Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-1320/2026 04.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Balakən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, X2 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33609206 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. X3 məhkəməyə müraciət edərək, inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33609206 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatı:
2. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən orqana məlumat verilsə də, nümayəndə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
3. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 izahatında avtomobili saxladığı yerdə durma-dayanda qadağındır işarəsinin öz qüvvəsini itirdiyini, buna baxmayaraq barəsində cərimə tətbiq edildiyini bu səbəbdən də verilmiş şikayətin təmin edilərək barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
4. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33609206 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 Behbudov küçəsində “X6” markalı, ** UN *** dövlət qeydiyyat nişanlı avtomobili saxlayarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 (iyirmi) manat məbləğində cərimə edilmişdir.
5. İş materiallarına əlavə edilmiş “X6” markalı, ** UN *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə zamanı görüntülərini əks etdirən fotoşəkillərdən və video materialdan görünür ki, X3 “X6” markalı, ** UN *** dövlət qeydiyyat nişanlı avtomobili qadağan edir nişanından xeyli qabaqda həmin yolu ayıran digər yol ayrıcından sonra saxlamışdır. Məhkəmənin əsaslandırması və mövqeyi:
6. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti və iş materiallarını əhatəli şəkildə araşdıraraq hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33609206 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.
7. Belə ki, məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, X2 “X6” markalı, ** UN *** dövlət qeydiyyat nişanlı avtomobili saxladığı Rəşid Behbudov küçəsində yolun sol hissəsində işıqforun altında durmaq dayanmaq qadağandır işarəsi qoyulmuş, bundan sonra yolun həmin istiqamətindən digər yol birləşməsi həmin yola birləşmiş və həmin birləşən yolda isə düzünə və sola dönmək olar işarəsi qoyulmuşdur..
8. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-cü maddəsinə əsasən İXM-in 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə görə iyirmi manat məbləğində cərimə edilir.
9. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 4 saylı əlavəsində 3.27 və 3.28-ci bəndlər durmaq dayanmaq qadağandır işarəsini təsbit edir və həmin qanunun 64-cü maddəsinin 6-ci bəndinə əsasən 3.16, 3.20, 3.22, 3.24, 3.26— 3.30 nişanlarının qüvvəsi nişanın qoyulduğu yerdən ən yaxın yolayrıcına qədər, yaşayış məntəqələrində yolayrıcı olmadıqda isə yaşayış məntəqəsinin qurtaracağına qədərdir. Yola bitişik ərazilərdən yola çıxış yerlərində, çöl, meşə yolları və qarşısında müvafiq nişanlar qoyulmamış digər ikinci dərəcəli yollarla kəsişmə (qovuşma) yerlərində nişanlar qüvvəsini itirmir.
10. Belə olan halda aydın olur ki, X2 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-cü maddəsinin tərkib əlamətinin olması mümkün hesab edilməməlidir. Belə ki, X3 avtomobilini ikinci dərəcəli yol əsas yola bitişdiyi yerdən sonra əsas yolda saxlamış, həmin ikinci dərəcəli yolda isə yolu tənzimləmək üçün yol nişanı olmuşdur.
11. Qanunvericiliyin tələblərinə müvafiq olaraq qeyd edilməlidir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.
12. Bununla yanaşı qeyd edilməlidir ki, məhkəmə qərar qəbul etmiş orqanın səlahiyyətli nümayəndəsinin prosesdə iştirak etməsi üçün iki dəfə dəvət göndərsə də səlahiyyətli orqan prosesdə iştirak üçün nümayəndəsinin iştirakını təmin etməməmiş və bunun səbəblərini məhkəməyə izah etməmişdir. Məhkəmə bildirir ki, şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür ki inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.
13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
14. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.
15. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.
16. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.
17. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.
18. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir.
19. Beləliklə məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33609206 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.
20. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
X3 tərəfindən verilmiş şikayət təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33609206 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Aytəkin İbrahimova