Məhkəmə qərarları › İş №3(5-93)-1398/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-1398/2026

17.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-1398/2026 17.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X4 Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin nümayəndəsi X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs: "OĞUZ" X1 İctimai Birliyi, AZ1130, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq pr, ev 11/162, mənzil 49, VÖEN ********** Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.8-1-ci maddəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsi tərəfindən hüquqi şəxs "OĞUZ" X1 İctimai Birliyi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.8-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx.xx.2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, "OĞUZ" X1 İctimai Birliyi tərəfindən Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanununun 12.3-cü maddəsində nəzərdə tutulmuş hesabatı nəzarət orqanına təqdim edilməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin nümayəndəsi X3 protokolu müdafiə edərək bildirdi ki, məhkəmənin təxirəsalınma qərarına uyğun olaraq cari məsələ əlavə olaraq araşdırılmış, həm rəsmi elektron poçt ünvanına daxil olan məktublar, həm də “spam” qovluğu yoxlanılmış, lakin qeyd olunan hesabatın göndərilməsini təsdiq edən hər hansı elektron müraciət aşkar edilməmişdir. Həmçinin hesabatın təqdim edilməsi qanunvericiliklə müəyyən edilmiş birbaşa öhdəlikdir və bu öhdəliyin yerinə yetirilməsi faktı göndərən tərəf tərəfindən müvafiq sübutlarla təsdiq olunmalıdır. Hüquqi şəxs tərəfindən belə sübutların təqdim edilməməsi hesabatın təqdim olunmadığını göstərir. Ona görə də hüquqi şəxs barəsində ciddi təsir tədbirinin görülməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış "OĞUZ" X1 İctimai Birliyinin nümayəndəsinin iştirakını məhkəmədə təmin etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokola onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "OĞUZ" X1 İctimai Birliyi tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən cəmiyyət inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 12.3-cü maddəsinə əsasən terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə öz fəaliyyətinin tərkib hissəsi kimi vəsait alan, toplayan, verən və ya vəsait köçürən hər hansı dini qurum, qeyri-hökumət təşkilatı, o cümlədən xarici dövlətlərin qeyrihökumət təşkilatının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliyi risklərin minimallaşdırılmasına yönəldilmiş qayda və prosedurlara malik olmalı, əmlakının pul və ya digər şəkildə formalaşdırılma mənbələri, həmçinin onlardan istifadə üzrə təfsilatlı illik maliyyə hesabatı tərtib etməlidir. Maliyyə hesabatı hər il aprel ayının 1-dən gec olmayaraq nəzarət orqanına təqdim edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.8-1-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatları, o cümlədən xarici qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və nümayəndəlikləri tərəfindən əmlaklarının pul və ya digər şəkildə formalaşdırılma mənbələri, həmçinin onlardan istifadə üzrə təfsilatlı illik maliyyə hesabatının “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən edilən nəzarət orqanına təqdim edilməməsinə, yaxud vaxtında, tam və ya düzgün təqdim edilməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, xx.xx.2026-cı il tarixli məhkəmə iclasında hüquqi şəxsin nümayəndəsi bildirmişdir ki, inzibati xəta haqqında protokolla razı deyil və illik maliyyə hesabatının nəzarət orqanına elektron poçt vasitəsilə göndərildiyini iddia etmişdir. Bu səbəbdən, məhkəmə tərəfindən işin hərtərəfli və obyektiv araşdırılması məqsədilə məhkəmə iclası təxirə salınmış və müvafiq hesabatın həqiqətən elektron poçt vasitəsilə təqdim edilib-edilmədiyinin dəqiqləşdirilməsi üçün inzibati xəta haqqında protokol tərtib etmiş orqana yenidən yoxlama aparılması tapşırılmışdır. Lakin aparılmış yoxlama nəticəsində müəyyən edilmişdir ki, qeyd olunan hesabat nə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın rəsmi elektron poçt ünvanına daxil olmuş, nə də “spam” bölməsində qeydə alınmışdır. Bununla yanaşı, hüquqi şəxsin nümayəndəsi tərəfindən istinad edilən elektron göndəriş faktının təsdiqi üçün nə müvafiq elektron məktubun çıxarışı (printscreen və ya sistem təsdiqi), nə göndərilmə barədə texniki məlumatlar, nə də digər sübutlar təqdim edilməmiş, eyni zamanda hazırki məhkəmə iclasında iştirak etməməklə həmin iddianın əsaslandırılması istiqamətində hər hansı təşəbbüs göstərilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, hüquqi şəxsin nümayəndəsinin hesabatın təqdim edilməsi ilə bağlı izahatı sübutlarla təsdiq olunmadığından inandırıcı hesab edilə bilməz və iş üzrə məsuliyyətdən azadetmə üçün hüquqi əsas yaratmır. Bu səbəbdən, hüquqi şəxs tərəfindən qanunvericiliklə müəyyən edilmiş hesabatın təqdim edilməməsi faktı təsdiq olunur və bu hal Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.8- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Məhkəmə sözügedən Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxs "OĞUZ" X1 İctimai Birliyi barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alır. Məhkəmə hüquqi şəxs "OĞUZ" X1 İctimai Birliyinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs "OĞUZ" X1 İctimai Birliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.8-1-ci maddəsi ilə 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar