Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-1840/2026 11.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Naxçıvan MR, Culfa rayonu, Yaycı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Naxçıvan MR, Culfa rayonu, Yaycı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən fərdi yaşayış evi ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2026-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Proses iştirakçılarının ifadələri:
2. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin sahə inspektoru, polis mayoru X2 izahat verərək bildirmişdir ki, şöbəyə 11 mart 2026-cı il tarixdə Binəqədi rayonu ərazisində yerləşən obyektlərdən birində bir nəfər şəxsin yeyib içərək 82 manat olan hesabı ödəməməsi və bu səbəbdən münaqişənin baş verməsi haqqında məlumat daxil olmuşdur. həmin məlumat əsasında polis əməkdaşları hadisə yerinə getmiş, Şəxs onu nizamintizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq səs-küy salaraq polisi təhqir etmişdir. Bundan sonra şöbədə Şəxs izahatı alınmış və barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir.
3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahat verərək bildirmişdir ki, deyilənlərlə razı deyildir. Cibində 210 manat olsa da, onu itirdiyindən kafenin pulunu verə bilməmişdir. Bunun üçün də kafenin müdiriyyəti ilə danışmağa çalışmışdır ki, pulu ödəməsi üçün ona möhlət verilsin. Lakin ona qarşı şiddət tətbiq ediləcəyi təhlükəsini gördüyündən polisə zəng edib şikayət etmişdir. O, polsə qarşı təhqiramiz ifadələrdən istifadə etməmiş və bölməyə dəvət edilən zaman etiraz etmədən bölməyə getmişdir. Himayəsində azyaşlı və yetkinlik yaşına çatmayan övladları vardır, ailəsində yeganə qazanc gətirən şəxsdir. Məhkəmədən qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir.
4. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyününun polis kiçik serjantı X4 izahatında bildirmişdir ki, əraziyə yaxınlaşdıqda mübahisə olduğunu görmüşlər. Obyekt sahibi şəxsin hesabı ödəməkdən imtina etdiyini və səs-küy çıxardığını demişdir. Mübahisə edən şəxsi bölməyə dəvət etdikdə sonuncu polisə qarşı nalayiq ifadələr işlətməyə başlamış və tabesizlik göstərmişdir. Şəxs ağır dərəcədə sərxoş olmuş və şonun özü də ödəniş etmək üçün puunun olmadığını bildirmişdir. Şəxs obyektdə baş vermiş münaqişə üzrə tərəflərindən polis şöbəsinə dəvət tedilmiş, lakin onları təhqir etmişdir.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyününun polis kiçik serjantı X3 izahatında bildirmişdir ki, xidmətdə olarkən Binəqədi rayonu ərazisində olan obyektlərdən birində münaqişənin baş verməsi barədə məlumat daxil olmuşdur. Hadisə yerinə çatıb şəxsi şöbəyə dəvət etdikdə, şəxs kəskin etiraz edərək onları təhqir etmişdir. Bundan sonra şəxs tərəflərindən avtomobilə əyləşdirilərək polis şöbəsinə aparılmışdır. Onlar obyektə çatanda mübahisə yox idi. Şəxs özü onlara yaxınlaşmış, onlar şəxsdən hesabı ödəməməsinin səbəbini soruşduqda, üstündə pulun olmadığını demişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
6. xx.xx.2026-cı il tarixli, AZA 030380 inzibati qaydada tutma haqqında protokolundan görünür ki, Şəxs 11 mart 2026-cı il tarixdə saat 04:10-da inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir.
7. xx.xx.2026-cı il tarixli, 2/13673 nömrəli protokoldn görünür ki, Şəxs sərxoşluq vəziyyətinin müayinəsi zamanı onun 11 mart 2026-cı il tarixdə saat 04:10-da orta dərəcəli sərxoş vəziyyətdə olması müəyyən edilmişdir.
8. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2026-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 03:45-də Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən “Legenda” adlı gecə klubunda ictimai qaydanı pozmaqla polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmənin gəldiyi nəticə və onun əsaslandırılması:
9. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, eləcə də şahidlərin izahatı ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə məhkəmə bildirir ki, əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, habelə inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh tətbiq edilməlidir.
10. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
11. Məhkəmə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs himayəsində azyaşlı övladının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin məhkəmə, Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır.
12. Məhkəmə, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı, sonuncunun ailəsində yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə tənbeh təyin etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Şəxs inzibati həbs tənbeh növünün təyin edilməsi isə məqsədəmüvafiq deyildir.
13. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
14. İXM-in 3-ci maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
15. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.
16. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur.
17. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.
18. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir.
19. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.
20. İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz.
21. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngüllləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilən inzibati cərimə növündə tənbehin dörddə üçündən çox olmayan məbləğdə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli və sonuncu dərhal məhkəmə iclas zalından inzibati tutulmadan azad edilməlidir.
22. Qeyd olunanları nəzərə alaraq və İXM-in 32, 40, 43, 48-50, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından inzibati tutmadan azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Aytəkin İbrahimova