Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-269/2026 14.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X4 Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş orqan Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-nin 5-cı PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru X2 tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* saylı protokola əsasən vətəndaş Şəxs xx.xx.2026-cı il tarixdə Binəqədi rayonu, 7 mkr ərazisində polisin qanuni tələbinə tabe olmamış, ictimai yerdə nalayiq ifadələr işlətmişdir. Qeyd olunan protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru X2 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, polis əməkdaşları xidməti apararkən 77AM782 dövlət qeydiyyat nişanlı “Ford” markalı nəqliyyat vasitəsinin sürücüsünün təhlükəsizlik kəmərindən istifadə etmədiyini müşahidə etmişlər. Bu səbəbdən sürücüyə saxla işarəsi verilmiş, xidmət avtomobilinin işıq və səs siqnalları qoşulmuşdur. Lakin şəxs verilən saxla işarələrinə məhəl qoymamış və hərəkətini davam etdirmişdir. Bundan sonra polis əməkdaşları həmin şəxsin arxasınca hərəkət etmişlər. Şəxs nəhayət avtomobili saxladıqdan sonra polislər ona yaxınlaşaraq nə üçün saxla işarəsinə əməl etmədiyini soruşmuş və sənədlər tələb edilmişdir. Bu zaman həmin şəxs polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmiş, ictimai yerdə səs küy salmışdır. Eyni zamanda şəxs 102 xidmətinə zəng edərək səbəbsiz şəkildə polislərdən şikayət etmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, 77AM782 dövlət qeydiyyat nişanlı “Ford” markalı nəqliyyat vasitəsini lizinq müqaviləsi əsasında, şirkət tərəfindən verilmiş etibarnamə ilə idarə etmişdir. Lakin ödənişlərini vaxtında edə bilmədiyi üçün etibarnamənin müddəti uzadılmamışdır. xx.xx.2026-cı il tarixində, gecə saatlarında anasının səhhətinə görə aptekə gedərək dərman almış, aptekdən çıxdıqdan sonra avtomobili idarə edərək evə doğru hərəkət etmişdir. Hərəkət zamanı polis əməkdaşlarının arxasınca gəldiyini hiss etməmiş və bu səbəbdən avtomobili saxlamamışdır. Evə çatdıqda polis əməkdaşları ona yaxınlaşaraq alkoqol testindən keçməyini tələb etmişlər. O, polis əməkdaşlarının xidmət avtomobilində əyləşərək alkoqol testindən keçmişdir. Testin nəticəsinə əsasən ona hər hansı alkoqol təsiri və ya sərxoşluq aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları ondan sənədlərini tələb etmişlər. O, sənədləri avtomobildən götürmək üçün öz avtomobilinə yaxınlaşanda həmin vaxt polis əməkdaşları tərəfindən guya onlardan qaçdığı bildirildi. Halbuki onun qaçmaq və ya polis əməkdaşlarının qanuni tələblərindən yayınmaq niyyəti olmamışdır. Ona görə də o, DİN-in 102 xidmətinə zəng edərək şikayətini bildirmişdir. Bu əsasla polis əməkdaşları tərəfindən X9 çağırılmış və o, polis bölməsinə aparılmışdır. Polis bölməsində verdiyi izahatda da bildirmişdir ki, polis əməkdaşlarına qarşı hər hansı tabesizlik göstərməmiş və ictimai qaydanı pozmamışdır. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi rayon DYPŞ Yol patrul xidmətinin inspektoru, polis serjantı X3 ifadəsində bildirmişdir ki, onlar xidmət zamanı patrul xidməti apararkən 77AM782 dövlət qeydiyyat nişanlı “Ford” markalı nəqliyyat vasitəsinin sürücüsünün təhlükəsizlik kəmərindən istifadə etmədiyini müşahidə etmişlər. Bu səbəbdən sürücüyə saxla işarəsi verilmiş, xidmət avtomobilinin işıq və səs siqnalları qoşulmuşdur. Lakin şəxs verilən saxla işarələrinə məhəl qoymamış və hərəkətini davam etdirmişdir. Bundan sonra onlar həmin şəxsin arxasınca hərəkət etmişlər. Şəxs nəhayət avtomobili saxladıqdan sonra onlar ona yaxınlaşaraq nə üçün saxla işarəsinə əməl etmədiyini soruşmuş və sənədlər tələb edilmişdir. Bu zaman həmin şəxs polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmiş, ictimai yerdə səs küy salmışdır. Eyni zamanda şəxs 102 xidmətinə zəng edərək səbəbsiz şəkildə onlardan şikayət etmişdir. Bu əsaslarla onlar tərəfindən raport yazılmış və tədbir görülməsi üçün materiallar polis bölməsinə göndərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi rayon DYPŞ Yol patrul xidmətinin inspektoru, polis serjantı Sərxan Kərimov və polis serjantı Arif Qurbanov tərəfindən tərtib olunaraq imzalanmış xx.xx.2026-cı il tarixli Raportdan görünür ki, 77AM782 dövlət qeydiyyat nişanlı “Ford” markalı nəqliyyat vasitəsinin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün tərəflərindən saxla işarəsi verilmişdir. Lakin sürücü surətini artıraraq qaçmağa başlamış, daha sonra nəqliyyat vasitəsini saxlayaraq düşüb qaçmağa çalışsa da onlar onu saxlayaraq sənədlərini təqdim etməyi tələb etsələr də sürücü onlardan səbəbsiz yerə DİN-in 102 xidmətinə zəng edərək şikayət etmiş, həmçinin onlara tabesizlik göstərərək sənədlərini də təqdim etməmişdir. X6 Polis Alayını çağırmışlar, sürücünü 5-ci PŞ-yə aparılmasını təmin etmişlər. Şöbədə müəyyən olunmuşdur ki, sürücü nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. X7 Alayının 2-ci Patrul Bölüyünün polis nəfərləri Rövşən Quliyev və Xəyyam Bağırov tərəfindən tərtib olunaraq imzalanmış xx.xx.2026-cı il tarixli Raportdan görünür ki, həmin tarixdə 00:20 radələrində xidmətdə olarkən pol patrul xidmətinə kömək lazım olduğu bildirildi, onlar dərhal 7 mkr, Yenimart marketin yanına yaxınlaşdılar və həmin ünvanda bir nəfər vətəndaşı 5-ci PŞ-yə dəvət etdilər. Şöbədə müəyyən olundu ki, həmin şəxs Şəxsdur. İnzibati qaydada tutma haqqında xx.xx.2026-cı il tarixli AZA 030358 nömrəli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 00:45-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə tutulmuşdur. Göründüyü kimi, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə müəyyən edir ki, hadisə gecə saatlarında baş vermişdir. Şəxsin inzibati qaydada tutulması saat 00:20-də qeydə alınmışdır. Hadisənin bundan qısa müddət əvvəl baş verdiyi, eyni zamanda gecə saatlarında yol hərəkətinin seyrək olduğu nəzərə alınaraq polis əməkdaşlarının xidmət avtomobilinin işıq və səs siqnallarını qoşaraq şəxsin arxasınca hərəkət etməsi şəraitində bu siqnalların görünməməsi və ya dərk edilməməsi məhkəmə tərəfindən inandırıcı hesab edilmir. Başqa sözlə, polis əməkdaşlarının Şəxs dayandırmaq məqsədilə ardıcıl hərəkət etməsi, siqnalların verilməsi və şəxsin buna baxmayaraq hərəkətini davam etdirməsi onun polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığını göstərir.Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxsin verdiyi izahat dolayısı ilə öz hərəkətlərini təsdiq edən etiraf xarakteri daşıyır. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən Şəxs əvvəllər inzibati məsuliyyətə cəlb edilməmiş, barəsində analoji hüquqpozmalarla bağlı hər hansı inzibati tənbeh tətbiq olunmamışdır. Bu hal onun şəxsiyyətini xarakterizə edən yüngülləşdirici hal kimi qiymətləndirilir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi, xətanın nəticələrinin ağır olmaması və inzibati tənbehin məqsədlərinə hüquqpozmanın qarşısının alınması və gələcəkdə oxşar xətaların törədilməməsinin təmin edilməsi məqsədinə çatmaq üçün cərimə tənbehinin tətbiqi kifayət hesab olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş materiallarını və toplanmış sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi mövcud deyildir. Çünki İXM-in 510-cu maddəsində nəzərdə tutulan xırda xuliqanlıq ictimai qaydanı pozmağa yönəlmiş, cəmiyyət üzvlərinin normal həyat fəaliyyətinə mane olan və açıq hörmətsizliklə ifadə edilən hərəkətlərin mövcudluğunu tələb edir. Bu xəta üzrə məsuliyyətin yaranması üçün şəxsin davranışında ictimai qaydanı bilərəkdən pozmaq niyyəti və həmin niyyətin real hərəkətlərlə ifadəsi sübuta yetirilməlidir. İş materiallarından görünür ki, Şəxs davranışı ictimai qaydanı pozmağa yönəlmiş müstəqil hərəkətlərdən ibarət olmamışdır. Onun hərəkətləri polis əməkdaşlarının qanuni tələblərinə əməl edilməməsi ilə məhdudlaşmış, ictimai yerdə bilərəkdən səs-küy salmaq, ətrafdakı şəxslərin asayişini pozmaq və ya cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirmək faktları müəyyən edilməmişdir. Belə ki, Şəxs nalayiq ifadələr işlətməsi və ictimai qaydanı pozması ilə bağlı iddialar yalnız onu saxlayan polis əməkdaşlarının tərtib etdiyi raportda və iş üzrə şahid qismində çıxış edən eyni xidmət əməkdaşının ifadəsində öz əksini tapmışdır. Bu hallar üzrə iş materiallarında müstəqil, obyektiv və təsdiqedici sübutlar mövcud deyildir. Belə ki, hadisənin baş verdiyi yer ictimai məkan olsa da, ətraf şəxslərin ifadələri, texniki vasitələrin görüntüləri və ya digər obyektiv sübutlar təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, yalnız eyni maraq çərçivəsində çıxış edən şəxsin izahatı xırda xuliqanlıq kimi qiymətləndirilən hərəkətlərin baş verdiyini qəti şəkildə təsdiq etmək üçün kifayət hesab edilə bilməz. Bu səbəbdən nalayiq ifadə işlədilməsi və ictimai qaydanın pozulması iddiaları sübuta yetirilmiş hesab edilmir. Belə olan halda isə Məhkəmə qeyd edir ki, yalnız polis əməkdaşları ilə münasibətlər çərçivəsində yaranmış mübahisə xırda xuliqanlıq kimi qiymətləndirilə bilməz və bu hal avtomatik olaraq 510-cu maddənin tətbiqi üçün əsas yaratmır. Xırda xuliqanlıq inzibati xətasının obyektiv və subyektiv əlamətləri iş üzrə tam sübuta yetirilmədiyindən həmin maddə üzrə inzibati xəta hadisəsinin olmadığı qənaətinə gəlinir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 114.1, 114.1.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi tərtib olunmuş materiala inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 150 (bir yüz əlli) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(5-93)-269/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-269/2026
14.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver