Məhkəmə qərarları › İş №3(5-93)-1347/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-1347/2026

10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-1347/2026 10.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Kazımov Bəxtiyar Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş inzibati orqanın nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Şəxs (MMC) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 539.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-nin 539.3-cü maddəsi ilə 11 fevral 2026-cı il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında protokol” tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş inzibati qurumun nümayəndəsi X6 protokolu müdafiə edərək bildirdi ki, vətəndaş X1 müraciəti əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə 05 yanvar 2026-cı il tarixli 3-17-5/2-458/2026 nömrəli sorğu məktubu göndərilərək, sorğuda qeyd olunan sənədlərin Müfəttişliyə təqdim edilməsi tələb olunmuşdur. Lakin, sorğu edilən sənədlər Müfəttişliyə natamam təqdim edilmişdir. Bu səbəbdən MMC barəsində hazırki inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsini xahiş edirlər. Məhkəmə iclasında verilən suallara cavab olaraq inzibati xəta haqqında protokolu tərtib etmiş inzibati qurumun nümayəndəsi X6 bildirmişdir ki, hazırda Müfəttişliyin 05 yanvar 2026-cı il tarixli 3-17-5/2-458/2026 nömrəli məktubunun Şəxs MMC-yə çatdırılmasını təsdiq edəcək poçt qəbzi yanında olmadığından təqdim edə bilmir, inzibati orqanın formalaşmış praktikasına əsasən sorğu məktubları poçt vasitəsi ilə göndərilməklə yanaşı ASİS sistemi vasitəsilə "xxxx" altsistemində hüquqi şəxslərə məxsus şəxsi kabinetlərə də yerləşdirilir, cari ilin əvvəllərində informasiya sistemlərinin yenilənməsi həyata keçirildiyindən bir neçə halda sorğu məktublarının göndərilməsinə baxmayaraq, sorğuların müvafiq şəxsi kabinetlərdə görünməməsi hallarına rast gəlinmişdir. Məhkəmə iclasında barəsində icraat aparılan MMC-nin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olan X5 Bakı şəhər İdarəsinin 05 yanvar 2026-cı il tarixli məktubu MMC-yə nə poçt vasitəsilə, nə də "xxxx" altsistemi vasitəsilə daxil olmamışdır. MMC-yə yalnız elekron sənəd dövriyyəti sistemi vasitəsilə göndərilmiş xx.xx.2026-cı il tarixdə saat 10:30-da baş tutacaq protokolun tərtib olunmasına dəvət barədə X7 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2026-cı il tarixli məktubu daxil olmuşdur ki, həmin məktubda da MMC-nin təqdim etməli olduğu sənədlərin siyahısı göstərilməmişdir. Onun bu sahədə təcrübəsi olduğundan və o, təxminən bu tipli işlərdə hansı sənədlərin tələb olunmasını bildiyindən, vətəndaş X2 aid olan sənədləri götürərək, xx.xx.2026-cı il tarixdə Baş İdarəyə yaxınlaşmışdır. Baş İdarədə ona sənədlərin natamam olması bildirilmiş və elə həmin gün barələrində hazırki protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokulu tərtib etmiş qurumun nümayəndəsi sözügedən məktubun elektron sənəd dövriyyəsi vasitəsilə MMC-nin ƏMAS-də olan şəxsi kabinetinə yerləşdirildiyini idddia edir ki, tərəflərindən kabinetlərinə baxış keçirilmiş və hər hansı bildiriş aşkar edilməmişdir. Bu səbəbdən MMC-nin elektron imzasını özü ilə gətirmişdir ki, məhkəmə lazım bilərsə iclasda MMC-nin ƏMAS-da olan şəxsi kabinetinə də baxış keçirilə bilər. Sonda barəsində icraat aparılan MMC-nin nümayəndəsi Nümayəndə izahatında göstərilənləri nəzərə alaraq, Şəxs MMC barəsində İXM-nin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2026-cı il tarixli MN ******* nömrəli protokoldan görünür ki, vətəndaş X1 müraciəti əsasında AR ƏM-nin 15.2-ci maddəsinə əsasən 3-17-5/2-458/2026 nömrəli, xx.xx.2026-cı il tarixli sorğu məktubu göndərilərək sənədlərin 7 iş günü ərzində təqdim edilməsi tələb olunsa da tələb olunan sənədlərdən ezamiyyəyə göndərilməsi barədə əmrin surəti, ezamiyyə xərclərinin hesablanması və digər sənədlər bu günədək təqdim edilməmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış 3-17-5/2-458/2026 nömrəli, xx.xx.2026-cı il tarixli məktubun məzmunundan görünür ki, qeyd olunmuş müvafiq sənədlərin 7 iş günü ərzində X7 Xidməti Bakı şəhər İdarəsinə təqdim edilməsi tələb olunmuşdur; Materiala əlavə olunmuş “Məktub” adlı sənəddən görünür ki, “sənədin tarixi” qrafasında xx.xx.2026, “icra tarixi” qrafasında xx.xx.2026, “məzmun” qrafasında müəssisəyə dəvət məktubu, “hüquqi şəxsin adı” qrafasında Şəxs MMC göstərilmiş, “qəbul edilən sənədin tarixi” və “qəbul edilən sənədin nömrəsi” qrafaları isə boşdur, məktubun 33- 17-5/2-458/2026 nömrəli, xx.xx.2026-cı il tarixli nömrəli olmasına dair isə hər hansı qeyd yoxdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsində nəzərdə tutulan əsasla, yəni MMC-nin əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Belə ki, İXM-nin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə –vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində İXM-nin 539.3-cü maddəsinə nəzərdə tutulan inzibati xəta tərkibinin olubolmamasını müəyyən etmək üçün ilk növbədə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə çatdırılıbçatdırılmaması müəyyən edilməlidir. İXM-nin 57.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. İXM-nin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. İXM-nin 57.3-cü maddəsinə uyğun olaraq sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. İXM-nin 57.5-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə sənəd bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan, bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan, bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan, sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə baxışında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X7 Xidmətinin Bakı şəhər idarəsinin 3-17-5/2-458/2026 nömrəli, xx.xx.2026-cı il tarixli məktubunun MMC-yə daxil olmadığını bildirmiş, inzibati xəta haqqıda iş üzrə icraat aparan orqan isə məhkəməyə müvafiq sorğu məktubunun çatdırılmasını təsdiq edə biləcək hər hansı sübutu təqdim etməmişdir. Eyni zamanda məhkəmə baxışında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin ƏMAS-dakı şəxsi kabinetinə tərəflərin iştirakı ilə baxış keçirilmiş və inzibati orqanın nümayəndəsinin iddia etdiyi kimi MMC-nin şəxsi kabinetində hazırki işlə bağlı hər hansı sorğu aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutan məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar digər zəruri sübutlarla təsdiq olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətindən daxil olmuş 11 fevral 2026-cı il tarixli, MN ******* nömrəli protokolu və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs MMC-nin əməlində İXM-nin 539.3-cü maddəsinin tərkib əlamətləri olması müəyyən edilmir. Belə ki, səlahiyyətli orqan tərəfindən Şəxs MMC-yə ünvanlanan sorğu məktubuna əsasən tələb olunan sənədlərin müəssisə tərəfindən natamam təqdim edildiyi əsası ilə protokol tərtib olunsa da, müvafiq sorğu məktubunun Şəxs MMC-yə çatdırılması sübut olunmur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin əməlində İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olması öz təsdiqini tapmadığından, inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53.1.2, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar