Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-1351/2026 12.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi ilə, X3 Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33699778 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33699778 nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X1 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, “xx.xx.2026-cı il tarixdə ona məlum olmuşdur ki, xx.xx.2026-cı il tarixli, EQ 33699778 nömrəli inzibati xəta haqqında protokol üzrə barəsində həmin tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd edilən qərarı xx.xx.2026-ci il tarixdə rəsmi şəkildə əldə etmişdir. Aşağıda göstərilən səbəblərdən Baş Polis İdarəsinin X8 İdarəsinin "İnzibati tənbeh vermə haqqında" EQ 33699778 nömrəli qərarı ləğv olunmalıdır. Qeyd edilən qərarda xx.xx.2026-cı il tarixində, saat 11:46-da X2 məxsus olmaqla etibarnamə əsasında idarə etdiyi "Changan Qiyuan A05" markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və durmasına görə AR İXM-nin 346.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi göstərilmişdir. Lakin bu qətiyyən doğru deyildir. Belə ki, hazırkı şikayətinə əlavə etdiyi fotodan göründüyü kimi o, xx.xx.2026-cı il tarixində etibarnamə əsasında idarə etdiyi "Changan Qiyuan A05" markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində dövlət tərəfindən ayrılmış ödənişli dayancaqda (parklanma yerində) saxlayan zaman daha öncədən həmin yerdə dayanmış avtomobilin parklanma yerini tərk etmək üçün hərəkətə başladığını görmüş və idarə etdiyi avtomobili həmin avtomobilin yanında saxlayaraq parklanma yerini tərk etməsini gözləmişdir. Lakin bu zaman sürücü qəfil və sürətli şəkildə maşınından düşərək avtomobilin yük yerindən özünə məxsus geyim əşyasını götürmüş və dərhal maşına oturaraq avromobili sürüb getmişdir. Bundan sonra o, öz avtomobilini həmin boş dayanacaqda saxlamış və "Azparking" proqramı vasitəsi ilə qeydiyyatını aparmışdır. "İnzibati tənbeh vermə haqqında" EQ 33699778 nömrəli qərardan göründüyü kimi ona yazılan protokolun vaxtı olaraq saat 11:46 göstərilmişdir. Hazırkı şikayətinə əlavə etdiyi "Azparking" proqramından etdiyi çıxarışdan göründüyü kimi o, cəmi 2 dəqiqə sonra, saat 11:48-də ilk öncə avtomobilini 20248 nömrəli parklanma məntəqəsində saxlamış və hətta artıq qeydiyyatdan keçirmişdir. Yəni inzibati xəta haqqında protokolda yazıldığı kimi idarə etdiyi nəqliyyat vasitəsi öz irǝdəsiylə yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə durmamış, o yalnız parklanma mətəqəsini tərk edən digər avtomobili 2 dəqiqə gözləmək məcburiyyətində qalmış və maneə aradan qalxan kimi dərhal avtomobilini park etmişdir. Bu səbəbdəndə Baş Polis İdarəsinin X8 İdarəsinin "İnzibati tənbeh vermə haqqında” EQ 33699778 nömrəli, qərarının barəsində də tərtib edilməsi tamamən əsassızdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmədən Baş Dövlət Yol Polis İdarəsinin “İnzibati tənbeh vermə haqqında” EQ 33699778 nömrəli qərarının ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul olunması xahiş olunmuşdur.” Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq şikayət vermiş şəxs X4 və Baş X8 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və iclasa gəlməməyinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə şikayət vermiş şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2026-cı il tarixli, EQ 33699778 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2026-cı il tarixində, saat 11:46-da “Həsən Əliyev küçəsi” ünvanında idarə etdiyi “Changan Qiyuan A05 Plug-in Hibrid minik” markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və barəsində 80 (səksən) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Şikayətçi tərəfindən elektron-kabinetdən çıxardılaraq şikayətə əlavə edilmiş fotoşəkillərdən “Changan Qiyuan A05 Plug-in Hibrid minik” markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yolun hərəkət hissəsinin kənarında ikinci cərgədədir, ondan bir qədər irəlidə birinci cərgədə dayanan nəqliyyat vasitəsinin qapısının açıq olması və qapının yanında bir nəfər şəxsin olması müəyyən edilir. "Azparking" proqramından olan çıxarışdan görünür ki, **-RZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 20248 nömrəli məntəqədə (Həsən Əliyev küçəsi) park edilmiş, parklanma 11:48:43-də başlamış və 13:19:44-də sonlandırılmışdır. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdırıb, belə nəticəyə gəlir ki, X4 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X4 barəsində qəbul edilmiş xx.xx.2026-ci il tarixli, EQ 33699778 nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün Baş X8 İdarəsinə göndərilməlidir. Belə ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, səlahiyyətli orqandan tərəfindən X3 İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qənaətinə gəlinmiş və sonuncu barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Lakin məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən X3 İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam olaraq müəyyən edilə bilməmiş, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan da bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən sübutlar məhkəməyə təqdim edilmədiyindən hazırkı işə mahiyyəti üzrə baxılaraq düzgün qərar qəbul edilməsi mümkün deyildir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına və şəxsin təqsirli bilinməsinə dair inzibati araşdırma materiallarının məhkəməyə təqdim edilməsi tələb edilməsinə baxmayaraq inzibati orqanın səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, inzibati araşdırma materiallarını məhkəməyə təqdim etməmişdir. xx.xx.2026-ci il tarixli, EQ 33699778 nömrəli inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən məhkəmə hesab edir ki, şikayət qismən əsaslıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclası xx.xx.2026-cı il tarixə təyin edilmiş, daha sonra xx.xx.2026-cı il tarixə təxirə salınmış hər iki məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada səlahiyyətli orqana məlumat verilmiş, o cümlədən inzibati xəta haqqında iş materiallarının məhkəməyə təqdim edilməsi barədə rəsmi bildiriş də göndərilmişdir. Lakin buna baxmayaraq, səlahiyyətli orqan qanunverici tərəfindən üzərinə qoyulmuş vəzifəni yerinə yetirməyərək, inzibati xəta hadisəsinin törədilməsinin sübuta yetirilməsi istiqamətində heç bir səy göstərməmişdir. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli orqan inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən düzgün qərar qəbul etməmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X3 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə əlavə olaraq qeyd edir ki, səlahiyyətli orqan tərəfindən şikayətçinin elektron kabinetinə əlavə edilmiş inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən sübutlar yalnız foto-şəkillərdən ibarətdir. Belə olduğu təqdirdə həmin fotonun çəkildiyi zaman avtomobilin hərəkətdə olmasının yaxud dayanmasının müəyyən edilməsi mümkün deyildir. Qeyd edilən xüsusat yalnız hadisənin video-görüntüsünün tədqiqi nəticəsində aşkar edilməsi mümkündür. Lakin səlahiyyətli orqan tərəfindən hazırki inzibati xəta haqqında iş üzrə video-görüntüləri məhkəməyə təqdim etməməklə yanaşı, tənbeh vermə haqqında qərar qəbul edilən zaman X3 elektron kabinetinə belə yerləşdirilməsini təmin etməmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə əsasən nəqliyyat vasitəsinin dayanması dedikdə adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsi başa düşülür. Nəqliyyat vasitəsinin durması dedikdə isə əgər nəqliyyat vasitəsi digər yol istifadəçisi və ya hər hansı maneə ilə toqquşmanın qarşısını almaq və ya hərəkət qaydalarının göstərişlərini yerinə yetirmək səbəblərindən başqa digər səbəblərə görə hərəkətsiz vəziyyətə gətirilmişdirsə və onun dayanması adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxtla məhdudlaşmırsa, nəqliyyat vasitəsi durmuş hesab edilir. Hazırki iş üzrə X4 idarə etdiyi “Changan Qiyuan A05 Plug-in Hibrid minik” markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayanmasına və ya durmasına görə təqsirləndirilir. Halbuki, sonuncu şikayət ərizəsinin məzmununda parklanma məntəqəsini tərk edən avtomobilə yol verməsini, daha sonra həmin parklanma yerinə daxil olmasını bildirmişdir. İnzibati xətanın xx.xx.2026-cı il tarixində, saat 11:46-da qeyd alınması, həmin vaxtdan cəmi 2 dəqiqə sonra şikayətçinin hadisənin qeydə alındığı küçədə parklanma etməsi X3 bildirdiklərinin həqiqətəuyğun olması qənaətinə gəlməyə əsas verir. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, hazırki material üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın təmin edilməsi üçün Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33699778 nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilərək yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalı, hadisə anının video-görüntüsü əldə edilərək baxış keçirilməli, şikayətçinin iştirakı təmin edilməklə onun göstərdiyi dəlillər ətraflı yoxlanılmalı və yalnız iş üzrə bütün əhəmiyyətli hallar araşdırılaraq həmin hallara düzgün hüquqi qiymət verildikdən sonra iş üzrə yekun nəticəyə gəlinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin qismən təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə – səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə, şikayət vermiş şəxs X3 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X3 barəsində Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33699778 nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli, yuxarıda göstərilənlər nəzərə alınmaqla iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin edilsin. Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33699778 nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin, iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və şikayətçinin iştirakı təmin edilərək işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün Baş X8 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(5-93)-1351/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-1351/2026
12.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver