Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-1838/2026 11.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmə iclas katibi Bəbirov Qədir Nadir oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Şöbəsinin sahə rəisi, polis mayoru X1, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Cəbrayıl rayonu Balyand kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Cəbrayıl rayonu Balyand kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə Bakı şəhəri Binəqədi Polis İdarəsinin 40-cı Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PŞ tərəfindən tərtib olunmuş Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli və İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar üzrə toplanmış material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi Polis İdarəsinin 40-cı Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X2 izahat verərək bildirmişdir ki, təhqiqat materialının araşdırılması zamanı inzibati ərazidə baş vermiş oğurluq hadisəsində şübhəli bilinən Şəxs Binəqədi RPİ-nin 40-cı PŞ-nə dəvət edilmişdir. Şəxs izahatı alınan zaman eyni zamanda narkotik istifadəçisi olduğunu da etiraf etmiş, son dəfə yaşadığı ünvanda “patı” adlanan narkotikdən istifadə etdiyini qeyd etmişdir. Onunla aparılmış söhbətlər zamanı müəyyən edilmişdir ki, həmin şəxs Binəqədi rayonu, Hökməli qəsəbəsində yerləşən “Al” Marketdən, dəyəri 74 (yetmiş dörd) manat 70 (yetmiş) qəpik olan, 03 (üç) ədəd, hərbiri 01 (bir) kq olan “Anchor” kərə yağı oğurlamışdır. Buna görə də, Şəxs barəsində İXM-in 206 və 227-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, hadisəni o törətmişdir. Mağazaya dəymiş zərəri ödəyəcəkdir. Vaxtaşırı olaraq narkotik vasitənin “patı” adlanan növündən istifadə edir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirdiyini nəzərə alaraq, barəsində daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, onlara dəymiş zərər ödənilmədiyi üçün şikayətçidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2026-cı il tarixli, AZA 030246 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin gün saat 13:00-da inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir. xx.xx.2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərardan görünür ki, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş və naməlum şəxs müəyyən edildikdə İXM-in 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə qəbul edilmiş qərar icra olunması üçün Binəqədi RPİ-nin İTŞ-nə göndərilmişdir. xx.xx.2026-cı il tarixli qərardaddan görünür ki, hadisəni törətmiş naməlum şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsin xx.xx.2026-cı il tarixli, 2001 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Şəxs xx.xx.2025-ci il tarixdən Respublika NMdə (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə təxminən saat 20:00 radələrində Binəqədi rayonu, 28 May qəsəbəsində yaşadığı evdə narkotik vasitə olan metamfetamin “patı” istifadə etmişdir. Nəticədə, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə təxminən saat 18:22 radələrində Binəqədi rayonu, Hökməli qəsəbəsində yerləşən “AL” Marketdən, dəyəri 74 (yetmiş dörd) manat 70 (yetmiş) qəpik olan, 03 (üç) ədəd, hərbiri 01 (bir) kq olan “Anchor” kərə yağı oğurlamışdır. Nəticədə, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs əməli düzgün olaraq İXM-in 206 və 227-ci maddələri ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri özünün etirafedici izahatı və iş materialları ilə tam sübuta yetirildiyinə görə İXM-in 206 və 227-ci maddələri ilə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 sentyabr 2020-ci il tarixli qərarına əsasən İXM-in 34.3-cü maddəsində şəxsin məhz eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydası müəyyən olunmuşdur. Həmin maddəyə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bu hal inzibati xətaların ideal məcmusunu ehtiva edir. Belə ki, maddənin məzmunundan göründüyü kimi, bir şəxs eyni vaxtda bir neçə inzibati xəta törətdikdə, həmin xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, göstərilən işlərə baxan müvafiq orqan bu inzibati xətaların sırasından ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq etməlidir. Lakin bu o anlama gəlmir ki, eyni vaxtda törədilən inzibati xətalara baxan səlahiyyətli orqan yalnız daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş inzibati xətanı qiymətləndirir. İnzibati xətaya dair işlərə baxan səlahiyyətli orqan, şəxs tərəfindən eyni vaxtda törədilən hər bir inzibati xətaya ayrı-ayrılıqda qiymət verməli, bu xətaların hər birinin törədilməsində şəxsin təqsirini sübuta yetirməli, sadəcə olaraq ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya həddlərində tənbeh tətbiq etməlidir. Məhkəmə, Şəxs şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, barəsində İXM-in 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. İXM-in 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, zərər çəkmiş şəxsə vurulmuş ziyanın ödənilməməsini, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi üçün isə əsaslar müəyyən edilməmişdir. Məhkəmə İXM-in 37.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla hesab edir ki, Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Şəxs barəsində tərtib edilmiş, xx.xx.2026-cı il tarixli, AZA 030246 saylı protokoldan görünür ki, Şəxs inzibati qaydada xx.xx.2026-cı il tarixdə saat 13:00-da tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, inzibati həbsin əvvəli xx.xx.2026-cı il, saat 13:00-dan hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 23 (iyirmi üç) gün müddətinə inzibati həbs olunsun. Şəxs dərhal məhkəmə iclas zalından həbsə alınsın. Həbsdə saxlama müddətinin əvvəli 10 mart 2026-cı il, saat 13:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Mərkəzinə həvalə edilsin. İnzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(5-93)-1838/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-1838/2026
11.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver