Məhkəmə qərarları › İş №3(5-93)-1297/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-1297/2026

18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-1297/2026 18.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis şöbəsinin sahə rəisi, polis mayoru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Xaçmaz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 95 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis şöbəsinin sahə rəisi, polis mayoru X2 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis şöbəsinin sahə rəisi, polis mayoru X2 izahat verərək bildirmişdir ki, xx.xx.2026-ci il tarixdə Zərərçəkmiş şəxs işlədiyi Bakı şəhəri, Binəqədi rayonu, İ.Paşa Dadaşov 167 ünvanında yerləşən dərzi sexindən sonuncuya məxsus dəyəri 470 manat olan “Samsung A 35” markalı mobil telefon oğurlanmışdır. Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, İXM-nin 227-ci maddəsi ilə inzibati tədbirlərin görülməsi bölmənin aidiyyəti əməkdaşına həvalə edilmişdir. Müvafiq raport onun icraatına daxil olmuş və tərəfindən araşdırılma aparılaq hadisənin Şəxs tərəfindən törədilməsi müəyyən edilmişdir. Şəxs hadisə yerindən çıxdığını əks etdirən video-görüntü də iş materiallarına mövcuddur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, ona qarşı irəli sürülümüş ittihamla əsassızdır və o bu ittihamla qətiyyən razı deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə 7 dəfə barəsində cinayət işi qaldırılmış, lakin hamısına xitam verilmişdir. Hazırki iş üzrə zərərçəkmiş şəxsi ümumiyyətlə tanımır. Həmin ərazidən keçəndə öz köynəyi üçün zamok axtarırdı və həmin yerdə dərzi olan ünvana daxil olmuşdur. Köynəyini göstərib həmin köynəyə uyğun zamok olun-olmamasını soruşmuş, orda işləyən dərzi xanım uyğun zamokun olmamasını, lakin tapa biləcəyini demişdir. Bundan sonra o köynəyi verəcəyi halda zamokun tapılmasının mümkün olması soruşmuş, dərzi tapıb düzəldə biləcəyini demişdir. Həmin ərazidə 2 yaxud 3 kamera vardır. Həmin yerə getməyi-gəlməyi hamısı bəllidir. Həmin söbhətdən 2 gün sonra oraya gedərək köynəyini vermiş və çıxıb getmişdir. Ümumilikdə həmin dərzi olan obyektdə 3 dəfə olmuş, hamısında dərzinin sözünə görə gəlmişdir. Belə ki ilk dəfə xanım ona düzəldə biləcəyini demiş, iki dəfə gətir düzəldəcəm demiş, üçüncü dəfə isə köynəyini paketə qoyub gətirmişdir. O, sonuncu dəfə dükana gələndə başqa bir nəfər xanım da orada olmuşdur. Həmin vaxtı parça kəsdiyi üçün dərzinin başı qarışıq idi. Salam verdikdən sonra bildirmişdir ki, köynəyi qoyur, düzələndən sonra yaxınlaşıb götürəcəkdir. Hadisə 15-20 gün əvvəl olmuş, daha sonra o yaxınlaşıb köynəyi götürməmişdir. Çünki nömrəsini həmin zaman dərzi işləyən xanıma vermişdir, hesab etmişdir ki, hazır olanda zəng edib çağıracaqlar, buna görə də həmin müddətcə kynəy gedib götürməmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, Şəxs 26 yanvar 2026-cı il tarixdə onun dükanına gəlmişdir. Həmin vaxtı iş yoldaşı Şahid da yanında olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs dükana gəldikdən sonra hər tərəfə baxmış və kameranın olmamasından əmin olmuşdur. İş yoldaşı da həmin şəxsə köynəyi gətirməyi və uyğun zamok olacağı halda düzəldəcəyini demişdir. Daha sonra Şəxs dükanı tərk edib getmişdir. 27 yanvar 2026-cı il tarixdə saat təxminən 13:30-14:00 radələrində dükanda bir müştərisi üçün parça düzəldirdi və həmin vaxtı iş yoldaşı orda deyildi. O, zaman Şəxs içəri daxil olmuşdur, onların obyekti çox balacadır və içəri 3 nəfər olduqda demək olar içəridə tərpənmək olmur. Şəxs içəri daxil olanda onun arxa tərəfi Şəxs doğru olmuş, telefonu isə tikiş maşının üstündə idi. İçəridə olan digər müştəri onunla üzbəüz olduğundan Şəxs qapı tərəfdə dayanmış, telefon qapıdan təxmin 2 metr məsafədə olmuşdur. Hadisə zamanı Şəxs “sizin başınız qarışıqdı və mən indi gələcəm” deyərək köynək olan paketi ütü masasının üzərinə atıb çıxmışdır. O, Şəxs dediyinin əksinə sonuncunun nömrəsini götürməmiş, həmçinin sonuncunu əvvəlcədən tanımamışdır. Onun köynək olan paketi atmağından şübhələnmiş, həmçinin telefonun oğurlandığı zaman Şəxs başqa kimsə obyektə daxil olmamış, bir tək parça düzəltdiyi müştəri olmuşdur ki, həmin müştəri də onunla üzbəüz dayanmışdır. Şəxs getməyindən 2-3 dəqiqə sonra telefonun oğurlanmasını görmüş, dərhal da sonuncunun telefonunu oğurlamasını demiş, yanındakı müştərinin telefonu ilə öz nömrəsini yığmış, lakin, nömrəyə cavab verilməmiş, məşğul görünmüşdür. Həmin zaman onun yanında olan müştəri eyni zamanda 102 xidmətinə də zəng etmişdir. Verilmiş suala cavab olaraq isə bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə Şəxs dükana gəlməsindən təxminən 2-3 dəqiqə əvvəl telefonla danışmış, daha sonra kənara qoymuş, həmin zaman dükanda çoxdan olan müştərisi olmuş, lakin müştəri onla üzbəüz dayanmış, telefonun həçin müştəri tərəfindən götürülməsinin mükünsüz olduğunu, Şəxs başqa dükana heç kimin daxil oımadığını, telefonun da onun daxil olmasından sonra yoxa çıxdığını bildirmişdir. Məhkəmə iclasında Şahid izahatında bildirmişdir ki, Bədiyyə xanımla birlikdə işləyir, 26 yanvar 2026-cı il tarixdə axşam tərəfi, təxminən saat 19:00 radələrində sutkanın qaranlıq vaxtı iş vaxtlarının bitməsinə təxminən 1 saat qalmış Şəxs dükana daxil olmuşdur. Həmin zaman sonuncunun başında papaq var idi, içəri keçdikdən sonra köynək üçün zamok axtarmasını demiş, bir qədər əvvəl isə, yəni içəri daxil olanda dükanın hər tərəfinə baxmağa başlamışdır. O, həmin vaxtı Şəxs şübhələnmişdir. Sonuncu içəri tərəfdə zamoklara baxmağa başlayanda yenə hansı zamok lazım olduğunu soruşmuş, sonuncu bir köynəyi üçün zamok istədiyini demişdir. Bundan sonra köynəyə gətirməsini və uyğun zamok düzəldəcəklərini demişdir. Bundan sonra Şəxs çıxıb getmiş, növbəti gün isə bilmişdir ki, həmin şəxs Bədiyyə xanımın telefonunu oğurlanmışdır. Şəxs onların obyektində 26 yanvar 2026-cı il tarixdə axşam tərəfi, daha sonra isə həmin günün səhəri yəni, 27 yanvar 2026-cı il tarixdə olmaqla iki dəfə gəlmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2026-cı il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış materialda cinayət hadisəsi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2026-cı il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə, saat 22:00-da inzibati qaydada tutulmuşdur. xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə təqdim edilmiş video-görüntüyə baxış zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə, saat 14:11-də hadisənin baş verdiyi obyektdən çıxdığı görünür. Məhkəmə ilk növbədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü təqsirli bilməməsinə dair izahatına tənqidi yanaşaraq həmin izahatı özünümüdafiə xarakterli və məsuliyyətdən yayınmaq məqsədilə verilmiş izahat kimi qiymətləndirir. Məhkəmə izahatın təkcə formal məzmununu deyil, onun iş üzrə müəyyən edilmiş faktiki hallar, sübutların məcmusu və hadisələrin obyektiv gedişatı ilə uzlaşma dərəcəsini də qiymətləndirir. İş materiallarından mübahisəsiz şəkildə müəyyən edilir ki, Şəxs hadisədən əvvəl və hadisə günü ardıcıl olaraq eyni dərzi obyektinə gəlmiş, ilk gəlişi zamanı obyekt daxilində müşahidə aparmış, o cümlədən video-müşahidə vasitələrinin mövcudluğunu dəqiqləşdirmiş, növbəti gün isə əlində köynəklə həmin obyektə qayıtmışdır. Zərərçəkmiş və şahid şəxslərin bir-birini tamamlayan, daxili ziddiyyətlərdən uzaq izahatları bu ardıcıllığı təsdiq etməklə yanaşı, davranışın təsadüfi deyil, məqsədyönlü xarakter daşıdığını göstərir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin köynəyin zamokunun dəyişdirilməsi məqsədilə həmin obyektə müraciət etməsi barədə izahatını inandırıcı hesab etmir. Belə ki, onun faktiki yaşayış yeri Bakı şəhərinin Yasamal rayonudur, hadisə isə Binəqədi rayonunda törədilmişdir. Məhkəmənin ümumi həyat təcrübəsinə və məntiqi ehtimallara əsaslanan qənaətinə görə, sadə və texniki baxımdan mürəkkəb olmayan bir məişət işi – köynəyin zamokunun dəyişdirilməsi üçün şəxsin öz yaşayış ərazisindən kənarda yerləşən başqa bir rayona üz tutması ağlabatan və zəruri davranış modeli kimi qiymətləndirilə bilməz. Bundan əlavə, məhkəmə hesab edir ki, Yasamal rayonunda kifayət qədər dərzi obyektləri mövcuddur və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin gördürmək istədiyi iş xüsusi peşəkar bacarıq, nadir avadanlıq və ya spesifik ustalıq tələb etməyən, istənilən dərzi tərəfindən icra oluna bilən adi məişət xarakterli xidmətdir. Bu hal izahatın reallıqla uzlaşmadığını, seçilmiş obyektin təsadüfi deyil, əvvəlcədən müəyyən edilmiş olduğunu göstərir. Eyni zamanda, məhkəmə xüsusi olaraq nəzərə alır ki, Şəxs köynəyi düzəltmək üçün xx.xx.2026-cı il tarixdə dərziyə getdiyini iddia etsə də, inzibati qaydada tutulduğu xx.xx.2026-cı il tarixinədək həmin əşyanı götürmək üçün heç bir cəhd göstərməmiş, nə obyektə müraciət etmiş, nə də hər hansı əlaqə saxlamışdır. Bu davranış, adi məişət münasibətləri baxımından da izaholunmaz olmaqla, onun təqdim etdiyi izahatın səmimi olmadığını və onun əvvəldən düşünülmüş müdafiə mövqeyi olduğunu daha da gücləndirir. Bakının bir rayonundan digər rayonuna dərzidə adi bir iş gördürmək üçün gedən bir şəxsin 20 gün ərzində dərziyə verdiyi, “özü üçün vacib saydığı” əşya ilə maraqlanmamasının heç bir məntiqli açıqlaması mövcud deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent hüququna əsasən, milli məhkəmələr sübutları ayrı-ayrılıqda deyil, onların məcmusu və hadisələrin məntiqi ardıcıllığı fonunda qiymətləndirməli, həyat təcrübəsinə əsaslanan ağlabatan nəticələr çıxarmaq səlahiyyətinə malikdirlər. AİHM-in yanaşmasına görə, izahatın obyektiv sübutlarla təkzib edilməsi və məntiqi baxımdan inandırıcı olmaması hallarında məhkəmənin həmin izahatı qəbul etməməsi təqsirsizlik prezumpsiyasının pozulması kimi qiymətləndirilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs verdiyi izahat iş üzrə toplanmış sübutların məcmusu, davranış ardıcıllığı, hadisələrin məntiqi inkişafı və ümumi həyat təcrübəsi ilə uzlaşmır. Göstərilən hallar onun əvvəlcədən düşünülmüş niyyətlə hərəkət etdiyini, köynəyin zamokunun dəyişdirilməsi ilə bağlı arqumentin isə talama niyyətini gizlətməyə yönəlmiş formal və inandırıcı olmayan bəhanə olduğunu təsdiq edir. Odur ki, məhkəmə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin və şahidin izahatları, video-görüntü və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə Zərərçəkmiş şəxs işlədiyi Bakı şəhəri, Binəqədi rayonu, İ.Paşa Dadaşov 167 ünvanında yerləşən dərzi sexinə gedərək köynəyinin dəyişdirilməsi üçün zamok olubolmamasını soruşmaqla həmin obyektin içərisində kamera olub-olmamasını dəqiqləşdirmiş, daha sonra xx.xx.2026-ci il tarixdə həmin sexə gələrək Zərərçəkmiş şəxs diqqətinin parça düzəltməyə qarışmasından istifadə edərək sonuncunun tikiş maşının üzərində olan 470 manat dəyərindəki telefonunu talamış və köynəyi ora ataraq çıxıb getmişdir. Bu əməli ilə İXM-nin 227-ci maddəsidə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə Şəxs barəsində tətbiq ediləcək tənbeh tədbirinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, sonuncunun vurulmuş ziyandan ödəniş etməməsi ilə yanaşı o törətdiyi əməl barədə qeyri-səmimi ifadə verməklə məsuliyyətdən yayınmağa çalışır. Bu hal isə onun törətdiyi əməldən səmimi peşmançılıq keçirmədiyinin göstəricisi olmaqla barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır tənbeh tədbirinin tətbiqini zəruri edir. Tətbiq ediləcək tənbeh tədbirinin müddəti ilə bağlı qeyd edilməlidir ki, İXM-nin 227-ci maddəsinin sanksiyasında inzibati həbs tənbeh tədbirinin yalnız yuxarı həddi müəyyən edilmişdir, belə olan halda həmin Məcəllənin 31.4-cü maddəsinə uyğun olaraq tətbiq edilən inzibati tənbeh yuxarı həddinin dörddə birindən az ola bilməz. Başqa sözlə, hazırki iş üzrə tətbiq edilə biləcək inzibati həbsin aşağı həddi ən azı 23 gün ola bilər. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı və ağırlaşdıran halın olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddədə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək 25 (iyirmi beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli xx.xx.2026-cı il tarixdən, saat 22:00-dan hesablansın. Qərar dərhal icra edilsin və icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar