Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-270/2026 14.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis şöbəsinin sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, N saylı hərbi hissədə qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis şöbəsinin sahə rəisi, polis mayoru X2 izahat verərək bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə Şəxs Binəqədi RPİ-in DYPŞ-in YPX əməkdaşları tərəfindən Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Nicat” hamamının qarşısında saxlanılmışdır. Saxlanılmaya səbəb isə şəxsin idarə etdiyi nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinin olması səbəb olmuşdur. YPX əməkdaşları nəqliyyat vasitəsində olan konstruksiya dəyişikliyinin yerində həll edilməsini bildirsələrdə, şəxs onu həyata keçirə bilməmişdir. Ona görə də YPX əməkdaşları nəqliyyat vasitəsinin duracağa təmin olunmasını bildirmişdilər. Lakin, Şəxs bununla razılaşmayaraq, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və onlara tabesizlik göstərmişdir. Aralarında mübahisə yaranmış və şəxs polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Tərtib olunmuş raportlar onun icraatına daxil olmuş və tərəfindən araşdırılma aparılmış, nəticədə Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, heç bir təhqiramiz ifadə işlətməmişdir. Belə ki, YPX əməkdaşları onun nəqliyyat vasitəsini quraşdırılmış əlavə işıqlara görə saxlamışlar. O, həmin işıqları quraşdırmamışdan əvvəl başqa YPX əməkdaşlarından həmin işığın qadağan olunmadığını öyrənmişdi. Lakin bu səfər onu saxlayan əməkdaşlar həmin işığın qadağan olmasını, buna görə avtomobilin duracağa getməli olduğunu bildirmişlər. O işığın sökmək istədiyini desə də, YPX əməkdaşları buna icazə verməmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, avtomobildə oturmuş, YPX əməkdaşları isə gözləyirdilər, lakin nasazlığın yerində aradan qaldırılması ilə bağlı polislərin dediklərini eşitməmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsi yol patrul xidməti inspektoru, polis serjantı X4 izahatında bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə dislokosiya üzrə xidmət apardıqları ərazidə qarşıdan gələn nəqliyyat vasitəsinə saxla əmri verilmişdir. Saxla əmrinin verilməsinə səbəb sürücünün təhlükəsizlik kəmərindən istifadə etməməsi olmuşdur. Sürücüyə yaxınlaşıb özlərini təqdim etdikdən sonra avtomobildə eyni zamanda led işıqlarının olmasını aşkar etmişlər. Bununla bağlı sürücüyə avtomobildə olan nasazlıqları bildirmişlər və həmin nasazlığın yerində aradan qaldırılmasını, əks halda avtomobilin duracağa yerləşdirilməli olduğunu izah etmişlər. Lakin, sürücü onların qanunvericiliklə bağlı tələblərini dinləməyərək, 1 saat təxminən onların vaxtını almışdır. Hətta sürücü onların sözünə inanmayaraq telefonla kiməsə zəng edərək soruşmuş, həmin işıqların qadağan olmasını telefonda danışdığı adam bildirsə belə, yeni razılaşmayaraq tabesizlik etmiş, sonrasında isə avtomobildən enərək onlarla mübahisə etməyə başlamış, səs-küy salmışdır. Dəfələrlə nizam-intizama əməl etməsi tələb olunsa da, sürücü məhəl qoymamış, hətta post-patrul xidməti əməkdaşları gəldikdən sonra onlarla da mübahisə etmiş, şəxs ona “paqonların çiynininə ağırlıq edir” məzmununda ifadə işlətmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsi yol patrul xidməti inspektoru, polis baş serjantı X6 şahid X4 ilə eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2026-cı il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə, saat 19:30-da inzibati qaydada tutulmuşdur. xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində AR İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqında protokol tərtib edilmişdir. Elektron məhkəmə informasiya sisteminə baxış keçirilməklə müəyyən edilmişdir ki, xx.xx.2018-ci il təvəllüdlü Həzimə Güləliyeva, xx.xx.2020-ci il təvəllüdlü Əli Güləliyev adlı iki övladı var. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində tərtib olunmuş protokol İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair hissədə əsaslı olsa da, həmin Məcəllənin 510-cu maddəsi ilə olan hissədə isə əsassızdır. Məhkəmə ilk növbədə Şəxs tərəfindən İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair qeyd edir ki, həmin maddəyə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İctimai qaydanın pozulması halları, cəmiyyətin ümumi asayişinin qorunmasına yönəlmiş davranış qaydalarının ziddinə hərəkət edildikdə baş verir. Belə hallar cəmiyyətin normal həyat tərzini pozmaqla, ictimai nizam-intizama, etik normalara və birgəyaşayış prinsiplərinə mənfi təsir göstərir. İctimai qayda dedikdə, insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə yanaşı, qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış qaydaları nəzərdə tutulur. Bu sistemin pozulması isə cəmiyyətin normal fəaliyyətinə mənfi təsir etməklə ictimai təhlükə doğurur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs tərəfindən xırda xuliqanlıq hərəkətlərinə yol verilməmiş, sonuncu polis əməkdaşları tərəfindən saxlanıldığı zaman hər hansı nalayiq ifadə işlətməmiş, sadəcə quraşdırılmış əlavə işıqların aradan qaldırılması, əks təqdirdə avtomobilin duracağa təmin olması barədə ona yönələn tələbə tabe olmamışdır. Belə olan halda, Şəxs əməlində qeyd olunan maddə ilə inzibati xəta tərkibi istisna olunur. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığından həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Eyni zamanda məhkəmə iclasında tədqiq edilmiş iş materiallarına və tərəflərin izahatlarına əsasən məhkəmə hesab edir ki, Şəxs tərəfindən İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədildiyi tam şəkildə sübuta yetirilmişdir. Bu fakt həm barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünün, həm də şahidin izahatı, iş materiallarında olan video-görüntülər, raportlar ilə öz təsdiqini tapır. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə idarə etdiyi nəqliyyat vasitəsində təhlükəsizlik kəməri taxmadığı üçün YPX əməkdaşları tərəfindən saxlanılmış, saxlanıldığı zaman polis əməkdaşları sonuncunun avtomobilində konstruksiyaya uyğun olmayan işıqların quraşdırılmasını aşkar etmişlər. Bundan sonra həmin işıqların yerində aradan qaldırılmadığı halda avtomobilin duracağa təmin edilməli olması barədə qanunvericiliyin tələbləri Şəxs izah olunmuş, buna baxmayaraq barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nə həmin dəyişikliyi aradan qaldırmış, nə də avtomobilin duracağa təmin olunmasına razı olmuş, bunun əksinə polis əməkdaşları ilə mübahisə etmişdir. Ona dəfələrlə nizam-intizama əməl etməsi, yönələn tələbə tabe olması bildirilsə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin tələblərə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmiş, hadisə yerinə gələn Post-Patrul Xidməti Bölüyünün əməkdaşları ilə də mübahisə etmiş, şöbəyə aparılmasına da etiraz etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İXM-nin 535.1-ci maddəsində polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Normanın dizposiyasından göründüyü kimi qeyd edilən norma ilə inzibati məsuliyyət yaranması üçün ilk növbədə şəxsə yönələn tələb qanuni olmalıdır. Məhkəmə Şəxs yönələn tələbin qanuni olub-olmamasına münasibətdə qeyd edir ki, İXM-nin 98-ci maddəsinə əsasən tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri, şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan edilir. Qeyd olunan normanın tələblərindən göründüyü kimi xarici işıq cihazları nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı qadağan edilir. Şəxs izahatında avtomobilə əlavə işıqlar quraşdırdığını və YPX işçilərindən həmin işıqların qadağan olmadığını öyrəndiyini bildirmişdir. Odur ki, Şəxs nəqliyyat vasitəsinə quraşdırılmış əlavə işıqların aradan qaldırılması, əks halda avtomobilin duracağa təmin olunması barədə tələb qanuni olmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Yol hərəkəti haqqında” qanuna 1 saylı əlavədə “Nəqliyyat vasitələrinin nasazlıqlarının” siyahısı müəyyən edilmişdir. Qeyd olunan siyahının İİİ bəndində mühərriklə bağlı nasazlıqlar göstərilmişdir ki, həmin bəndin 1-ci hissəsində konkret olaraq “Xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda” qeyd edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs idarə etdiyi nəqliyyat vasitəsində xarici işıq cihazlarının tipi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadığından sonuncuya nəqliyyat vasitəsinin istismarının qadağan edilməsi barədə yönələn tələb qanuni olmuş, sözügedən tələbi yerinə yetirməkdən imtina etməklə Şəxs polis qanuni tələbinə qəsdən tabe olmamış, bununla da bununla da İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən Şəxs İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, raport, şahidlərin izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Şəxs himayəsində 2 yetkinlik yaşına çatmayan övladının olmasını məhkəmə sonuncunun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh tədbirinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Şəxs azadlığı faktiki olaraq xx.xx.2026-cı il tarixdən, saat 19:30-dan məhdudlaşdırılmış, Şəxs azad edilməmiş, məhkəmə iclasına da polis əməkdaşlarının nəzarəti altında gətirilmişdir. Odur ki, Şəxs barəsində tətbiq ediləcək inzibati həbs tənbeh tədbirinin əvvəli həmin vaxtdan hesablanmalıdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, inzibati həbs müddətinin əvvəli 13 yanvar 2026-cı il tarixdən, saat 19:30-dan hesablanmalı, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. İnzibati həbs müddətinin əvvəli 13 yanvar 2026-cı il tarixdən, saat 19:30-dan hesablansın. Qərar dərhal icra edilsin və icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(5-93)-270/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-270/2026
14.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver