Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-93)-1664/2026 06.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlu, X1 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin qərarından verdiyi şikayətin icraata qəbulu məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Şikayət verən X3 şikayətlə məhkəməyə müraciət edərək, BŞBPİ DYP İdarəsinin xx.xx.2026-cı il tarixli № 8/2-H-4286 nömrəli qərarı və ona əsas verən inzibati protokolların ləğv edilməsi, adına olan balların siyahısının tələb edilməsi və ona aid olmayan ballar sistemdən silinərək sürücülük vəsiqəsinə qoyulan məhdudiyyətin götürülməsi, hadisə anına aid 439 bort nömrəli YPX avtomobilinin video və səs yazılarının məhkəmə tərəfindən tələb edilərək araşdırılmasını məhkəmədən xahiş etmişdir. Şikayətə əlavə edilmiş Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin X2 ünvanladığı xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, xx.xx.2026cı il tarixdə Puşkin küçəsilə Nizami küçəsinin kəsişməsində saxladığı avtomobil ilə parkinqə daxil olmaq istəyərkən “439” çağırışlı patrul avtomobilində xidmət aparan YPX inspektorunun kobud rəftarına məruz qalması və avtomobilinin duracağa aparılaraq sənəd verilməməsi barədə DİN-in “E-Polis” mobil tətbiqi vasitəsilə etdiyi müraciətə Bakı Şəhər Baş Polis İdarəsi X5 İdarəsində baxılmışdır. Bildirilmişdir ki, araşdırma zamanı DYP əməkdaşları tərəfindən hər hansı qanunsuz hərəkətlərə yol verilməsi halları təsdiqlənməmiş, törətdi xətalara uyğun barəsində AR İXM-in 346.4 və 327.7-ci maddələrilə əsaslı inzibati xəta haqqında protokol tərtib edilməsi, təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübut edildiyi və bir il ərzində balla qiymətləndirilən yol hərəkəti qayda pozuntuları törətdiyinə görə 20-dən artıq bal topladığı üçün İXM-in 327.7-ci maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququnun 6 ay müddətinə məhdudlaşdırılması müəyyən olunmuşdur. Müraciətinə baxılmasının nəticəsindən narazı qaldığı təqdirdə müvafiq qaydada məhkəməyə şikayət etmək hüququ vardır. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə görə şikayət icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) verilir. 130.1-ci maddəsinə görə Bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 126.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Şikayətin məzmunundan görünür ki, şikayətçi xx.xx.2026-cı il tarixli məktubu inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar kimi qiymətləndirərək onun məhkəmə qaydasında ləğv edilməsini xahiş etmişdir. Lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə şikayət yalnız həmin iş üzrə qəbul edilmiş qərardan verilə bilər. İş materiallarından görünür ki, Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin xx.xx.2026cı il tarixli sənədi inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar deyil, şikayətçinin müraciətinə baxılmasının nəticələri barədə verilmiş izah xarakterli cavab məktubudur. Bu səbəbdən həmin məktub inzibati xəta haqqında iş üzrə qərar kimi qiymətləndirilə bilməz və onun məhkəmə qaydasında mübahisələndirilməsi üçün hüquqi əsas mövcud deyildir. Digər tərəfdən, şikayətçinin müraciəti məzmun etibarilə xx.xx.2026-cı il tarixdə törədildiyi göstərilən inzibati xəta ilə bağlı qəbul edilmiş qərardan şikayət kimi qiymətləndirilsə belə, bu halda da şikayət qanunla müəyyən edilmiş müddətə riayət edilmədən təqdim edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyi əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh tətbiq etmə haqqında qərardan həmin qərar bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada verildiyi vaxtdan 20 gün müddətində şikayət verilə bilər. İş materiallarından görünür ki, inzibati xəta xx.xx.2026-cı il tarixdə baş vermişdir. Şikayətçinin məhkəməyə müraciəti isə göstərilən müddət keçdikdən sonra edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə uyğun olaraq buraxılmış müddətin bərpası barədə şikayətçi tərəfindən hər hansı vəsatət təqdim edilməmişdir. Bundan əlavə, şikayət ərazi aidiyyəti qaydalarına da uyğun təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Təqdim olunmuş materiallardan görünür ki, inzibati xəta Bakı şəhəri Puşkin və Nizami küçələrinin kəsişməsində baş vermişdir ki, həmin ərazi inzibati-ərazi bölgüsünə görə Nəsimi rayonunun ərazisinə aiddir. Beləliklə, şikayətçi tərəfindən ləğv edilməsi tələb edilən xx.xx.2026-cı il tarixli sənəd inzibati xəta haqqında iş üzrə qərar hesab edilmir, şikayət qanunla müəyyən edilmiş müddət keçdikdən sonra təqdim edilmiş və müddətin bərpası barədə vəsatət verilməmiş, həmçinin şikayət ərazi aidiyyəti qaydalarına riayət edilmədən təqdim olunmuşdur. Göstərilən halların məcmusu şikayətin icraata qəbul edilməsinə prosessual maneə yaratdığından şikayət icraata qəbul edilmədən geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-137-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(5-93)-1664/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(5-93)-1664/2026
06.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver