Məhkəmə qərarları › İş №3(5-93)-133/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-133/2026

22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-133/2026 22.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X5 Novruz oğlunun katibliyi, Binəqədi rayon İcra şöbəsinin icra məmuru X1, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, taksi fəaliyyəti ilə məşğul olan, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Borclu Şəxs barəsində Binəqədi rayon icra şöbəsinin icra məmuru X4 tərəfindən xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Binəqədi Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Binəqədi rayon icra şöbəsinin icra məmuru X4 protokolu müdafiə edərək bildirmişdir ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-3458/2024 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 235 manat olmaqla cəmi 470 manat sabit pul məbləğində aliment eyni zamanda xx.xx.2023-cü il təvəllüdlü X3 3 yaşına çatanadək iddiaçı üçün 50 manat məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi üzrə icraata başlanılmış, icraata başlama haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş borcluya rəsmi qaydada təqdim edilmişdir. Borclunun hazırda 4970 manat məbləğində borcu vardır. İcra şöbəsində borclunun izahatı alınmış, borcu ödəməsi təklif edilmiş, maddi imkanı olmadığından borcu birdəfəlik ödəyə bilməyəcəyini, hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Elektron icra Sistemində borclunun adına daşınar və daşınmaz əmlak, əmək müqaviləsi, pensiya və digər ödənişlər aşkar edilməmişdir. Odur ki, borclu icra sənədini lazımı qaydada icra etmədiyindən barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunmuş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Tələbkarın məlumatına əsasən borclu işə məhkəmədə baxılan ərəfədə tələbkara 400 manat məbləğində ödəniş etmişdir. Məhkəmədə tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, məhkəmədə işə baxılan ərəfədə borclu aliment borcundan 400 manat ödəniş etmiş, qalan borcu isə qrafik əsasında hissəhissə ödəyəcəyinə söz vermişdir. Ona görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, o, taksi fəaliyyəti ilə məşğuldur. Maddi imkanı yaxşı olmadığından borcunu birdəfəlik ödəyə bilməsə də, hissə-hissə ödənişlər etmişdir. Məhkəmə prosesi gedişində borcundan 400 manat məbləğində ödəniş etmişdir. Cəmi 4570 manat borcu qalmışdır ki, onu da qısa müddət ərzində hissə-hissə ödəyəcəkdir. Ona görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, icra məmurunun və barəsində inzibati icraat aparılan şəxsin izahatlarını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 3458/2024 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 235 manat olmaqla cəmi 470 manat sabit pul məbləğində aliment eyni zamanda xx.xx.2023-cü il təvəllüdlü X3 3 yaşına çatanadək iddiaçı üçün 50 manat məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-3458/2024 saylı icra vərəqəsi əsasında icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-3458/2024 saylı icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. Binqədi rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli borclunun axtarışı haqqında qərarından görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Elektron İcra Sistemindən çıxarışdan görünür ki, Şəxs adına hər hansı daşınar və daşınmaz əmlak, əmək haqqı, pensiya və digər sosial ödəniş aşkar edilməmişdir. xx.xx.2026 və xx.xx.2026-cı il tarixli mədaxil qəbzlərindən görünür ki, Zərərçəkmiş şəxs bank kartına cəmi 400 manat məbləğində vəsait köçürülmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmənin qənaətinə görə Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə inzibati xətanın törətməsi tədqiq edilmiş sübutlarla təsdiq olunmamışdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə məsuliyyət yalnız icra sənədindəki tələbin icra məmurunun müəyyən etdiyi müddətdə üzrsüz səbəbdən yerinə yetirilmədiyi hallarda yaranır. Hazırki halda isə aliment ödəmək vəzifəsi olan şəxs icra sənədinin icrasından yayınmamış, qisməndə olsa ödənişlər etmiş, hətta məhkəmə baxışı ərəfəsində borcun bir hissəsi olan 400 manat məbləğində ödəniş etmiş, qalan məbləğin isə hissə-hissə ödənilməsi barədə öhdəlik götürmüş, bu razılaşma tələbkar tərəfindən təsdiq edilmişdir. Bu halda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın zəruri əlamətləri olan alimentin üzrsüz səbəbdən qəsdən və davamlı olaraq ödənilməməsi halı mövcud olmadığından, borclunun davranışında inzibati xəta tərkibi formalaşmır. Bu kontekstdə iş üzrə inzibati xətanın tərkib əlamətləri sübut olunmadığından, inzibati icraata xitam verilməsi qanuna uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-3458/2024 saylı vərəqəsinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar