Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-276/2026 15.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə toplanmış materialın baxılmağa hazırlanması zamanı MÜƏYYƏN ETDİM: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 529.3-cü maddəsilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin icraatını rədd edən halların mövcudluğunu müəyyən etmişdir. Belə ki, işin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, Şəxs barəsində İXM-in 469.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30322656 nömrəli inzibati xəta haqqında protokol əsasında xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir. Şəxs xx.xx.2025-ci il tarixdə çıxarılmış inzibati tənbeh tətbiq etmə haqqında qərarla ona təyin edilmiş cəriməni qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddət ərzində ödəmədiyinə görə barəsində İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İXM-in 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Göründüyü kimi, İXM-in 529.3-cü maddəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud İXM-in 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulsa da, Şəxs inzibati məsuliyyətə cəlb edildiyi İXM-in 469.3-cü maddəsi İXM-in 36-cı fəslində nəzərdə tutulmuş “vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan” inzibati xətalara aiddir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Təsvir edilənlərə əsasən hesab edirəm ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 529.3-cü maddəsinin tərkib əlamətləri olmadığından başlanmış icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1-ci və 109.2-ci maddələrinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(5-93)-276/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-276/2026
15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver