Məhkəmə qərarları › İş №3(5-93)-1424/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-1424/2026

18.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-1424/2026 18.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci MKR, İbrahimpaşa Dadaşov küçəsi, ev 74, mənzil 11-də qeydiyyatda olmaqla yaşayan X1 Azərbaycan Respublikası DİN Baş Polis Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32880763 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Şikayət verən X2 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş Polis Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32880763 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən orqana və qərardan şikayət verən şəxsə məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş:

3. Azərbaycan Respublikası DİN Baş Polis Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32880763 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə saat 09:04-da Bakı şəhəri Ş.Məmmədova küçəsində, “Volkswagen” markalı, ** MV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən “Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi” tələblərinin pozulması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 100 manat məbləğində cərimə edilmişdir.

4. Azərbaycan Respublikası DİN Baş Polis Dövlət Yol Polisi İdarəsi tərəfindən göndərilən xx.xx.2026-cı il tarixli, R-530 saylı məktuba əsasən müəyyən edilir ki, müvafiq araşdırılma aparılmış və X2 tərəfindən qeyd edilən inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Məhkəmənin əsaslandırması və mövqeyi:

5. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, X1 Azərbaycan Respublikası DİN Baş Polis Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32880763 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət qismən təmin edilməlidir.

6. Belə ki, şikayətçi öz ərizəsində qadağanedici işıqdan keçmədiyini bilirmiş, eyni şikayətini Azərbaycan Respublikası DİN Baş Polis Dövlət Yol Polisi İdarəsinə də verdiyini, lakin heç bir araşdırılma aparılmadan, araşdırmada iştirak üçün dəvət edilmədən sadəcə qərarın qüvvədə saxlanıldığını, ona isə cavab məktubu yazılmaqla məlumat verildiyini bildirmişdir. Məhkəmə həmin ziddiyyətli məqamların aydınlaşdırılması məqsədi ilə bağlı məhkəmə tərəfindən Azərbaycan Respublikası DİN Baş Polis Dövlət Yol Polisi İdarəsinə xx.xx.2025-ci il tarixdə saat 09:04-da Bakı şəhəri Ş.Məmmədova küçəsində X1 idarə etdiyi nəqliyyat vasitəsi ilə qayda pozmasının görüntülərini əks etdirən görüntülərin təqdim edilməsi tələb edilmişdir. Lakin məhkəmə iclası həmin görüntülərin əldə edilməsi məqsədilə iki dəfə (xx.xx.2026 və xx.xx.2026) təxirə salınsa da səlahiyyətli orqan tərəfindən həmin görüntülər məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, iş üzrə bir sıra ziddiyyətli hallar müəyyən edilsə də sözügedən görüntülər olmadan məhkəmədə həmin ziddiyyətli halların araşdırılması və X1 əməlinə obyektiv hüququ qiymət verilməsi mümkün deyildir.

7. Göstərilən hallar özlüyündə, iş üzrə bir sıra ziddiyyətli məqamların mövcudluğuna dəlalət edir ki, həmin ziddiyyətli halların tam və hərtərəfli şəkildə araşdırılaraq aydınlaşdırılması isə məhkəmə iclasında baxılarkən mümkün deyildir.

8. Beləliklə, məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən inzibati xətanı əks etdirən video görüntüyə X1 iştirakı ilə birgə baxış keçirilməli, inzibati xəta hadisəsi baş verən ərazi videomüşahidə nəzarəti altındadırsa, hadisənin gürüntülərini elektron daşıyıcıda inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilməlidir.

9. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

10. Təsvir olunanlar belə bir haqlı nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X2 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur.

11. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.

12. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.

13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri.

14. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi üçün əsasdır.

15. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci və 134.1.4cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir.

16. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası DİN Baş Polis Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32880763 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət qismən təmin edilməli, həmin qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir.

17. Qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

X2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. xx.xx.2025-ci il tarixli, EQ 32880763 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Azərbaycan Respublikası DİN Baş Polis Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar