Məhkəmə qərarları › İş №3(5-93)-27/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-27/2026

22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-27/2026 22.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X4 Novruz oğlunun katibliyi, Şikayət verən X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 31560562 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X3 məhkəməyə şikayətlə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31560562 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 31560562 nömrəli inzibati xəta haqqında qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən 50 manat və 2 bal miqdarında cərimə edilmişdir. Belə ki, o, xx.xx.2025-ci il tarixində saat 09:45 Zabrat dairəsindən Maştağa qəsəbəsi istiqamətində hərəkət etmişdir. X6 istiqamətinə döngəni keçdikdən sonra təxminən 100-150 metr məsafədə yolun qarşı tərəfində sürət rejimi pozuntularını aşkar edən yol patrul xidməti avtomobili dayanmışdı. O, 71 km/saat sürətlə hərəkət edərkən və radar cihazına düşmüşdür. Lakin bildirmək istəyir ki, bu maddənin ona tətbiq edilməsi düzgün deyil, çünki həmin yol sahəsində sürət həddini məhdudlaşdıran heç bir yol nişanı mövcud deyil. Orada yalnız Maştağa qəsəbəsinə giriş olduğunu bildirən yol nişanı var. Etibarnamə verdiyi son şəxs həyat yoldaşı olduğu üçün inzibati protokol onun adına tərtib edilmişdir. O, "E-polis" tətbiqi vasitəsilə onlayn şikayət edərək, qayda pozuntusunun aşkar edildiyi vaxt sükan arxasında onun olduğunu bildirmiş və protokolun onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. Eyni zamanda qeyd etmişdir ki, həmin ərazidə sürət məhdudiyyətini göstərən yol nişanı yoxdur, yaşayış məntəqəsində isə sürət həddi 60 km/saatdır. Şikayətinə cavab olaraq xx.xx.2025-ci il tarixində elektron protokol onun adına yenidən rəsmiləşdirilmişdir, lakin şikayətinin digər hissəsinə yəni yol nişanlarının olmaması ilə bağlı iradına polis tərəfindən cavab verilməmişdir. Bu səbəbdən xx.xx.2025ci il tarixində protokolun düzgün tərtib olunmaması ilə bağlı yenidən şikayət etməyə məcbur qalmışdır. Bir ay sonra, xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin rəisi Rəşid Piriyevdən cavab almışdır ki, hər şey yoxlanılmış və protokol düzgün tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış Baş X7 İdarəsinin nümayəndəsi məhkəmədə iştirak etməmişdir. Məhkəmə işə Baş X7 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 31560562 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməklə, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Baş X7 İdarəsinə göndərilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 31560562 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, 90CO190 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 həddi 50 km/saat olan Bakı şəhəri, Balaxanı neft yaşayış sahəsi 100-də 71 km/saat surətlə hərəkət etmiş Azərbaycan Respublikası İXM-in 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 2 bal - 50 manat inzibati cərimə edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin İ hissəsinə əsasən Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. İİ hissəsinə əsasən nəqliyyat vasitələri: 1) yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə (kiçik elektrik nəqliyyat vasitələrinə münasibətdə bu Qanunun 38-1-ci maddəsinin birinci hissəsinin 3-cü bəndi nəzərə alınmaqla); 2) minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri yaşayış məntəqələrindən kənarda: avtomagistrallarda — saatda 110 kilometrdən çox olmayan sürətlə; başqa yollarda — saatda 90 kilometrdən çox olmayan sürətlə; 3) şəhərlərarası və xüsusilə kiçik avtobuslar və motosikletlər yaşayış məntəqələrindən kənarda bütün yollarda saatda 90 kilometrdən çox olmayan sürətlə; 4) digər avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri yaşayış məntəqələrindən kənarda: avtomagistrallarda — saatda 90 kilometrdən çox olmayan sürətlə; başqa yollarda — saatda 70 kilometrdən çox olmayan sürətlə; 5) banında adamlar daşıyan yük avtomobilləri — saatda 50 kilometrdən çox olmayan sürətlə; 6) yedəyində mexaniki nəqliyyat vasitələri aparan nəqliyyat vasitələri — saatda 50 kilometrdən çox olmayan sürətlə; 7) təhlükəli, ağır çəkili və iri qabaritli yüklər daşıyan nəqliyyat vasitələri — daşıma şərtləri razılaşdırılarkən müəyyən edilmiş həddən çox olmayan sürətlə hərəkət etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə on manat məbləğində cərimə edilir. 328.2-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə əlli manat məbləğində cərimə edilir. Məhkəmə şikayət verənin mövqeyini əsaslı hesab edir, belə ki, məhz şikayət verən tərəfindən təqdim edilmiş videogörüntülərdən müəyyən edilir ki, inzibati xəta kimi qiymətləndirilən hadisə yaşayış məntəqəsi daxilində yerləşən yol sahəsində baş vermişdir. Həmin yol sahəsində hərəkət sürətini 50 km/saat həddində məhdudlaşdıran heç bir yol nişanının mövcud olmadığı açıq şəkildə görünür. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən, yaşayış məntəqələri daxilində nəqliyyat vasitələri saatda 60 kilometrdən artıq olmayan sürətlə hərəkət etməlidirlər. Qanunvericilikdə bu sürət həddinin azaldılması yalnız müvafiq yol nişanları ilə mümkündür. Belə nişanlar olmadıqda isə ümumi norma tətbiq edilməlidir. Mübahisə predmeti olan inzibati xəta üzrə müəyyən edilmiş sürət 71 km/saat təşkil etmişdir. Bu halda sürət həddi 11 km/saat aşılmış hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən, yolda müəyyən edilmiş sürət həddinin 10–20 km/saat aşılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin inzibati orqan tərəfindən şikayət verənə sürət həddini 21–40 km/saat aşma kimi qiymətləndirilərək İXM-in 328.2-ci maddəsi tətbiq edilmişdir ki, bu da işin faktiki halları və qüvvədə olan hüquq normaları ilə uzlaşmır. Məhkəmə hesab edir ki, yol sahəsində sürət məhdudiyyətini 50 km/saat səviyyəsində müəyyən edən yol nişanı olmadığı halda, inzibati orqanın həmin sürəti əsas götürməsi qanunauyğun deyil. İnzibati məsuliyyət yalnız qanunda və yol nişanlarında açıq şəkildə müəyyən edilmiş tələblərin pozulmasına görə yarana bilər. Şübhələr isə, inzibati icraatın prinsiplərinə uyğun olaraq, şəxsın xeyrinə şərh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 134.1-ci və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 31560562 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət qismən təmin edilməli, həmin qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Səlahiyyətli orqan işə yenidən baxarkən mübahisəli yol sahəsində sürət məhdudiyyətini 50 km/saat səviyyəsində müəyyən edən yol nişanı olmadığını nəzərə almalı, aşılan sürəti düzgün müəyyən etməli, nəticəsindən asılı olaraq inzibati tənbeh vermə haqqında qərar çıxarmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 31560562 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar