Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-137/2026 12.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X2 Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Baş Dövlət Yol Polisi İdarəsinin Xüsusi Tağım Baş yol patrul xidməti inspektoru, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi sahibkar, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Baş Dövlət Yol Polisi İdarəsinin Xüsusi Tağım Baş yol patrul xidməti inspektoru, polis kapitanı X3 tərəfindən xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Binəqədi Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Baş Dövlət Yol Polisi İdarəsinin Xüsusi Tağım Baş yol patrul xidməti inspektoru, polis kapitanı X3 protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə “Nıssan Qashqaı” minik markalı, 99TZ770 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi şübhə doğurduğu üçün sərxoşluq müayinəsindən keçirilməsi tələb edilmiş və müayinə nəticəsində sürücüdə THC (+) aşkar edilmişdir. Sürücü müayinə nəticəsi ilə razılaşmamış və HN Medical Mərkəzində yenidən analiz vermiş, həmin analizin nəticəsində də kannabioidlər pozitiv çıxmışdır. Göründüyü kimi, sürücü nəqliyyat vasitəsini narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Göstərilənlərə əsasən Şəxs barəsində ciddi tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, o, narkotik vasitə istifadəçisi deyil. Belə ki, o, qaraciyər xəstəliyindən əziyyət çəkdiyinə görə yalnız həkim resepti əsasında ona təyin olunmuş dərmanları qəbul edir. Həmin dərmanların tərkibindəki maddələrdən isə məlumatlı deyil. Analizin nəticələrində də həmin dərmanların təkibində olan maddələr aşkar edilmişdir. O, heç vaxt narkotik vasitədən istifadə etməmişdir. Göstərilənlərin nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olduğundan o, inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2026-cı il tarixli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs götürülmüş sidik nümunəsində THC (+) – marixuana aşkar edilmişdir. HN Medical Mərkəzi tərəfindən verilmiş tibbi sənəddən görünür ki, Şəxs götürülmüş analizin nəticəsində Kannabioidlər (THC) pozitiv çıxmışdır. xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə “Nıssan Qashqaı” minik markalı, 99TZ770 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 333-1.1-ci maddələri ilə təqsirlli bilinib barəsində 600 manat məbləğində inzibati cərimə edilmişdir. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş DYP İdarəsində verdiyi izahatında narkotik vasitələrin ona yad olduğunu, istifadə etmədiyini qeyd etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. 333-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla səkkiz yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə müəyyən edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında özünü narkotik istifadəçisi hesab etməməsi və qəbul etdiyi dərmanların tərkibindən xəbərsiz olduğunu bildirməsi onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1-ci maddəsinin dispozisiyası nəqliyyat vasitəsinin narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə olunmasını inzibati xəta kimi müəyyən edir və bu maddədə sürücünün narkotikdən qəsdən və ya bilmədən istifadə etməsi arasında fərq qoyulmur. Hüquqi əhəmiyyət kəsb edən hal nəqliyyat vasitəsinin faktiki olaraq narkotik maddələrin təsiri altında idarə edilməsidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlardan, o cümlədən xx.xx.2026-cı il tarixli tibbi müayinə protokolundan, HN Medical Mərkəzi tərəfindən verilmiş laborator analiz nəticəsindən aydın şəkildə görünür ki, Şəxs orqanizmində kannabinoidlər (THC) aşkar edilmişdir. Həmin nəticələr bir-birini təsdiq etməklə etibarlı sübut kimi qiymətləndirilir və sürücünün nəqliyyat vasitəsini narkotik vasitələrin təsiri altında idarə etdiyini təsdiqləyir. Bundan əlavə, xx.xx.2025-ci il tarixli inzibati tənbeh haqqında qərardan müəyyən olunur ki, Şəxs daha əvvəl də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333- 1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Həmin qərar qanuni qüvvəyə mindikdən sonra bir il müddət keçməmiş eyni xarakterli xətanın təkrar törədilməsi 333-1.2ci maddənin tətbiqini labüd edir. Məhkəmə hesab edir ki, sürücünün dərman preparatlarının tərkibi barədə məlumatlı olmaması barədə irəli sürdüyü arqument onun üzərinə düşən ehtiyatlı davranma və yol hərəkəti təhlükəsizliyinə riayət etmə vəzifəsini aradan qaldırmır. Sürücü nəqliyyat vasitəsini idarə edərkən qəbul etdiyi dərman vasitələrinin onun psixomotor vəziyyətinə təsir göstərə biləcəyini nəzərə almağa borcludur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi tam mövcuddur, onun təqsiri iş üzrə toplanmış mötəbər və kifayət qədər sübutlarla təsdiqlənmişdir. Onun əməli düzgün olaraq İXM-in 333-1.2-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən səxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333- 1.2-ci maddəsinin sanksiyası alternativ xarakter daşımaqla, işin hallarına və pozuntunu törədənin şəxsiyyətinə görə inzibati həbsin tətbiqinə imkan verir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə inzibati tənbehin məqsədlərinə – yəni yeni inzibati xətaların qarşısının alınmasına və şəxsin islahına nail olunması üçün kifayət etmir. Bu baxımdan, törədilmiş inzibati xətanın təkrar olması, ictimai təhlükəlilik dərəcəsi, əvvəl tətbiq edilmiş inzibati tənbehin səmərəsizliyi və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi zərurəti nəzərə alınaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati həbsin tətbiqi zəruri və əsaslı hesab olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2026-cı il tarixdən hesablansın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(5-93)-137/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-137/2026
12.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver