Məhkəmə qərarları › İş №3(5-93)-1290/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(5-93)-1290/2026

18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-93)-1290/2026 18.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlu, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2026-cı il tarixli, EQ 33724648 nömrəli qərarından verdiyi şikayətin icraata qəbulu məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Şikayət verən X2 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2026-cı il tarixli, EQ 33724648 nömrəli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə görə şikayət icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 122.1-ci maddəsinə görə bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. 129.1.3-1-ci maddəsinə görə, bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 106.0 və 106.0.1-ci maddələrinin tələbinə görə hakim inzibati xəta haqqında işlərə baxarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığı məsələsini həll etməlidir. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət - şikayət verən şəxsin yaşayış yeri üzrə məhkəməyə verilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Bu anlayışdan göründüyü kimi, yaşayış yeri anlayışı təsadüfi və ya müvəqqəti faktiki qalma ilə deyil, hüquqi əsasla və davamlı xarakter daşıyan yaşayışla müəyyən edilir. X2 şikayətinə Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışı əlavə etmiş və özünün Binəqədi rayonu ərazisində yaşadığına istinad edərək şikayətini Binəqədi Rayon Məhkəməsinə vermişdir. Lakin qeyd olunan arayış müraciət tarixinə münasibətdə aktual hesab edilə bilməz və şikayətçinin daimi və ya üstünlük təşkil edən yaşayış yerinin hüquqi əsasla dəyişdirildiyini təsdiq etmir. Həmin sənəd nə mülkiyyət hüququnu, nə icarə münasibətlərini, nə də dövlət qeydiyyatının dəyişdirilməsi faktını sübut edən rəsmi sənəd kimi qiymətləndirilə bilməz. İş materiallarından X1 rəsmi qeydiyyat yerinin Bərdə rayonu olduğu görünür və bu halın dəyişdirilməsi barədə hüquqi qüvvəyə malik sübut təqdim edilməmişdir. Qanunvericiliyin imperativ tələblərinə görə ərazi aidiyyəti məhkəmə tərəfindən ilkin mərhələdə yoxlanılmalı olduğundan və təqdim edilən arayış yaşayış yerinin dəyişməsini kifayət qədər sübut etmədiyindən, şikayətin Binəqədi Rayon Məhkəməsində baxılmasını mübahisəli edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-1-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2026-cı il tarixli, EQ 33724648 nömrəli qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar