Məhkəmə qərarları › İş №3(5-93)-1359/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-1359/2026

10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-1359/2026 10.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məkhəmə müəyyən etdi: Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərmişdir. 25 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən vətəndaş X1 müraciəti ilə əlaqədar Şəxs MMC-nin hüquqi və faktiki fəaliyyət ünvanlarına xx.xx.2025-ci il tarixli, 3-17-5/2-64713/2025 nömrəli məktub ünvanlanaraq Səxavət Tağıyevə aid olan sənədlərin tam, düzgün, vaxtında təqdim olunması xahiş olunmuş, xx.xx.2025-ci il tarixində müəssisə tərəfindən sənədlər natamam təqdim olunmuş və bu günədək qeyd olunan sənədlərin tam təqdim olunması təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X5 hüquqi şəxsin məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Ona hüquqi şəxs tərəfindən hansı sənədin təqdim edilməməsi barədə verilən suala isə heç bir cavab verə bilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməyinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, 3-17-5/2-64713/2025 nömrəli məktubdan görünür ki, tələb olunan sənədlərin siyahısında əmək müqaviləsinin surəti, kollektiv müqavilə, əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq sənədlər, son haqq-hesabın hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surəti, məzuniyyət hüququndan istifadə edilməsinə dair müvafiq sənədlər, məzuniyyət haqqının hesablanmasına və ödənilməsinə dair müvafiq sənədlərin surəti, əmək haqqının hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surəti, vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubu göstərilmişdir. xx.xx.2026-cı il tarixdə Şəxs direktoru tərəfindən elektron məhkəmə informasiya sisteminə yüklənmiş ərizədən görünür ki, həmin ərizədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən tələb olunan sənədlərin təqdim edildiyi göstərilmişdir. xx.xx.2025-ci il tarixli “Kral Transport» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə göndərilmiş məktubda qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixli, 3-17-5/2- 64713/2025 nömrəli məktuba baxılmışdır. Şirkətdə sürücü vəzifəsində işləyən X4 xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsi əsasında avtobus sürücüsü vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilmiş, ona qanunla müəyyən edilmiş qaydada son haqq hesab ödənilmişdir. Qoşma olaraq həmin məktubda “1. S.Ə.Tağıyevin əmək müqaviləsi; 2. S.Ə.Tağıyevin əmək müqaviləsinə xitam verilməsi bağlı ərizəsinin surəti; 3. S.Ə.Tağıyevin əmək müqaviləsinə xitam verilməsi bağlı əmrin surəti; 4. S.Ə.Tağıyevin əmək məzuniyyətinə çıxması ilə bağlı ərizəsinin surəti; 5. S.Ə.Tağıyevin əmək məzuniyyətinə çıxması ilə bağlı əmrinin surəti; 6. Əmək haqqı hesablama cədvəli və ödənilməsini təsdiq edən sənədlər.” qeyd olunmuşdur. S.Ə.Tağıyevin əmək müqaviləsinin surətindən görünür ki, işəgötürən Şəxs direktoru X7 ilə işçi X4 arasında əmək müqaviləsi bağlanmışdır. S.Ə.Tağıyevin əmək müqaviləsinə xitam verilməsi bağlı xx.xx.2024-cü il tarixli ərizəsinin surətindən görünür ki, X4 Şəxs MMC ilə xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən xitam verilməsini xahiş etmişdir. S.Ə.Tağıyevin əmək müqaviləsinə xitam verilməsi bağlı 67/24 nömrəli, xx.xx.2024cü il tarixli əmrin surətindən görünür ki, X1 əmək müqaviləsinə AR ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmiş və xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 21 məzuniyyət gününü son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə həvalə edilmişdir. S.Ə.Tağıyevin əmək məzuniyyətinə çıxması ilə bağlı xx.xx.2024-cü il tarixli ərizəsinin surətindən görünür ki, X4 ona xx.xx.2022-xx.xx.2023-cü iş ilinin hesabından xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixi daxil olmaqla 21 təqdim günü müddətinə əmək məzuniyyətinə çıxmağına icazə verilməsi ilə bağlı cəmiyyətin direktoru Eşqin Quliyevə müraciət etmişdir. S.Ə.Tağıyevin əmək məzuniyyətinə çıxması ilə bağlı əmrinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan iş ilinə görə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək 21 təqvim günü müddətinə X3 əmək məzuniyyəti verilmişdir. xx.xx.2024-cü il tarixdən onun işə başlamalı olması qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli hesablama cədvəlindən görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində X3 8064,46 manat pul ödənilmiş, 464,31 manat məzuniyyət hesablanmışdır. 2024-cü ilin yanvar ayından sentyabr ayınadək olan əmək haqqı hesablama cədvəlindən görünür ki, X3 5854,91 AZN hesablanmış, karta ödəniləcək məbləğin miqdarı 4599,10 AZN olmuşdur. 2023-cü ilin yanvar ayından dekabr ayınadək olan əmək haqqı hesablama cədvəlindən görünür ki, X3 7608,19 AZN hesablanmış, karta ödəniləcək məbləğin miqdarı 6525,40 AZN olmuşdur. 2022-ci ilin avqust ayından dekabr ayınadək olan əmək haqqı hesablama cədvəlindən görünür ki, X3 1346,25AZN hesablanmış, karta ödəniləcək məbləğin miqdarı 1239,40 AZN olmuşdur. 25 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 539.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə barəsində səlahiyyətli orqanın və inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır; 539.3-cü maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə -vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir; 539.1-1-ci maddəsinə görə əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə-vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs MMC barəsində xx.xx.2025-ci il tarixli, 3-17-5/2-64713/2025 nömrəli məktubla tələb edilən sənədləri natamam təqdim edilməsi əsası ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə araşdırması zamanı sözügedən məktub tədqiq edilərək hüquqi şəxsdən tələb edilən sənədlərin siyahısı (S.Ə.Tağıyevin əmək müqaviləsi; S.Ə.Tağıyevin əmək müqaviləsinə xitam verilməsi bağlı ərizəsinin surəti; S.Ə.Tağıyevin əmək müqaviləsinə xitam verilməsi bağlı əmrin surəti; S.Ə.Tağıyevin əmək məzuniyyətinə çıxması ilə bağlı ərizəsinin surəti; S.Ə.Tağıyevin əmək məzuniyyətinə çıxması ilə bağlı əmrinin surəti; Əmək haqqı hesablama cədvəli və ödənilməsini təsdiq edən sənədlər.) müəyyən edilmiş və hüquqi şəxsin həmin sənədləri iddia edilənin əksinə natamam deyil, tam formada səlahiyyətli orqana göndərməsi müəyyən edilmişdir. Belə ki, iş materiallarına sözügedən sənədlərin hər bir əlavə edilmiş və məhkəmə tərəfindən həmin sənədlər ətraflı şəkildə tədqiq edilmişdir. Hüquqi şəxsin əməlində inzibati xəta tərkibinin olmasının müəyyən edilməsi məqsədilə səlahiyyətli orqanın nümayəndəsindən hansı sənədin təqdim olunmadığını bildirməsi xahiş edilmiş, lakin məhkəmə iclasında iştirak edən inzibati orqanın nümayəndəsi hansı sənədin təqdim olunmadığını göstərə bilməmişdir. Halbuki, təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə deyil, protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsinin sübut edilməsi protokol tərtib etmiş orqanın üzərinə düşür. Şəxsin inzibati xətanın törədilməsində təqsirli bilinməsi yalnız sübutlar əsasında müəyyən edilə bilər. Lakin hazırki iş üzrə , Şəxs İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi mötəbər sübutlarla təsdiq olunmur. Bunun əksinə xx.xx.2025-ci il tarixli, 3-17-5/2-64713/2025 nömrəli məktubla tələb edilən sənədlərin Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə təqdim edilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Hazırki iş üzrə hüquqi tənbeh verilməsi üçün nəzərdə tutulmuş dörd ay müddət də keçmişdir. Beləliklə, məhkəmə hesab edir ki. Şəxs əməlində İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olmadığından hüquqi şəxs barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 18.5, 40, 43, 48-50, 53, 105, 114-115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: 25 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar