Məhkəmə qərarları › İş №3(5-93)-1511/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-1511/2026

02.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-1511/2026 02.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Kazımov Bəxtiyar Fərhad oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Xüsusilə Ağır Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş-leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1965-ci il tarixdə Ermənistanın Zəngibasar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 510.1 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokollara məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Xüsusilə Ağır Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş-leytenantı X3 tərəfindən Şəxs barəsində İXM-nin 510.1 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisələrini törətməsinə dair 01 mart 2026-cı il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında” protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, Şəxs 01 mart 2026-cı il tarixdə Binəqədi rayonu, S.S.Axundov küçəsində xırda xuliqanlıq hərəkətləri etmiş, polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş E.V.Novruzov izahatında göstərdi ki, Şəxs 01 mart 2026-cı il tarixdə, saat 09:30 radələrində metronun “Dərnəgül” stansiyasının yaxınlığında uca səslə telefonla danışarkən söyüşlər söydüyündən, o, digər iş yoldaşları ilə birlikdə Şəxs yaxınlaşaraq, ona ictimai qaydanı pozmamasını bildirib, sakitliyə dəvət etsələr də, sonuncu onların qanuni tələbinə tabesizlik göstərmiş, öz qeyri-adekvat hərəkətlərinə davam etmişdir. Buna görə də, Baş İdarəyə aparılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü tam təqsirli bilərək, izahatında göstərdi ki, göstərilən tarixdə fəhlələri işə gəlmədiyindən, o əsəbi halda telefonda söyüşlər söymüşdür. Polis əməkdaşları ona yaxınlaşanda o, əsəbindən özündə olmamış, polis əməkdaşlarının tələblərinə məhəl qoymamışdır. Əməlindən peşmandır və məhkəmədən barəsində yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru X2 ifadəsində göstərdi ki, 01 mart 2026-cı il tarixdə, saat 09:30 radələrində iş yoldaşları Emin Novruzov və Mahmud Yusifovla birlikdə xidmətdə olan zaman Binəqədi rayonu, S.S.Axundov küçəsində, metronun “Dərnəgül” stansiyasının yaxınlığında bir nəfər şəxsin telefonla danışarkən uca səslə söyüşlər söydüyünü görüb, ona yaxınlaşaraq özlərini təqdim etmiş, həmin şəxs uca səslə söyüş söyməməyi bildirib, onu sakitliyə dəvət etsələr də, həmin şəxs, yəni Şəxs “gedin, işinizlə məşğul olun, əsəbiyəm, söyürəm” cavabını vermiş və uca səslə danışmağa davam etdiyindən, Baş İdarəyə aparılmışdır. İş materiallarından görünür ki, Şəxs 01 mart 2026-cı il tarixdə, saat 10:30-da tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sübutları araşdıraraq, habelə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadəsini dinləyərək, belə qənaətə gəlir ki, Şəxs hərəkətlərində İXM-nin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların tərkibi mövcuddur və inzibati xəta haqqında protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərin edilməsi İXM-nin 510.1-ci; polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq isə İXM-nin 535.1-ci maddəsi ilə məsuliyyətə səbəb olur. Şəxs həmin maddələrdə nəzərdə tutulan inzibati xətaları törətməsi öz etirafedici ifadəsi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və şahidin ifadəsi, eləcə də iş materialları ilə öz təsdiqini tapır. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, habelə inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onun təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xaratkerizə edən halları, habelə İXM-nin 34.3-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 510.1 və 535.1-ci maddəsi ilə təqsirli bilinərək, ona daha ciddi xəta hesab edilən 535.1-ci maddəsinin sanksiyası həddində, müəyyən edilən inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə, həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası həddində 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 01 mart 2026-cı il tarixdən, saat 10:30-dan hesablanmaqla, inzibati qaydada tutma müddəti Şəxs inzibati həbs müddətinə daxil edilsin. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar