Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-1344/2026 12.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X3 Novruz oğlunun katibliyi, Şikayət verən X2 iştirakı ilə, X2 Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X4 məhkəməyə şikayətlə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli EPQ ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin sahə müvəkkili X1 barəsində xüsusi qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayətini onunla əsaslandırmışdır ki, o, Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla razı deyil. Belə ki, xx.xx.2023-cü il tarixdə o, ümumiyyətlə Binəqədi rayonu ərazisində olmamışdır. Əgər həmin polis əməkdaşı onun məişət tullantısını kənar yerə atdığına dair hər hansı sübutu varsa məhkəməyə təqdim etməli idi. Protokol onun iştirakı olmadan tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin nümayəndəsi məhkəmədə iştirak etməmişdir. Məhkəmə işə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməklə, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 xx.xx.2023-cü il tarixdə saat 6-12, inzibati xətanın törədildiyi yer Respublika paytaxtı, küçə göstərilən yerdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə əsasən 50 manat məbləğində inzibati cərimə edilmişdir. xx.xx.2023-cü il tarixdə qüvvədə olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə əsasən məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında tərtib edilmiş protokol prosessual tələblərə uyğun şəkildə rəsmiləşdirilməmişdir və bu hal inzibati məsuliyyət məsələsinin obyektiv həllinə mane olur. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer və vaxt konkret və müəyyən şəkildə göstərilməmişdir, yalnız ümumi formada qeyd edilmişdir. Halbuki, inzibati xəta haqqında protokol inzibati icraatın əsas prosessual sənədi olmaqla, onda xətanın törədildiyi yer, vaxt və digər mühüm hallar dəqiq şəkildə əks etdirilməlidir. Bundan əlavə, protokolda şəxsin İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktının hansı sübutlarla təsdiq edildiyi göstərilməmiş, bu barədə hər hansı sənəd, izahat və ya digər sübutlara istinad edilməmişdir. Bu isə inzibati xəta hadisəsinin və şəxsin təqsirinin tam, hərtərəfli və obyektiv araşdırılması prinsipinin təmin olunmadığını göstərir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokolun tərtibi zamanı prosessual tələblərin pozulması inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini və əsaslılığını şübhə altına alır. Bu səbəbdən, inzibati xəta haqqında iş üzrə xx.xx.2023-cü il tarixli EPQ ******* nömrəli qərar ləğv edilməli, iş isə inzibati xəta hadisəsinin halları, o cümlədən xətanın törədildiyi yer, vaxt və onu təsdiq edən sübutlar düzgün və tam müəyyən edilməklə yenidən araşdırılması üçün inzibati orqana qaytarılmalıdır. Həmçinin qeyd olunmalıdır ki, məhkəmə inzibati xəta haqqında protokolun tərtibi zamanı prosessual tələblərin pozulması işin əlavə araşdırılması üçün inzibati orqana qaytarılmasını zəruri etsə də, həmin halların özlüyündə qərarı qəbul etmiş vəzifəli şəxsin hərəkətlərində qanun pozuntusunun mövcudluğunu və bu barədə xüsusi qərar qəbul edilməsini şərtləndirən əsaslar müəyyən etmir. Ona görə də məhkəmə şikayəti bu hissədə əsaslı hesab etməyərək təmin etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 134.1-ci və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə göndərilsin. Şikayət digər hissədə təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(5-93)-1344/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-1344/2026
12.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver