Məhkəmə qərarları › İş №3(5-93)-1668/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(5-93)-1668/2026

06.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-93)-1668/2026 06.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlu, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin 17 yanvar 2026-cı il tarixli EQ 33349011 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından Qurban-zadə Toğrul Adil oğlu tərəfindən verilmiş şikayətinə baxılmağa hazırlanması zamanı, M Ü Ə Y Y Ə N E T D İ M: Qurban-zadə Toğrul Adil oğlu Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin 17 yanvar 2026-cı il tarixli EQ 33349011 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı şikayəti və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən və müddətin bərpası üçün vəsatət təqdim olunmadığından geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Hazırki halda barəsində şikayət verilmiş qərar 17 yanvar 2026-cı il tarixdə qəbul edilməsinə baxmayaraq, Qurban-zadə Toğrul Adil oğlunun şikayəti 04 mart 2026-cı il tarixdə imzalanmış, məhkəməyə isə 06 mart 2026-cı il tarixdə daxil olmuşdur. Göründüyü kimi T.Qurban-zadə İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsi ilə müəyyən edilmiş şikayət vermə müddətini buraxmış, şikayətə müddətin bərpa edilməsinə dair vəsatət qoşma edilməmişdir. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-137-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin 17 yanvar 2026-cı il tarixli EQ 33349011 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından Qurban-zadə Toğrul Adil oğlu tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar