Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-1292/2026 26.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X15 Novruz oğlunun katibliyi, Binəqədi rayon İcra şöbəsinin icra məmuru X3, X1, Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi (məsləhətçi-psixoloq) X10, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Füzuli rayonu, Yuxarı Əbdürrəhmanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Sədərək Ticarət Mərkəzində satıcı işləyən, Füzuli rayonu, Yuxarı Əbdürrəhmanlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, 28 may qəsəbəsi, R.Budaqov küçəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Borclu Şəxs barəsində Binəqədi rayon icra şöbəsinin icra məmuru X6 tərəfindən xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Binəqədi Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Binəqədi rayon icra şöbəsinin icra məmuru X6 protokolu müdafiə edərək bildirmişdir ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(001)-134/2025 saylı icra vərəqəsinə əsasən işə məhkəmədə baxılıb yekun qərar qəbul edilənə qədər Zərərçəkmiş şəxs 08 fevral 2019-cu il təvəllüdlü X5 ilə hər həftənin şənbə günləri saat 09:00-dan 20:00-dək ünsiyyətinə edilən maneələr Şəxs və başqa şəxslərə qadağan edilməlidir. İcra sənədi üzrə icraata başlanılmış, icraata başlama haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş borcluya rəsmi qaydada təqdim edilmişdir. Buna baxmayaraq, Şəxs uşağı anası ilə görüşdürməkdən qərəzli olaraq boyun qaçırmışdır. Odur ki, borclu icra sənədini lazımı qaydada icra etmədiyindən barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunmuş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. X2 bildirmişdir ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(001)- 134/2025 saylı icra vərəqəsinə əsasən işə məhkəmədə baxılıb yekun qərar qəbul edilənə qədər Zərərçəkmiş şəxs 08 fevral 2019-cu il təvəllüdlü X5 ilə hər həftənin şənbə günləri saat 09:00-dan 20:00-dək ünsiyyətinə edilən maneələr Şəxs və başqa şəxslərə qadağan edilməlidir. Lakin borclu icra sənədinin tələblərini yerinə yetirmir və Mədinənin azyaşlı olmasından sui-istifadə edərək onunla görüşlərin baş tutmasına qərəzli şəkildə maneə yaradır. Mədinənin cəmi 7 yaşı vardır və bu yaşda uşağın valideynlərindən biri ilə ünsiyyətdən imtina etməsi müstəqil və formalaşmış iradə kimi qiymətləndirilə bilməz. O hesab edir ki, uşağın onunla görüşmək istəməməsi atasının və nənəsinin təsiri altında formalaşmış mövqedir. Çünki, uşağa qarşı psixoloji təsir göstərilir və onun haqqında mənfi rəy yaradılır ki, bu da uşağın emosional vəziyyətinə və valideynlə münasibətlərinə təsir edir. Digər qızı Məryəm onun himayəsindədir, amma o, atasına qarşı aqressiv və ya mənfi münasibət göstərmir. Çünki o, Məryəmə psixoloji təsir göstərmir. Əvvəlki görüşlərin birində Mədinə öz istəyi ilə bacısı ilə birlikdə qalmaq istəmiş, bu səbəbdən də həmin gün Mədinəni atasına qaytarmamışdır. Sözügedən halın “qaçırma” kimi təqdim olunması əsassızdır, çünki o, uşağın doğma anasıdır və onun yanında qalması qeyri-qanuni hərəkət kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən borclu barəsində ciddi təsir tədbiri görülməsini məhkəmədən xahiş edir. Ona verilmiş suala cavab olaraq bildirmişdir ki, aralarında olan mülki mübahisə üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilmiş, uşaqların hər ikisi onun himayəsinə verilmişdir. Həmin qətnamədən qarşı tərəf apellyasiya şikayəti verdiyindən, iş hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında baxılmaqdadır. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, onun nə özü, nə də digər qohumları tərəfindən uşağa anası ilə görüşməməsi üçün hər hansı təsir və ya psixoloji təzyiq göstərilməmişdir. Uşağın anası ilə görüşmək istəməməsi tamamilə şəxsi münasibət və yaşanmış hadisə ilə bağlıdır. Çünki, əvvəlki görüşlərin birində ana uşağı razılaşdırılmış vaxtda geri qaytarmamış, qaçırmış, onu iki gün öz yanında saxlamışdır. Bu hadisədən sonra uşağın anasına qarşı inamsızlıq və narahatlıq hissi yaranmışdır. Mədinənin mövcud mövqeyi təbii reaksiyadan irəli gəlir, onun hər hansı yönləndirməsi və ya qərəzli təsiri yoxdur. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Müdafiəçi Vəkil borclu Şəxs mövqeyini müdafiə etdi. Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi (məsləhətçi-psixoloq) X10 iştirakı ilə fikri dinlənilmiş xx.xx.2019-cu il təvəllüdlü X5 bildirdi ki, Şəxs atası, Allahverdiyeva Aida anası, Allahverdiyeva Məryəm isə bacısıdır. O, hal-hazırda atası ilə yaşayır və özünü yaxşı hiss edir. Atasının yanında qalmaq istəyir. Anası ilə görüşmək istəmir. Bu qərarı onun özü vermişdir, atası da, nənəsi də ona heç nə deməyib, onu məcbur etməyiblər. Əvvəl bir dəfə anası ilə görüşündən sonra o, atasının yanına qayıtmaq istəsə də anası onu buraxmamış, iki gün yanında saxlamışdır. O vaxtdan bir az qorxur və ona görə anası ilə görüşmək istəmir. Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi (məsləhətçi-psixoloq) X14 bildirdi ki, azyaşlı Mədinənin hazırkı emosional vəziyyətində valideynlər arasında davam edən gərgin münasibətlərin təsiri hiss olunur. Uşaq anası ilə görüş məsələsinə reaksiya verərkən narahatlıq və gərginlik nümayiş etdirmiş, əvvəlki görüş zamanı yaşadığı hadisəni xatırlatmışdır. 7 yaşlı uşağın mövqeyi tam hüquqi şüurlu və müstəqil qərar kimi qiymətləndirilə bilməsə də, onun ifadə etdiyi qorxu və narahatlıq real emosional təcrübəyə əsaslana bilər. Eyni zamanda, valideynlər arasında davam edən konflikt mühitinin uşağın mövqe formalaşdırmasına təsir göstərməsi ehtimalı istisna edilmir və bu hal ayrıca, dərin psixoloji qiymətləndirmə tələb edir. Mədinənin məcburi qaydada görüşə cəlb edilməsi əlavə psixoloji gərginlik yarada bilər, buna görə də məsələnin həlli zamanı uşağın emosional təhlükəsizliyi və üstün mənafeyi əsas götürülməlidir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, icra məmurunun, tələbkarın nümayəndəsinin, müdafiəçinin və barəsində inzibati icraat aparılan şəxsin izahatlarını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(001)-134/2025 saylı icra vərəqəsinə əsasən işə məhkəmədə baxılıb yekun qərar qəbul edilənə qədər Zərərçəkmiş şəxs 08 fevral 2019-cu il təvəllüdlü X5 ilə hər həftənin şənbə günləri saat 09:00-dan 20:00dək ünsiyyətinə edilən maneələr Şəxs və başqa şəxslərə qadağan edilməlidir. İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(001)-134/2025 saylı icra vərəqəsi əsasında icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(001)-134/2025 saylı icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Vəkil oğluna 10 gün vaxt verilmişdir. xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli aktlardan görünür ki, Şəxs Mədinə birlikdə icra şöbəsinə gəlmiş, X2 isə gəlməmişdir. Binəqədi rayon İcra Şöbəsinin icra məmurları Bəxtiyar İsmayılov və Xəqani Əliyev, hal şahidləri Gülnar Mahmudova, Gültəkin Əsədova və X2 tərəfindən imzalanmış xx.xx.2026-cı il tarixli aktdan görünür ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(001)-134/2025 saylı icra sənədinin icrası ilə əlaqədar tərəflər xx.xx.2026-cı il tarixdə icra şöbəsinə dəvət edilmişlər. Tələbkar deyilən vaxtda qızı Məryəm ilə birlikdə icra şöbəsinə gəlmiş, lakin borclu qızı Mədinə ilə birlikdə gəlməmişdir. Borclu ilə rabitə əlaqəsi yaradılmış və borcludan icra şöbəsinə gəlməməsinin səbəbi soruşulmuşdur. Borclu bildirmişdir ki, qızı Mədinəyə icra şöbəsinə anası ilə görüşməyə gedəcəyini bildirəndə uşaq razı olmamışdır. Bundan sonra telefon vasitəsilə videogörüntü vasitəsilə tələbkar və qızı Məryəm Mədinə ilə danışdılar. Mədinə öz bacısı ilə danışarkən kövrəlmişdir. Mədinə anasına bildirmişdir ki, onuna görüşmək istəmədiyi üçün icra şöbəsinə gəlməmişdir. Tələbkara izah edildi ki, bu davranış icra sənədinin icrasından yayınma kimi qiymətləndirilir. Təkrarən belə hal yaşansa məsuliyyətə cəlb olunacaqdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. 14-cü maddəsinə əsasən hər bir uşağın vicdan, fikir və söz azadlığı vardır. Valideynlər, digər şəxslər və dövlət orqanları uşağın vicdan, fikir və söz azadlığına hörmətlə yanaşmalıdırlar. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tətbiqi üçün icra sənədinin mövcudluğu ilə yanaşı, həmin sənəddə göstərilən tələbin borclu tərəfindən üzrsüz və qəsdən icra edilməməsi sübuta yetirilməlidir. Yəni məsuliyyət yalnız o halda yarana bilər ki, borclunun icra etməmək niyyəti və real icra imkanının olmasına baxmayaraq tələbi yerinə yetirməməsi müəyyən edilsin. Hazırkı iş üzrə sübutlardan görünür ki, ata bir neçə dəfə uşağı icra şöbəsinə aparmış, görüşlərin təşkili istiqamətində formal öhdəliyini yerinə yetirməyə cəhd göstərmişdir. Bu hal onun icra sənədini qəsdən və sistemli şəkildə icra etməməsi barədə iddianı təsdiq etmir. Eyni zamanda iş materiallarından və uşağın izahatından görünür ki, azyaşlı anası ilə görüşmək istəmədiyini bildirmiş və bunu əvvəlki görüş zamanı yaşadığı hadisə ilə əlaqələndirmişdir. Uşağın cəmi 7 yaşının olması nəzərə alınmaqla, onun müstəqil iradə formalaşdırma qabiliyyəti məhdud olsa da, məhkəmə hesab edir ki, azyaşlının açıq şəkildə etiraz etdiyi halda onun məcburi qaydada görüşə cəlb edilməsi uşağın psixoloji durumuna mənfi təsir göstərə bilər və “uşağın üstün mənafeyi” prinsipinə uyğun olmaz. Məhkəmə həmçinin nəzərə alır ki, tərəflər arasında mövcud olan gərgin münasibətlər və qarşılıqlı ittihamlar uşağın emosional vəziyyətinə sirayət etmiş, nəticədə azyaşlıda müəyyən mövqe formalaşmışdır. Lakin bu halın borclunun qəsdən və məqsədli şəkildə icraya mane olması kimi qiymətləndirilməsi üçün yetərli hesab oluna bilməz. Məhkəmə əlavə olaraq qeyd edir ki, tərəflər arasında valideynlik hüquqlarının həyata keçirilməsi və uşağın kimin himayəsində qalması ilə bağlı mülki mübahisə hazırda apellyasiya icraatında məhkəmə baxışındadır. Həmin icraat çərçivəsində uşağa hər hansı təsirin göstərilib-göstərilməməsi, valideynlərin davranışının uşağın psixoloji vəziyyətinə təsiri, eləcə də uşağın üstün mənafeyinə uyğun olan yaşayış və ünsiyyət rejimi hərtərəfli araşdırılacaq və yekun hüquqi qiymət veriləcəkdir. Hazırkı mərhələdə tərəflər arasında hüquq münasibəti üzrə qəti və yekun qərar mövcud deyildir. İcra sənədində nəzərdə tutulmuş görüş qaydası isə mübahisənin mahiyyəti üzrə qəbul edilmiş yekun qərar deyil, müvəqqəti xarakter daşıyan təminat tədbiridir və uşağın valideynlərlə ünsiyyət hüququnun mübahisə dövründə qorunmasına yönəlmişdir. Bu səbəbdən, mübahisənin mahiyyəti üzrə hələ yekun nəticə müəyyən edilməmişkən və uşağa təsir göstərilməsi ilə bağlı iddialar ayrıca mülki icraat predmetini təşkil etdiyindən, həmin məsələlərə inzibati xəta işi çərçivəsində qəti hüquqi qiymət verilməsi mümkün deyildir. Bu hallar da inzibati məsuliyyətin tətbiqi üçün zəruri olan qəsd və üzrsüz icra etməmə elementlərinin mövcudluğunu istisna edən amillər kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, borclunun icra sənədini üzrsüz və qəsdən icra etməməsi faktı sübuta yetirilmədiyindən, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 65.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraatda müdafiəçi, zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək üçün isə nümayəndə iştirak edə bilər. 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına edilmiş 28 aprel 2025-ci il tarixli dəyişikliyə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(001)- 134/2025 saylı icra vərəqəsinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs göstərdiyi cəmi 5 (beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 22 (iyirmi iki) manat ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(5-93)-1292/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-1292/2026
26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver