Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-271/2026 14.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis şöbəsinin sahə inspektoru, polis kapitanı X2, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Sabirabad rayonu Cavad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Sabirabad rayonu, Cavad Ərazi Dairəsi, Cavad kəndində ünvanında qeydiyyatda olmaqla, ünvan 2da yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Proses iştirakçılarının ifadələri:
2. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis şöbəsinin sahə inspektoru, polis kapitanı X3 izahat verərək bildirmişdir ki, 13 yanvar 2026-cı il tarixdə Binəqədi rayonu ərazisində xidmət aparan polis əməkdaşları iki nəfər şəxsin ictimai qaydanı pozaraq mübahisə etdiyini və ucadan söyüşlər söydüyünü müəyyən etmişlər. Polis əməkdaşları həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmiş və onları nizam-intizama dəvət etmişlər. Həmin vaxt Şəxs polisin qanuni tələbinə tabe olmayaraq, öz hərəkətlərini davam etdirmişdir. Bundan sonra həmin şəxs saxlanılaraq polis şöbəsinə gətirilmiş və Şəxs əməlində İXM-in 510 və 535.1-ci maddələrinin tərkibi olduğundan barəsində həmin maddələr ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir.
3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahat verərək bildirmişdir ki, 13 yanvar 2026-cı il tarixdə 21 radələrində avtomobillə hərəkətdə olan zaman qarşısındakı avtomobil anidən əyləcə basmış və qəza vəziyyəti yaratmışdır. O da avtomobili saxlayıb maşının sürücüsünə iradını bildirdikdə həmin şəxs avtomobildən düşərək onu təhqir etmişdir. O isə yoluna davam etdikdə qarşısındakı başqa avtomobil dayandığından o da avtomobilini saxlamalı olmuş, lakin arxadan gələn mübahisə etdiyi sürücü qəsdən avtomobilin əyləcinə basdığını bəhanə edərək yenidən onunla mübahisə etməyə başlamışdır. Bu zaman bir avtomobil dayanmış və içərisindən polislər düşmüşdür. Polislər onları bölməyə dəvət etmiş, o da polis əməkdaşına taksi sürücüsü olduğunu əgər onlarla gedərsə işindən olacağını bildirərək getməməsini xahiş etmişdir. Lakin polislər təkid etdikdə, avtomobilə əyləşərək onlarla bölməyə getmişdir. O, polislərin yanında söyüş söymədiyini və bölməyə könüllü getdiyini, lakin ictimai yerdə səsküy yaratdığına görə peşman olduğunu bildirərək, evə qazanc aparan yeganə şəxs olduğunun nəzərə alınmasını və məhkəmədən ona yüngül tənbeh verilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin CAŞ-ın kiçik inspektrou, polis serjantı X1 izahatında bildirmişdir ki, 13 yanvar 2026-cı il tarixdə Binəqədi rayonu ərazisində xidmətdə olarkən iki nəfər şəxsin uca səslə mübahisə etdiyini görmüşdür. Şəxs həmin vaxt ucadan nalayiq ifadələr işlətmişdir. Daha sonra ona verilən suala cavab olaraq bildirmişdir ki, o nalayiq ifadələri eşitməmiş, ancaq tərəflər arasında səs-küy eşitmişdir. Elə bu səbəbdən də onlara yaxınlaşmışdır. Digər şəxsin günahı olmadığı üçün onu saxlamamışdır, amma Şəxs bölməyə dəvət etmişdir. O, ilk öncə gəlmək istəməsə də zəruri izahlar verildikdən sonra könüllü bölməyə gəlməyə razı olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
5. xx.xx.2025-ci il tarixli, AZA № 030359 inzibati qaydada tutma haqqında protokolundan görünür ki, Şəxs 13 yanvar 2026-cı il tarixdə saat 21:50-dıə inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir.
6. xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində ucadan söyüş söymüş və polisin qanuni tələbinə tabe olmayaraq İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmənin gəldiyi nəticə və onun əsaslandırılması:
7. Məhkəmə, proses iştirakçılarını dinləyib, məhkəmə iclasında toplanmış sübutları tədqiq edərək hesab edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollar üzrə sonuncunun hərəkətlərində İXM-in 510-cu maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilsə də, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilməlidir.
8. Belə ki, İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
9. Göründüyü kimi qanunverici tərəfindən qeyd olunan normada polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, şəxsin onların qanuni tələblərinə qəsdən tabe olmaması həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır.
10. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs əməlinə münasibətdə sonuncunun polis əməkdaşının qanuni tələbinə tabe olmaması məhkəmədə öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib edilmişdir. Belə ki, Şəxs izahatında küçədə digər şəxslə mübahisə edərkən polis əməkdaşının ona yaxınlaşdığını, polisin onu bölməyə dəvət etdiyini, onun da polis əməkdaşına işindən qalacağını, daha sonra isə könüllü şəkildə polis şöbəsinə getdiyini bildirmişdir. Bundan başqa hadisə şahidi polis serjantı X1 da konkret polisə tabesizliyin nədən ibarət olmasının izahını verə bilməmiş, əksinə bildirmişdir ki, Şəxs ilk öncə polisə getmək istəmədiyini bildirsə də ona izah verildikdən sonra könüllü bölməyə getmişdir. Beləliklə də, tərtib edilmiş inzibati xəta haqqında protokolda şəxsin səs-küy salaraq polisin qanuni tələblərinə tabe olmaması qeyd edilsə də, məhkəmə iclas zalında qeyd edilən hallar təkzib edilmiş, şəxsin polisə qarşı hər hansı tabesizliyi ehtiva edən hərəkəti müəyyən edilməmişdir.
11. Həmçinin qeyd edilməlidir ki, İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmçinin qeyd olunmalıdır ki, İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan, yəni qəsdən və ya ehtiyatsızlıqdan törədilən və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur.
12. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də, həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırkı iş üzrə Şəxs təqsiri müəyyən olunmur və yuxarıda qeyd olunan hallar sonucunun təqsirsiz olmasına dəlalət edir. Ona görə də, məhkəmə Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında proptokol üzrə İXM-in 535.1-ci maddəsinə münasibətdə icraata xitam verilməsi qənaətinə gəlmişdir.
13. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir.
14. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.
15. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.
16. Məhkəmə, Şəxs digər əməlinə münasibətdə isə bildirmək istəyir ki, barəsində İXM-in 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatı ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Həmçinin Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, habelə inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh tətbiq edilməlidir.
17. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
18. Məhkəmə, Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal aşkar etməmiş, onun səmimi peşmanlığını isə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır.
19. Məhkəmə, Şəxs ilk dəfə inzibati xəta törətməsini onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alaraq hesab edir ki, ona inzibati cərimə növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati icraat aparılan şəxsə inzibati həbs tənbeh növünün təyin edilməsi isə məqsədəmüvafiq deyildir.
20. İXM-in 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.
21. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
22. İXM-in 3-ci maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
23. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur.
24. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.
25. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir.
26. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.
27. İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz.
28. İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır.
29. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngüllləşdirən halın olmasını, ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsi ilə təqsirli bilinərək, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilən inzibati cərimə növündə tənbehin dörddə üçündən çox olmayan məbləğdə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli və sonuncu dərhal məhkəmə iclas zalından inzibati tutulmadan azad edilməlidir. İXM-in 535.1-ci maddəsinə münasibətdə isə Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.
30. Qeyd olunanları nəzərə alaraq və İXM-in 32, 40, 43, 48-50, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilməlsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından inzibati tutmadan azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Aytəkin İbrahimova