Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-1480/2026 26.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X1, zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Ucar rayonu, Lək kəndində doğulmuş,Azərbaycan Respubikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ucar rayomu, Lək kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanıda yerləşən fərdi evdə yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş 26 fevral 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X2 izahat verərək bildirmişdir ki, Şəki Kommesiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(117)-1297/2024 saylı icra vərəqəsinə əsasən Şəxs ümumilikdə 10570,37 (on min beş yüz yetmiş manat, otuz yeddi qəpik) manat pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Həmin icra vərəqəsi xx.xx.2024-cü il tarixdə Ucar Rayon İcra və probasiya şöbəsinə daxil olmuş, həmin şöbədə tələbin könüllü icrası haqqında borcluya məlumat verilmiş, lakin sonuncu icra vərəqəsində göstərilən borc məbləğini ödəməmişdir. İcra məmurunun qanuni tələbinə əməl etmədiyinə görə Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol Ucar Rayon Məhkəməsində baxılmış və həmin məhkəmənin xx.xx.2025-ci il tarixli, 3(063)-96/2025 saylı qərarı ilə Şəxs İXM-in 528.1-ci maddəsiylə təqsirli bilinərək 08 (səkkiz gün) müddətində inzibati həbs edilmişdir. Daha sonra Şəxs müvafiq olaraq xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlərdə 100 manat olmaqla ümumilikdə 600 manat ödəniş etmiş, geri qalan aylar ərzində isə ödəniş həyata keçirməmişdir. Binəqədi qəsəbə nümayəndəliyindən Şəxs verilmiş arayışda sonuncunun ünvan 1-də yaşadığı qeyd edilmişdir. Buna görə də, icra sənədi aidiyyəti üzrə Binəqədi rayon İcra Şöbəsinə göndərilmiş və xx.xx.2025-ci il tarixdə icraata qəbul edilmişdir. Hazırda Şəxs icra sənədi üzrə ödənilməmiş borcu Şəxs qalıq borcu 9970,37 manat təşkil edir. Tələbkar tərəfindən borcluya şərait yaradılmış, aylıq 200-300 manat olmaqla ödənişlər etməsi təklif edilmiş, buna baxmayaraq borclu heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o fərdi sahibkar kimi fəaliyyət göstərdiyindən olmaqla "xxxx" MMC-də işlər görməyi barədə sifariş götürmüş və ona ödəniş edilmişdir. Ödəniş edildikdən sonra materiallar almış, lakin sifarişçi tərəfindən sonra sifariş ləğv olunmuş və ondan ödənişin geri qaytarılması tələb edilmişdir. Ödənişi geri qaytarmadığına iddia ərizəsi ilə hüquqi şəxs Şəki Kommersiya Məhkəməsinə müraciət etmiş və 10570,37 (on min beş yüz yetmiş manat, otuz yeddi qəpik) manat pul vəsaitinin ondan tutulması qət edilmişdir. Atası onkoloji xəstə olmuş və bu xəstəlikdən dünyasını dəyişmiş, atasının vəfatına görə məhkəmədə iştirak edə bilməmişdir. Buna baxmayaraq, o borcunu hissə-hissə ödəməyə çalışır. İşlədiyi dövrdə aylıq 500-700 manat aralığında maaş almış, işlədiyi müddət ərzində hər ay 100 manat ödəniş etmiş, daha sonra maşın xarab olduğundan işdən çıxmışdır. Onunla hüquqi şəxsin nümayəndəsi arasında danışıq olmuş, 100 manat ödəniş edəcəyini bildirmiş, nümayəndə ona problem olmadığını, lakin mümkün qədər ödənişin məbləğini qaldırmağı ona bildirmişdir. Ötən ilin sentyabr ayında şirkətdə idarə etdiyi avtomobil xarab olduğuna görə işdən çıxarılmasına görə və yanvar-fevral aylarında atasının ili çıxdığına görə icra sənədi üzrə borc ödəyə bilməmişdir. Hazırda yeni işə düzəlmişdir, maaşı təqribi 700-800 manat aralığındadır. Əgər həbs olunarsa, iş yerini də itirəcəkdir. Hər ay minimum 300 manat ödəniş etməyə hazırdır, həmçinin himayəsində 2 uşağı vardır, həmin uşaqların da ödənişini təmin etməlidir. Həyat yoldaşını da işə düzəltmişdir, maddi cəhətdən bir qədər həyat yoldaşı da ona kömək edəcəkdir. Odur ki, deyilənlərin nəzərə alınmasını və barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, Şəki Kommesiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(117)- 1297/2024 saylı icra vərəqəsi üzrə Şəxs tərəfindən qeyri-mütəmadi və cüzi miqdarda ödənişlərin olunması borclunun məhkəmə qərarının icrasından yayındığının göstəricisidir. Ucar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(063)-96/2025 saylı qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün inzibati həbs tənbeh tədbiri tətbiq edilmiş, buna baxmayaraq borclu məhkəmə qərarı hələ də icra olunmamışdır. Həmin məhkəmə qərarından sonra 1 il müddətiinə Şəxs borcunu ödəməsini gözləmişlər, lakin heç bir nəticəsi olmamışdır. Dəfələrlə borclu ödəniş edəcəyini bildirsə də, heç bir ödəniş etməmişdir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyasının yuxarı həddində inzibati həbs edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(117)-1297/2024 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 10038.9 (on min otuz səkkiz manat, 90 qəpik) manat əsas borc, 400 (dörd yüz manat) manat dəbbə pulu və 131.47 (yüz otuz bir manat, 47 qəpik) manat dövlət rüsumu olmaqla ümumilikdə 10570,37 (on min beş yüz yetmiş manat, 37 qəpik) manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(117)-1297/2024 saylı icra vərəqəsinə əsasən icraata başlanmışdır. Ucar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(063)-96/2025 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. xx.xx.2025-ci il tarixli “İcra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(117)- 1297/2024 saylı icra vərəqəsi Binəqədi Rayon İcra Şöbəsinə göndərilmişdir. 26 fevral 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2026-cı il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli qəbzlərdən görünür ki, Şəxs həmin tarixlərdə müvafiq olaraq 100 AZN olmaqla ümumilikdə 600 manat ödəniş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-1-ci maddəsi ilə olan inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(117)- 1297/2024 saylı icra vərəqəsinə əsasən Şəxs ümumilikdə 10570,37 (on min beş yüz yetmiş manat, 37 qəpik) manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Həmin icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlanılmasına baxmayaraq, keçən müddət ərzində borclu tərəfindən cəmi 600 manat ödəniş edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs xx.xx.2024-cü il tarixdən etibarən icra sənədi üzrə mütəmadi olaraq ödənişlər həyata keçirməməsi, hətta aylıq icra sənədi üzrə 200-300 manat ödənişin olunmasına belə tələbkar razı olduğu halda, həmin məbləği belə ödəməməsi sonuncunun icra sənədindəki tələbi qəsdən icra etmədiyini təsdiq edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, tələbkar hüquqi şəxsin nümayəndəsinin izahatları ilə sübuta yetirilmişdir ki, Şəxs Elşən oğlu icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs borc məbləğinin icra sənədində göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Odur ki, Şəxs Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(117)- 1297/2024 saylı icra vərəqəsindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etmədiyinə görə Ucar Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 3(063)-96/2025 saylı qərarı ilə 8 gün müddətinə inzibati həbs edilməsinə baxmayaraq, inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində sözügedən icra sənədinə münasibətdə İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təkrar törətmişdir. İXM-nin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Beləliklə, Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, özünün və zərərçəkmiş şəxsin nümayəndəsinin məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə inzibati xətanın xarakterini, icra sənədi üzrə olan borcunu ödəməkdən qərəzli olaraq yayındığını, pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli 26 feval 2026-cı il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-nin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 26 fevral 2026-cı il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(5-93)-1480/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-1480/2026
26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver