Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-246/2026 05.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X1, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi X3 iştirakı ilə, X1 inzibati tənbeh edilməsinə dair Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X2 tərəfindən verilmiş şikayət onunla əsalandırılmışdır ki, yol-nəqliyyat hadisəsi ilə bağlı ona İXM 327.1 maddəsi üzrə tətbiq edilmiş, ASAN Ödəniş sistemində İXP ******* nömrəsi ilə qeydə alınmış inzibati cərimə qərarı ilə razı olmadığı üçün şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 05 yanvar 2026-cı il tarixdə, saat təxminən 23:20 radələrində, Bakı şəhəri ərazisində Moskva prospekti-3-cü mikrorayon dairəsindən 20 Yanvar istiqamətində hərəkətdə olarkən onun idarə etdiyi “HYUNDAİ ELANTRA”, dövlət qeydiyyat nişanı **-GM-*** olan avtomobil ilə xarici dövlətə məxsus yük avtomobili (TİR) arasında yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı o, qırıq xətdən keçərək əsas yola daxil olmuş, həmin anda TİR avtomobili sol tərəfində paralel hərəkətdə olmuş, sürücü ona yol vermişdir. Bu hal avtomobilinin video qeydiyyatında açıq şəkildə əks olunmuşdur. Əsas yola daxil olduqdan bir müddət sonra, TİR avtomobili arxadan gələrək avtomobilinin arxa hissəsinə yaxın sol yan tərəfdən toxunmuşdur. Hadisədən dərhal sonra 102 xidmətinə müraciət etmişdir. Polis və sığorta əməkdaşları gələnədək nəqliyyat vasitələrinin yerini dəyişməmişlər. Hadisə yerində olan PPX əməkdaşı ilkin baxış zamanı onu haqlı olduğunu bildirmişdir.TİR sürücüsü olan İran vətəndaşı hadisədən sonra bir neçə dəfə ona pul təklif edərək (120 manat) məsələni öz aralarında bağlamağı təklif etmişdir. Lakin avtomobilim 2023-cü il istehsalı yeni model olduğu və dəyən zərərin ciddi məbləğ təşkil etdiyi, habelə hazırda işsiz olduğu və bank kredit öhdəliklərinin olduğu üçün bu təkliflə razılaşmamışdır. Hadisə yerinə gələn yol polisi inspektoru Elnur müəllim onun təqdim etdiyi video qeydiyyata baxmasına baxmayaraq, əsassız olaraq günahın onda olduğunu bildirmişdir. O, izah etmişdir ki, artıq əsas yola daxil olmuşdur və TİR avtomobili arxadan vurmuşdur. İnspektor isə TİR-ın “kor nöqtəsini” əsas gətirmişdir. Halbuki, kor nöqtə riski Azərbaycan Respublikasının yol hərəkəti qanunvericiliyinə əsasən böyükölçülü nəqliyyat vasitəsini idarə edən sürücünün məsuliyyətindədir və bu risk digər yol hərəkəti iştirakçısının üzərinə qoyula bilməz. İnspektor ona bildirmişdir ki, istədiyi halda xx.xx.2026cı il tarixində yaxınlaşaraq protokolla tanış ola bilər. Həmin tarixdə Bakı Şəhər DYP İdarəsinə gəlmiş, lakin inspektorun işdə olmadığı, xx.xx.2026-cı il tarixində yaxınlaşmağı ona telefonla deyilmişdir. O, yazılı bildiriş istəsə də, bundan imtina edilmişdir. O, polis idarəsinə gəldiyini sübut etmək məqsədilə rəsmi ərizə yazaraq dəftərxanaya təqdim etmiş, ərizənin imzalı və möhürlü surətini almışdır. xx.xx.2026-cı il tarixində yenidən polis idarəsinə gəlmiş və inspektordan qərarın yazılı formada təqdim edilməsini xahiş etmişdir. Ona protokol tərtib olunacağını və cərimənin gün ərzində sistemə düşəcəyini bildirmişlər. Lakin yalnız xx.xx.2026-cı il tarixində, yəni hadisədən 7 gün sonra, ona İXM 327.1 maddəsi üzrə 40 manat cərimə tətbiq edildiyi məlum olmuşdur. Kamera görüntüsü onun təhlükəli manevr etdiyini birmənalı şəkildə sübut etmir. TİR avtomobili arxadan gəlmiş və təhlükəsiz məsafəni saxlamamışdır. Toqquşma onun avtomobilinin arxa hissəsinə yaxın sol yan tərəfdən baş vermişdir. Video görüntüdən avtomobilinin artıq yol hərəkəti zolağında yerləşdiyi və zərbənin arxa hissəyə yaxın sol tərəfdən dəydiyi aydın görünür. İXM 327.1 maddəsinin tətbiqi əsassızdır. İnzibati qərar icbari sığorta ödənişi almaq hüququnu faktiki olaraq mümkünsüz edir. Hazırkı inzibati qərar qüvvədə qaldığı müddətdə sığorta ödənişi mümkün olmadığından, o, faktiki olaraq zərərin ödənilməsindən məhrum olur. Odur ki, barəsində qəbul edilmiş qərarın ləğv edilməsi və müvafiq inzibati xəta üzrə işə xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında X2 şikayəti müdafiə edib bildirmişdir ki, o, hadisə vaxtı idarə etdiyi avtomobillə manevri bitirdikdən sonra digər nəqliyyat vasitəsi onun avtomobili ilə arxa hissədən toqquşmuşdur. Hadisənin görüntülərindən də görünür ki, ondan sol tərəfdə hərəkət edən “TİR” markalı nəqliyyat vasitəsi ona on yol verdiyi üçün o, manevr etmişdir. Odur ki, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, “TİR” markalı nəqliyyat vasitəsi qarşısında gedən nəqliyyat vasitəsi ilə ara məsafəsini çoxaltdığı üçün o, da ona yol verildiyini başa düşüb həmin zolağa doğru manevr etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş qurumun nümayəndəsi X5 bildirmişdir ki, X2 tərəfindən törədilmiş qayda pozuntusu TŞ kamerası vasitəsi ilə qeydə alınmış görüntü ilə öz təsdiqini tapmışdır. Belə ki, Mirceyhun Quliyev idarə etdiyi avtomobillə onda sol zolaqda hərəkət edən nəqliyyat vasitəsinin qarşısına keçərək manevr qaydasını pozmuş və yol-nəqliyyat hadisəsini baş vermişdir. X6 əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozduğuna görə barəsində əsaslı olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla 40 manat cərimə edilmişdir. Odur ki, X2 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 05 yanvar 2026-cı il tarixdə saat 23:00-da Bakı şəhəri, Ziya Bünyadov prospektində “Hyundai Elantra minik” markalı, 77GM038 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Materiala əlavə edilmiş diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, X2 nəqliyyat vasitəsini idarə edərkən sol istiqamətdə manevr etməklə sol hərəkət zolağında hərəkət edən avtomobilə yol verməmiş, bununla da manevr qaydalarını pozaraq yolnəqliyyat hadisəsini törətmişdir. Məhkəmə, iş materiallarını və məhkəmədə toplanmış sübutları tam, hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, X1 Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti təmin edilməməlidir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin İ bəndinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin İ bəndinə əsasən V bəndinə əsasən sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Məhkəmədə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, X2 xx.xx.2026-cı il tarixdə Bakı şəhəri, Ziya Bünyadov prospektində ““Hyundai Elantra minik” markalı, 77GM038 dövlət qeydiyyat nişanlı dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və buna görə də, Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsi tərəfindən əsaslı olaraq xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Ona görə də, məhkəmə hazırda baxılan iş üzrə X2 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X1 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(5-93)-246/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-246/2026
05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver