Məhkəmə qərarları › İş №3(5-93)-1680/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-1680/2026

06.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-1680/2026 06.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis şöbəsinin sahə inspektrou, polis baş leytenantı X2, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 206-cı maddəsi ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Məhkəmənin icraatına Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Proses iştirakçılarının izahatı:

2. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis şöbəsinin, polis baş leytenantı X3 bildirmişdir ki, 05 mart 2026-cı il tarixdə polis əməkdaşları Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində xidmət aparan zaman bir nəfər şəxsin özünü şübhəli aparmasını görüb ona yaxınlaşmışlar. Polis əməkdaşları həmin şəxsə özlərini təqdim etdikdə özünü şübhəli apardığından onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra adı məlum olan Şəxs müayinəyə aparılmış və müayinə zamanı onun narkotik vasitədən istifadə etmə halı öz təsdiqini tapmışdır. Şəxs izahat alınan zaman sonuncu narkotik vasitədən istifadə etdiyini etiraf etmişdir. Daha sonra Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqında protokol tərtib edilmişdir.

3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında sonuncu dəfə ayın 1 ay əvvəl istifadə etdiyini, nəşə və kokos adlı maddələrdən istifadə etdiyini, dörd uşağının və yaşlı anasının olduğunu, törətdiyi əməldən peşman olduğunu qeyd edib, məhkəmədən ona yüngül tənbeh verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş:

4. xx.xx.2026-cı il tarixli, AZA 029993 inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 05 mart 2026-cı il tarixdə saat 14:00-da inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir.

5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2026-cı il tarixli, 1897 nömrəli Ambulator X1 rəyindən görünür ki, yoxlama zamanı Şəxs götürülmüş nümunədən MOP(+), THC(+), MET(+) adlı maddələr aşkar edilmiş, müayinə zamanı Şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyatına alınması məsləhət görülür.

6. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində metafetamindən istifadə edərək İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin gəldiyi nəticə və onun əsaslandırılması:

7. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, eləcə də şəxsin öz izahatı, Ambulator X1 rəyi ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Həmçinin Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, habelə inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir.

8. Məhkəmə, barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

9. Məhkəmə bildirmək istəyir ki, bu gün narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlıq bəşəriyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətınin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran ən ağrılı problemlərdən biridir. Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında" 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarında da məhkəmələrin diqqəti narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəyə yönəldilən qanunların düzgün tətbiq edilməsinə, bu barədə Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarının tələblərindən irəli gələn müddəalarına ciddi əməl olunmasına, işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılması sahəsində fəaliyyətin təkmilləşdirilməsinə yönəldilmişdir.

10. Məhkəmədə, Şəxs törətdiyi inzibati xətanı səmimi etiraf edərək əməlindən peşman olmasını İXM-in 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir.

11. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə və onu müəyyən müddətə cəmiyyətdən təcrid etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan tənbeh növünün təyin edilməsi isə məqsədəmüvafiq deyildir.

12. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

13. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

14. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.

15. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur.

16. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.

17. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir.

18. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir.

19. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.

20. İXM-in 31.4-cü maddəsinə əsəsən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz.

21. İXM-in 115.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə məcburi müalicənin təyin edilməsi məsələləri hakim tərəfindən həll edilir.

22. İXM-in 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur.

23. İXM-in 37.5-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir.

24. İXM-in 37-ci maddəsinə görə ixtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicə müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi şərtlərə və qaydalara uyğun aparılır. İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicədə olan şəxsin məcburi müalicədən vaxtından əvvəl azad edilməsi və məcburi müalicə müddətinin uzadılması “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda həmin müəssisənin müdiriyyətinin təqdimatı və həkim-məsləhət komissiyasının rəyi nəzərə alınmaqla, müəssisənin yerləşdiyi yer üzrə məhkəmənin qərarı əsasında həyata keçirilir.

25. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli və inzibati həbsin əvvəli 05 mart 2026-cı il tarixdən saat 14:00-dan hesablanmalıdır.

26. Həmçinin məhkəmə, qanunvericiliyin tələblərinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2026-cı il tarixli, 1897 nömrəli Ambulator X1 rəyinə əsasən hesab edir ki, Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və qeydiyyat yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir.

27. Qeyd olunanları nəzərə alaraq və İXM-in 37, 40, 43, 48-50, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 15 (on beş) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 05 mart 2026-cı il tarixdən saat 14:00-dan hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və qeydiyyat yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Qərarın təyin edilmiş inzibati tənbehə dair hissədə icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Narkomaniyadan məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə müvafiq icra məmuru tərəfindən nəzarət edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar