Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-1507/2026 27.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X3 Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon X5 Şöbəsinin polis baş leytenantı İsa Əliyev Əlibаbа oğlunun, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs “Tofaş” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2026-ci il tarixdə saat 15:00 radələrində hərəkətdə olarkən avtoxuliqanlıq hərəkətləri etmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon X5 Şöbəsinin polis baş leytenantı İsa Əliyev Əlibаbа tərəfindən xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi rayon X5 Şöbəsinin polis baş leytenantı İsa Əliyev Əlibаbа oğlu xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, sürücünün idarə etdiyi “Tofaş” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qəfil sürətləndirilməsi nəticəsində təkərlərin yol səthi ilə sürtünməsi müşahidə edilmişdir. Hərəkət zamanı təkərlər sürüşmüşdür. Sürücünün manevri adi dönmə kimi qiymətləndirilməmiş, nəqliyyat vasitəsinin sürətinin kəskin artırılması və nəticədə təkərlərin sürüşməsi əsas götürülmüşdür. Həmin hal ictimai yolda baş verdiyindən və digər hərəkət iştirakçıları üçün təhlükə yaratdığından, AR İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə uyğun olaraq protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində ciddi tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsi X2 protokolu müdafiə edərək, Şəxs barəsində ciddi tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, hadisə zamanı yol yağış səbəbindən yaş və nəm olmuşdur. O, kəsişmədə sadəcə sola dönmə manevri etmişdir. Nəqliyyat vasitəsinin təkərləri də yolun yaş olması ilə bağlı sürüşmüşdür, qəsdən etməmişdir. Onun nəqliyyat vasitəsinin buraxılış ili çox köhnədir, təkərləri də yeni deyil. Yaş yolda qısa sürüşmə texniki səbəbdən baş vermişdir və bu, qəsdən edilən hərəkət olmamışdır. Ona görə də göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan videogörüntüdən görünür ki, görüntüdə dördyol tipli kəsişmə əks olunmuşdur. Hadisə zamanı hava şəraiti yağışlıdır və yol örtüyü yaş və nəm görünür. Görüntüdə boz rəngli “Tofaş” markalı avtomobil kəsişməyə daxil olur və sola dönmə manevrinə başlayır. Manevr zamanı avtomobilin ön hissəsi dönmə istiqamətinə yönəlir və bu anda arxa təkərlərdə qısa müddətli sürüşmə baş verir. Sürüşmə epizodik xarakter daşıyır, yəni davamlı və təkrarlanan hərəkət müşahidə edilmir. Avtomobil dönməni bir dəfəlik icra edir və hərəkətini davam etdirərək kəsişməni tərk edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin dispozisiyası mexaniki nəqliyyat vasitəsinin qəflətən sürətləndirilməsi nəticəsində davamlı olaraq təkərlərin yol səthi ilə sürtünmə səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması kimi ictimai təhlükəli davranışı nəzərdə tutur. Maddənin məzmunundan aydın görünür ki, inzibati məsuliyyətin yaranması üçün hərəkətin təsadüfi və ani xarakter daşımaması, məqsədli və davamlı olması əsas şərtdir. İş üzrə tədqiq edilmiş videogörüntüdən müəyyən olunur ki, yol örtüyü hadisə zamanı yaş və nəm olmuş, sürücü isə kəsişmədə sola dönmə manevrini birdəfəlik şəkildə icra etmişdir. Görüntülərdən nəqliyyat vasitəsinin ardıcıl və ya təkrarlanan şəkildə sürətləndirilməsi, davamlı qazlama hərəkəti və ya məqsədli sürüşdürmə davranışı müşahidə olunmur. Sürüşmə epizodik xarakter daşıyır. Maddənin dispozisiyasında göstərilən “davamlı olaraq” ifadəsi hüquqi baxımdan təsadüfi və qısamüddətli sürüşməni istisna edir. Qanunverici burada sistematik və ya ən azı müəyyən zaman intervalında davam edən davranışı nəzərdə tutmuşdur. Eyni zamanda “çoxsaylı təkər izləri” anlayışı bir və ya iki izlə məhdudlaşmayan, yol səthində aydın və təkrarlanan izlərin qalmasını tələb edir. İş materiallarından isə belə izlərin mövcudluğu müəyyən edilməmiş, hadisə yerinə baxış keçirilməmiş və bu barədə hər hansı protokol (akt) tərtib olunmamışdır. Habelə, təkərlərin yol səthi ilə sürtünmə səslərinin davamlı şəkildə çıxarılması faktı da sübuta yetirilməmişdir. Nə inzibati protokolda, nə də əlavə materiallarda səsin intensivliyi, müddəti və xarakteri barədə obyektiv məlumat əks olunmuşdur. Təkcə sürüşmənin mövcudluğu 511.1.3-cü maddənin tətbiqi üçün kifayət hesab edilə bilməz. İnzibati məsuliyyətin yaranması üçün təkcə obyektiv tərəf deyil, həm də subyektiv tərəf təqsirin forması müəyyən edilməlidir. Sözügedən norma praktikada qəsdli, nümayişkaranə və aqressiv sürmə hallarına tətbiq edilir. Yaş yol şəraitində təkərlərin qısa müddətli sürüşməsi isə yol örtüyünün xüsusiyyətləri və sürtünmə əmsalının azalması ilə izah oluna bilər və sürücünün qəsdli davranışını təsdiqləmir. İnzibati icraatda sübutetmə yükü inzibati xəta haqqında protokol tərtib etmiş orqanın üzərinə düşür. Təqsirin bütün elementləri mötəbər və kifayət qədər sübutlarla təsdiq edilməlidir. Sübutlar natamam olduqda və ya şübhə yarandıqda həmin şübhə şəxsin xeyrinə şərh edilməlidir. Bu prinsip inzibati məsuliyyətin tətbiqində fundamental təminatdır. Beləliklə, iş materiallarının məcmusu göstərir ki, nə davamlı sürətləndirmə, nə çoxsaylı təkər izlərinin buraxılması, nə də davamlı səs faktı sübuta yetirilmişdir. Bu səbəbdən şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi formalaşmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(5-93)-1507/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-1507/2026
27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver