Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-1391/2026 10.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X2 Novruz oğlunun katibliyi ilə, xx.xx.1979-cu il tarixdə Rustavi şəhərində doğulmuş,Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 01:48-də “Kia Forte” minik markalı 77QR895 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Yol patrul xidməti inspektoru tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi şübhə doğurduğu üçün sərxoşluq müayinəsindən keçirilmiş və narkotik vasitələrin təsiri altında olduğu aşkar edilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon DYPŞ polis baş leytenantı X1 tərəfindən İXP seriyalı ******* saylı, xx.xx.2026-cı tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Şəxs və Binəqədi Rayon Polis İdarəsinə məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə inzibati xəta haqqında işə Şəxs və Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə tənbeh edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İXP seriyalı ******* saylı, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında Protokoldan görünür ki, Şəxs barəsində xx.xx.2026-ci il tarixdə saat 01:48-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında protokol tərtib edilmişdir. 1/327 saylı xx.xx.2026-cı il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs sərxoşluq vəziyyəti yoxlanılarkən məlum olmuşdur ki, o, marixuana və metamfetamindən istifadə nəticəsində sərxoş vəziyyətdədir. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların Siyahı”larına əsasən marixuana (kannabis) Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitə, metamfetamin dövriyyəsi qadağan edilmiş psixotrop maddədir. “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin 8-ci bəndinin tələbinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında nəqliyyat vasitəsini idarə etməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən Şəxs inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən etmir. Belə ki, İXM-in 33.3-cü maddəsinə əsasən inzibati xətanın tərkibinin əlaməti olan hallar məsuliyyəti ağırlaşdıran hal kimi ayrıca nəzərə alına bilməz. Bu səbəbdən sərxoş vəziyyət məsuliyyəti ağırlaşdıran hal kimi qiymətləndirilməsə də, törədilmiş xətanın təhlükəlilik dərəcəsini xarakterizə edən hal kimi nəzərə alınmalıdır. Bundan əlavə, iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuş, həmçinin İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə qeyd edir ki, həmin hallar İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar sırasına daxil olmasa da, İXM-in 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati xəta törətmiş şəxsin şəxsiyyətini xarakterizə edən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə nəzərə alır ki, Şəxs nəqliyyat vasitəsini narkotik vasitələrin təsiri altında idarə etmiş, bu isə yol hərəkəti təhlükəsizliyi üçün yüksək ictimai təhlükə yaradan haldır və digər yol hərəkəti iştirakçılarının həyat və sağlamlığı üçün real risk yaradır. Qeyd olunan xüsusatlar isə onu göstərir ki, Şəxs əvvəlki hüquqazidd davranışlarından lazımi nəticə çıxarmamış və hüquq qaydalarına münasibətdə lazımi məsuliyyət göstərməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, törədilmiş inzibati xətanın xarakteri, onun yol hərəkəti təhlükəsizliyi üçün yaratdığı yüksək təhlükə, eləcə də inzibati xəta törətmiş şəxsin şəxsiyyətini xarakterizə edən qeyd olunan hallar nəzərə alınmaqla cərimə növündə tənbehin tətbiqi inzibati tənbehin məqsədlərinə nail olunmasını təmin etməyəcəkdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququnun 6 ay müddətinə məhdudlaşdırılması şəklində inzibati tənbeh tətbiq edilməsi ədalətli və qanunauyğundur. Məhkəmə hesab edir ki, törədilmiş inzibati xətanın xarakteri, onun yol hərəkəti təhlükəsizliyi üçün yaratdığı yüksək risk, həmçinin inzibati tənbehin məqsədləri nəzərə alınmaqla cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə tam nail olmağa kifayət etməyəcəkdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququnun altı ay müddətinə məhdudlaşdırılması şəklində inzibati tənbeh tətbiq edilməsi ədalətli və qanunauyğundur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətlərinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsindən görünür ki, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxılması səlahiyyətli orqanın səlahiyyətinə, İXM-in 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Binəqədi rayon Polis İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Binəqədi rayon Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(5-93)-1391/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-1391/2026
10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver