haqqında qərarların icra müddətinin keçməsi ilə əlaqədar icraya xitam verilməsi barədə ərizəsi geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, inzibati tənbeh tətbiq etmə haqqında qərarların icra müddətinin keçməsi ilə əlaqədar icraya xitam verilməsi məsələsi ilə bağlı həmin qərarları qəbul etmiş səlahiyyətli inzibati orqana - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etmək hüququ vardır. Qərardaddan şikayət verilə bilməz. Hakim Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar