Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-1308/2026 27.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Kazımov Bəxtiyar Fərhad oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 27 yanvar 2026-cı il tarixli, EQ 33508611 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 27 yanvar 2026-cı il tarixli, EQ 33508611 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 şikayəti onunla əsaslandırılmışdır ki, 01AA013 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi adətən onun istifadəsində olsa da, yeni illə bağlı qeyri-iş günləri ilə əlaqədar olaraq qeyd edilən tarixdə işdə olmamış və işçisi olduğu şirkətin qeyd edilən avtomobilini idarə etməmişdir. Radar tərəfindən DYP sisteminə ötürülən məlumatlardan – fotoşəkildən də aydın olar ki, nəqliyyat vasitəsi tərəfindən idarə olunmamışdır. Nəqliyyat vasitəsinin mülkiyyətçisi, onun isə işəgötürəni olan "xxxx" MMC-yə adına qanunsuz cərimənin qeydiyyata alınması barədə etirazını bildirdikdən sonra şirkət tərəfindən xx.xx.2026-cı il tarixli müvafiq məktub aidiyyəti DYP orqanına göndərilmişdir, bu məktubla xətanı törədən şəxs barədə zəruri məlumatlar təqdim edilmişdir. Əvvəllər də oxşar hadisələr barədə DYPnə tərəflərindən edilmiş müraciətlər cavabsız qalmış və sonda qərardan şikayət müddəti keçdiyindən hüquqlarının müdafiəsini həyata keçirməkdə çətinliklə üzləşmişdirlər. Odur ki, dərhal məhkəməyə müraciət etmək üçün addım atmışdır. Açıq-aşkar görünür ki, tərəfindən hər hansı xəta törədilməmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinə uyğun izahat verərək, barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 27 yanvar 2026-cı il tarixli, EQ 33508611 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Baş X4 İdarəsinin nümayəndəsi olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan “Elektron sistemdə DYP tərəfindən təqdim edilən qərardan çıxarış”dan görünür ki, X2 xx.xx.2026-cı il tarixdə İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə 50 manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin Səbail Rayon X4nə ünvanlanmış 09 fevral 2026-cı il tarixli 6 nömrəli məktubdan görünür ki, MMC müvafiq Yol Polisi İdarəsinə müraciət edərək, müəssisənin mülkiyyətində olan 01AA013 DQN NV ilə xx.xx.2026 tarixdə törədilmiş xətanın yanlış olaraq EQ33508611, xx.xx.2026 qərarla Ağacanov Namiqin adına rəsmiləşdirildiyini, xətanın Yaqub Hüseynov tərəfindən törədildiyini bildirmiş, EQ33508611, xx.xx.2026 qərar üzrə NV-ni idarə edən şəxs olaraq onun məlumatlarının qeydə alınmasını və müvafiq bal və cərimənin onun adına keçirilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, şikayət qismən təmin ediməlidir. Qanunvericiliyin tələblərinə müvafiq olaraq qeyd edilməlidir ki, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla yanaşı qeyd edilməlidir ki, şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 122.7-ci maddəsinə əsasən, barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Məhkəmə hesab edir ki, 27 yanvar 2026-cı il tarixli, EQ 33508611 nömrəli inzibati xəta haqqında qərarın qəbul edilməsinə əsas olmuş inzibati xətanın törədildiyi zaman "xxxx" MMC-yə məxsus ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilin kim tərəfindən idarə edildiyi müəyyən edilmədiyindən, həmçinin qərarından şikayət verilmiş orqan buna dair məhkəməyə hər hansı sübut təqdim etmədiyindən, həmin qərar ləğv edilməli və həmin inzibati xətanın kim tərəfindən törədilməsi istiqamətində yenidən araşdırılma aparılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. X2 barəsində qəbul edilmiş 27 yanvar 2026-cı il tarixli, EQ 33508611 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və inzibati xətanı törətmiş şəxsin müəyyən edilməsi istiqamətində əlavə araşdırma aparılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(5-93)-1308/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-1308/2026
27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver