Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-1432/2026 25.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X3 Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon DYPŞ Yol patrul xidmətinin inspektoru, polis serjantı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Qax rayonu, Zəyəm kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Qax rayonu, Zəyəm Ərazi Dairəsi, Zəyəm kəndində ünvanında qeydiyyatda olmaqla ünvan 2ayış evində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2026-cı il tarixdə saat 01:39-da “Mercedes E240” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobili Binəqədi rayonu ərazisində idarə etdiyi zaman yol hərəkəti qaydalarını pozduğuna görə Binəqədi rayon DYPŞ Yol patrul xidmətinin inspektoru, polis serjantı X2 tərəfindən saxlanılmış, avtomobili sərxoş vəziyyətdə idarə etməsi şübhə doğurduğu üçün sərxoşluq müayinəsindən keçirilmiş və sərxoşluq vəziyyətində olduğu müəyyən edilmişdir. Əlavə yoxlama zamanı məlum olmuşdur ki, həmin inzibati xəta inzibati tənbeh almış Şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon DYPŞ Yol patrul xidmətinin inspektoru, polis serjantı X2 tərəfindən İXP ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon DYPŞ Yol patrul xidmətinin inspektoru, polis serjantı X2 protokolu müdafiə edərək, Şəxs tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2, 327.3 və 329.3-cü maddələri ilə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, həqiqətən də xx.xx.2026-cı il tarixdə saat 01:39-da “Mercedes E240” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobili içkili vəziyyətdə idarə etmiş və yol hərəkəti qaydalarını kobud şəkildə pozmuşdur. Yol verdiyi pozuntulara görə Binəqədi rayonu ərazisində yol patrul xidməti inspektoru tərəfindən saxlanılmışdır. Yoxlama zamanı avtomobili sərxoş vəziyyətdə idarə etməsi şübhə doğurduğu üçün sərxoşluq müayinəsindən keçirilmiş və sərxoşluq vəziyyətində olduğu müəyyən edilmişdir. O, oxşar inzibati xətaya görə inzibati tənbeh edilsə də, bir il ərzində yenidən sərxoş vəziyyətdə avtomobil idarə etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə tənbeh edilməlidir. Belə ki, İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2026-cı il tarixli sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə edilməsi haqqında alkotesterin nəticəsindən (protokollaşdırmadan) görünür ki, sürücü Şəxs həmin tarixdə saat 01:54-də sərxoşluq yoxlamasından keçirilmiş, qəbul etdiyi alkoqolun miqdarı (alkoqolun konsentrasiyası) 0.353 promil olmuşdur. İXP seriyalı ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında Protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2, 327.3 və 329.3-cü maddələri ilə protokol tərtib edilmişdir. İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə 400 manat cərimə edilmişdir. “Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin 8-ci bəndinin tələbinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında nəqliyyat vasitəsini idarə etməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 333.2-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi iş materiallarına əlavə edilmiş alkotesterin nəticəsindən, habelə özünün etirafedici izahatı ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 333.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən Şəxs inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Belə ki, məhkəmə hesab edir ki, Şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində inzibati xətanın əlaməti kimi xətanın sərxoşluq vəziyyətində törədilməsi nəzərdə tutulduğundan tənbeh təyin edilərkən bu hal İnzibati Xətalar Məcəlləsinin 33.3-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınmamalıdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2ci maddəsinin sanksiyası alternativ xarakter daşımaqla, işin hallarına və pozuntunu törədənin şəxsiyyətinə görə inzibati həbsin tətbiqinə imkan verir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə inzibati tənbehin məqsədlərinə – yəni yeni inzibati xətaların qarşısının alınmasına və şəxsin islahına nail olunması üçün kifayət etmir. Bu baxımdan, Şəxs törətdiyi xətanın ictimai təhlükəlilik dərəcəsi, əvvəl tətbiq edilmiş inzibati tənbehin səmərəsizliyi və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi zərurəti nəzərə alınaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati həbsin tətbiqi zəruri və əsaslı hesab olunur. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətlərinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsindən görünür ki, İnzibati Xətalar Məcəlləsinin 327.3 və 329.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxılması səlahiyyətli orqanın səlahiyyətinə, İXM-in 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3 və 329.3-cü maddələri ilə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Binəqədi rayon Polis İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 5 (beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2026-cı il tarixdən hesablansın. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3 və 329.3-cü maddələri ilə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Binəqədi rayon Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(5-93)-1432/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-1432/2026
25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver