Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-93)-1502/2026 27.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlu, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinin təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti baş leytenantı X1 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolun icraata qəbulu məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti baş leytenantı X1 tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 19 fevral 2026-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları öyrənib hesab edir ki, 19 fevral 2026-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Belə ki, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti baş leytenantı X2 tərəfindən tərtib edilmiş arayışdan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti baş leytenantı X1 icraatında olan 00100-00777/26 nömrəli inzibati xətaya dair iş ilə bağlı Şəxs MMC-nin direktoru Aydan İsmayılovanın istifadəsində olan ********** nömrəli mobil telefonla 19 fevral 2026-cı il tarixdə əlaqə saxlanılaraq məlumat verilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təhqiqatçı tərəfindən tərtib edilmiş arayışda cəmiyyətin direktorunun istifadəsində olan ********** nömrəli mobil telefonla əlaqə saxlanılması qeyd edilsə də, həmin nömrəylə əlaqə saxlanaraq nömrənin “Nərgiz” adlı şəxsin istifadəsində olması, onun isə tərtib edilmiş inzibati xəta haqqında protokoldan ümumiyyətlə məlumatsız olması müəyyən edilmişdir. Odur ki, məhkəməyə təqdim olunmuş sənədlər əsasında inzibati xəta haqqında iş üzrə icraat barədə hüquqi şəxsin nümayəndəsinə məlumat verilməsi təsdiqini tapmamaqdadır. Belə olan halda isə həmin şəxsin kim olması, həmin cəmiyyətdə hansı vəzifəni tutduğu kimi məsələləri müəyyən etmək qeyri-mümkün olmuşdur. Qeyd edilməsi zəruridir ki, İXM-in 57-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Hazırki iş üzrə isə hüquqi şəxsə hansısa rəsmi sənədin İXM-in 57-ci maddəsinə uyğun olaraq çatdırılması öz təsdiqini tapmır. Bundan başqa İXM-nin 60.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Hazırki iş üzrə isə xx.xx.2026-cı il tarixdə inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərardad qəbul edilmiş, həmin tarixdə məlumat verilməsi barədə arayış tərtib olunmuş və eyni tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göründüyü kimi səlahiyyətli orqan tərəfindən İXM-nin qeyd olunan maddəsinin tələbləri pozulmuşdur. İXM-nin 100.4-cü maddəsinə əsasən protokol nömrələnmiş blankda tərtib edildikdə onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır və protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə verilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etmələrinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Lakin hazırki inzibati xəta haqqında iş üzrə hüquqi şəxsin nümayəndəsinin izahatı alınmamışdır, həmçinin protokolun surətinin hüquqi şəxsə göndərilməsi barədə təsdiqedici sənəd də iş materiallarına əlavə edilməmişdir. İnzibati orqan hüquqi şəxsin səlahiyyətli nümayəndəsini inzibati araşdırmada iştiraka cəlb etməməklə hüquqi şəxsin qeyd edilən hüquqlarını əlindən almış və prosessual pozuntuya yol vermişdir. Qanunvericilik İXM-in 100.4-cü maddəsində göstərilən tələbləri səlahiyyətli şəxsin üzərinə vəzifə kimi qoymaqla, sözügedən maddədə göstərilən tələblərə riayət olunmasını imperativ norma kimi müəyyən etmişdir. Lakin protokol tərtib edən orqan tərəfindən qeyd edilən qanunverciliyin tələblərinə əməl edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 64-cü maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və ya zərər çəkmiş olan hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi onların nümayəndələri tərəfindən həyata keçirilir. Qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxslər, yaxud müvafiq qaydada səlahiyyət verilmiş, əsas iş yeri həmin hüquqi şəxs olan işçilər və ya vəkillər hüquqi şəxsin nümayəndələri hesab edilirlər. Hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 106.0.3-cü maddələrinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə yuxarıda göstərilən normalara əsasən qeyd edir ki, müəyyən edilən prosessual pozuntuların aradan qaldırılması üçün iş inzibati orqana geri qaytarılmalı, yenidən araşdırma aparıldıqdan sonra mahiyyəti üzrə müvafiq qərar qəbul edilməlidir Sadalanan xüsusatlara əsasən, məhkəmə hesab edir ki, yol verilmiş prosessual pozuntunun aradan qaldırılması məhkəmə icraatında mümkün olmadığından və inzibati araşdırmada hüquqi şəxsin səlahiyyətli nümayəndəsi cəlb edilməklə qanuna müvafiq qaydada inzibati araşdırmanın aparılmasından ötrü inzibati iş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə göndərilməli, daha sonra mahiyyəti üzrə baxılıb düzgün qərar verilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş 19 fevral 2026-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol düzgün tərtib edilməmişdir və bu səbəbdən inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qaytarılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X3 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş 19 fevral 2026-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinin təhqiqat şöbəsinə qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(5-93)-1502/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(5-93)-1502/2026
27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver