Məhkəmə qərarları › İş №3(5-93)-275/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-275/2026

14.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-275/2026 14.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X9 Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru X3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə İmişli rayonu, Muradxanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, İmişli rayonu, Muradxanlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni massivdə fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2026-cı il tarixdə Binəqədi rayonu ərazisində narkotik vasitə olan marixuanadan istifadə etmişdir. xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs barəsində olan şikayətlər əsasında dəfələrlə polis şöbəsinə dəvət olunmasına baxmayaraq polisin qanuni tələblərinə məhəl qoymayaraq tabe olmamış və şöbəyə gətirilərkən polisin ünvanına xoşagəlməz ifadələr işlətmişdir. Qeyd olunan protokollar baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru X4 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, X5 xx.xx.2025-ci il tarixli, M-13258 nömrəli müraciəti ilə əlaqədar vətəndaş Şəxs polis şöbəsinə dəvət olunmasına baxmayaraq polisin qanuni tələblərinə məhəl qoymayaraq tabe olmamış və polis şöbəsinə gəlməmişdir. Şəxs xx.xx.2026-cı il tarixdə saat təxminən 14:00 radələrində polis əməkdaşları tərəfindən saxlanılmış və izahatı alınması üçün PŞ-yə dəvət olunmuş, lakin buna baxmayaraq sonuncu onlarla kobud rəftar etmiş, polisin ünvanına xoşagəlməz ifadələr işlətmiş həmçinin polisin qanuni tələblərinə tabe olmayaraq PŞ-yə getməkdən imtina etmişdir. Dəfələrlə intizama dəvət edilsə də Şəxs buna məhəl qoymamış, bu səbəbdən 7-ci Polis Şöbəsinə gətirilmişdir. Həmin şəxsin narkotik vasitənin təsir altında olması ilə bağlı əsaslı şübhələr olduğundan narkoloji mərkəzə aparılmış, həmin Mərkəzin rəyinə əsasən ondan götürülmüş sidik nümunəsində MET (+), MOP (+), THC (+) və MTD (+) aşkar edilmişdir. Özü də bu faktı etiraf etmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati xəta haqqında protokollar tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Onun törətdiyi inzibati xətaların xarakterini nəzərə alıb, inzibati həbs növündə tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, o, həqiqətən də 1 həftə bundan əvvəl tanımadığı bir şəxsdən narkotik vasitə olan marixuana alaraq istifadə etmişdir. Lakin, heç bir kəsə sataşmamışdır ki, buna görə polis şöbəsinə çağırılsın. Polis şöbəsinə getməməsinə səbəb isə xəstə olması olmuşdur. Əks halda polis şöbəsinə gedib vəziyyəti izah edərdi. Polis əməkdaşları onu saxlayarkən ondan şikayət olduğunu bildirəndə hirslənmiş və xoşəgəlməz ifadələr işlətmişdir. Bu əməllərinə görə peşmandır. Buna baxmayaraq o, polis əməkdaşları ilə birlikdə şöbəyə getməkdən imtina etməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi RPİ-nin 7-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Fərid İsayev və polis kapitanı Rauf Əlizadə oğlu tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli raportdan görünür ki, X5 xx.xx.2025-ci il tarixli, M-13258 nömrəli müraciəti ilə əlaqədar vətəndaş Şəxs xx.xx.2026-cı il tarixdə saat təxminən 14:00 radələrində polis əməkdaşları tərəfindən saxlanılmış və izahatı alınması üçün PŞ-yə dəvət olunmuş, lakin buna baxmayaraq sonuncu onlarla kobud rəftar etmiş, polisin ünvanına xoşagəlməz ifadələr işlətmiş həmçinin polisin qanuni tələblərinə tabe olmayaraq PŞ-yə getməkdən imtina etmişdir. Ambulator X2 dair xx.xx.2026-cı il tarixli, 288 saylı rəydən görünür ki, Şəxs götürülmüş sidik nümunəsində MET (+), MOP (+), THC (+) və MTD (+) aşkar edilmişdir. Müayinə zamanı Şəxs opıoidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. İnzibati qaydada tutma haqqında xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 14:20-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə tutulmuşdur. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən Şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş, barəsində ittiham hökmü çıxarılmışdır. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların Siyahı”larına əsasən qurudulmuş marixuana Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-cı maddəsinə görə Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirliliyi özünün etirafı, ekspert rəyi, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 206 və 510-cu maddələri ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaların xarakterini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə inzibati tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə cərimə tənbehinin təyin edilməsini kifayətedici hesab etmir. Çünki, müayinə zamanı onda narkomaniya xəstəliyinin aşkar olunması narkotik vasitələrin aludəçisi olduğunu təsdiq edir. Bundan əlavə, o, əvvəllər də eyni xarakterli hüquqazidd davranışlara görə məsuliyyətə cəlb edilmiş, konkret olaraq, cinayət törətdiyinə görə barəsində ittiham hökmü çıxarılmışdır. Bu mənada məhkəmə ona inzibati həbs təyin edilməsinə dair qənaətini həmçinin onunla əsaslandırır ki, cəmiyyətin maraqları şəxsin azadlıq hüququndan üstündür. Odur ki, Şəxs inzibati həbs növündə tənbeh təyin edilməlidir. Məhkəmə, Ambulator X1 rəyini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İXM-in 37.1-ci maddəsinə əsasən Şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Məhkəmə digər tərəfdən isə hesab edir ki, Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud deyildir. Belə ki, həmin maddənin tətbiqi üçün polis əməkdaşının ictimai qaydanın mühafizəsi ilə bağlı konkret, qanuni və icrası məcburi olan tələbinin mövcudluğu, eləcə də bu tələbin qəsdən icra edilməməsi zəruridir. İş materiallarından isə Şəxs münasibətdə belə tələbin rəsmi formada irəli sürüldüyü və onun bu tələbdən nümayişkaranə şəkildə imtina etdiyi müəyyən edilmir. Şəxs polis şöbəsinə dəvət olunmasına baxmayaraq müəyyən vaxt ərzində ora gəlməməsi özlüyündə polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmama kimi qiymətləndirilə bilməz. Bundan əlavə, saxlanılma zamanı onun polis əməkdaşlarının konkret qanuni göstərişlərinin icrasına fiziki və ya faktiki maneə törətməsi halları da aşkar edilməmişdir. Onun polis əməkdaşlarının ünvanına işlətdiyi xoşagəlməz ifadələr və qeyrietik davranışlar isə ictimai qaydanı pozan hərəkətlər kimi artıq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə hüquqi qiymətini almışdır. Həmin davranışların eyni zamanda 535.1-ci maddə üzrə də tövsif edilməsi eyni əməlin iki inzibati xəta kimi qiymətləndirilməsinə gətirib çıxarar. Bu baxımdan, məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlləri polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmama xarakteri daşımadığından, onun barəsində 535.1-ci maddə üzrə inzibati məsuliyyətin tətbiqi üçün hüquqi əsaslar mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. 37.1-ci maddəsinə görə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. 37.3-cü maddəsinə görə barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. 37.5-ci maddəsinə görə barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 114.1, 114.1.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır:..inzibati tənbeh vermə haqqında... 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi tərtib olunmuş material üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli 13 yanvar 2026-cı il tarixdən saat 14:20-dən hesablansın. İnzibati qaydada həbs edilmiş Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar