Məhkəmə qərarları › İş №3(5-93)-1431/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-1431/2026

25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-1431/2026 25.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PŞ-nin sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Hüseyin oğlunun iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Türkiyə Respublikasında doğulmuş, Türkiyə Respublikasının vətəndaşı, subay, ali təhsilli, Türkiyə Respublikasında qeydiyyatda olmaqla, Bakı şəhəri “Riva” oteldə yaşayan, Şəxs Hüseyin oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Şöbəsi tərəfindən tərtib edilmiş Şəxs Hüseyin oğlunun İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material daxil olmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PŞ-nin sahə rəisi, polis mayoru X2 izahat verərək bildirmişdir ki, Şəxs Hüseyin oğlu barəsində Binəqədi RPİ-nin 6cı PŞ-nin icraatında təhqiqat materialı vardır. 24 fevral 2026-cı il tarixdə saat 16 radələrində “Şamaxinka” adlanan ərazidə sözügedən təhqiqat materialı ilə əlaqədar əməliyyat tapşırığının icrasını təmin etmək məqsədilə əməliyyatçılar Şəxs Hüseyin oğluna yaxınlaşmışlar. Bu zaman Şəxs polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq, kobud ifadələr işlədərək qaçmağa başlamışdır. Əməliyyatçılar həmin şəxsin arxasınca qaçan zaman o, arxaya baxmış və ayağı ilişərək yerə yıxılmışdır. Polis əməkdaşları onu sakitləşdirməyə çalışsalar da, o yenə də kobud ifadələr işlətmiş və müxtəlif üsullarla qaçmağa çalışmışdır. O yüksək səslə kobud ifadələr işlədərək, ictimai asayişi pozmuş və bununla da digər şəxslərin diqqətini özünə cəlb etməyə çalışmışdır. O, şöbəyə təmin olunmuş və bundan sonra onun barəsində Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PŞ-də inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq, Şəxs Hüseyin oğlunun inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Hüseyin oğlu izahat verərək bildirmişdir ki, köhnə sevgilisinin bacısı Anel ilə görüşmüş, bu vaxt onların arxasıyca maşın gəldiyini müşahidə etmişdir. Maşındakı şəxs mülki geyimdə olmuş və o, həmin şəxsin sevgilisinin əri olduğunu düşünərək qaçmağa başlamışdır. Qaçarkən ayağı ilişərək yıxılmış və yerdə olan zamanda polis əməkdaşları onu təpikləmiş, təhqir etmiş və söymüşdür. Polis əməkdaşlarına tabesizlik göstərmədiyini və xuliqanlıq hərəkətlərinə yol vermədiyini nəzərə alaraq, barəsində başlanan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2026-cı il tarixli, AZA 028925 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Hüseyin oğlu həmin gün, saat 15:40-da inzibati qaydada tutulmuşdur. xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Hüseyin oğlu xx.xx.2026-cı il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Bulaq” restoranının yaxınlığında ictimai yerdə nalayiq ifadələr işlədərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Nəticədə Şəxs Hüseyin oğlu tərəfindən İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Hüseyin oğlunun əməlində İXM-in 510 və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Lakin, nə iş materiallarında, nə də məhkəmə iclasında Şəxs Hüseyin oğlunun əməlində İXM-in 510 və 535-ci maddələrində nəzərdə tutulan inzibati xətanın olması müəyyən edilməmişdir. Belə ki, inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş raportda Binəqədi RPİ-nin 6-cı PŞ-nin əməliyyat müvəkkillərii Binəqədi RPİ-nin 6-cı PŞ-nin rəisinə ünvanlanmış raportda Şəxs Hüseyin oğlunun polisə qarşı nalayiq ifadələr işlətməsini, ictimai asayişi pozaraq digər şəxslərin diqqətini özünə cəlb etdiyini göstərsə də, göstərilən hal məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə, təqsirkar şəxsin əməli İXM-in 510-cu maddəsinə müvafiq olaraq, xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə təqsirkarın özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarının «tapdalanması», bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlərin edilməsi başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs Hüseyin oğlu tərəfindən xırda xuliqanlıq hərəkətlərinə yol verilməsi ilə bağlı heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Bu səbəbdən, Şəxs Hüseyin oğlunun əməlində İXM-in 510 və 535-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda məhkəmə, Şəxs Hüseyin oğlunun əməlində xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair İXM-nin 510 və 535.1-ci maddələrinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, eyni zamanda o, məhkəmə iclas zalından azad edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PŞ tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs Hüseyin oğlunun əməlində İXM-in 510 və 535.1-ci maddələrinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Hüseyin oğlu məhkəmə iclas zalından azad olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar