Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-29/2026 22.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X5 Novruz oğlunun katibliyi, Şikayət verən X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şamaxı Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, EQ 31889879 nömrəli inzibati tənbeh haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X4 məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şamaxı Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, EQ 31889879 nömrəli inzibati tənbeh haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən X4 şikayəti müdafiə edərək bildirdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şamaxı Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, EQ 31889879 nömrəli inzibati tenbeh haqqında qərarı əsassızdır. Belə ki, xx.xx.2025-ci il tarixdə Şamaxı şəhərinə gedərkən yolda qarşısına kombayn çıxmış və həmin kombayndan onun avtomobilinə yad cisimlər gəldiyi üçün o, məcbur qalıb ötmə əməliyyatı edərək hərəkətini davam etdirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şamaxı Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmədə iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şamaxı Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şamaxı Rayon Polis X1 ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə ünvanlamış olduğu xx.xx.2025-ci il tarixli müraciətə aidiyyəti üzrə Şamaxı Rayon Polis Şöbəsində baxılmışdır. Aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, o, xx.xx.2025-ci il tarixlərdə Şamaxı şəhəri Nəsimi qəsəbəsində “Ford Fusion” markalı **- UC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozaraq inzibati xəta törətmişdir. Etdiyi qayda pozuntusuna görə ona İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə EQ 31889879 nömrəli elektron qərar protokol tərtib edilmişdir. Eyni zamanda araşdırma zamanı müraciətində Rayon Polis Şöbəsinin Yol Patrul Xidməti inspektoru barəsində göstərmiş olduğu xüsusatlar təsdiqini tapmadığından, eləcə də Yol Patrul Xidməti inspektoru tərəfindən ona qarşı hər hansı qanuna zidd hərəkətlərə yol verilmədiyindən toplanmış material Şamaxı Rayon Polis Şöbəsinin dəftərxanasında işə tikilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 51-ci maddəsinin İ hissəsinə əsasən ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki: 1) girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq; 2) eyni zolaqda arxasınca gələn nəqliyyat vasitəsi onu ötməyə başlamayıb, özündən qabaqda gedən nəqliyyat vasitəsi isə ötmə, sola dönmə, yerdəyişmə barədə siqnal vermir; 3) qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boşdur və iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəkdir. 51-ci maddənin V hissəsinə əsasən ötmə: 1) nizamlanan yolayrıclarında — əks istiqamətli hərəkət zolağına keçməklə və nizamlanmayan yolayrıclarında — baş yol olmayan yolla hərəkət etdikdə (hərəkətin dairəvi olduğu yolayrıclarında ötmə, yanqoşqusu olmayan ikitəkərli nəqliyyat vasitələrini ötmə və icazə verilmiş sağdan ötmə istisna edilməklə); 2) piyada keçidlərində — piyadalar olduqda; 3) dəmiryol keçidlərində və onlara 100 metrdən az qaldıqda; 4) ötən və ya yanından keçən nəqliyyat vasitəsini; 5) yoxuşun axırında və yolun məhdudiyyətli görünüşlü digər sahələrində — əks istiqamətli hərəkət zolağına çıxmaqla; 6) tunellərdə qadağandır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. İş materiallarından, o cümlədən foto görüntülərindən müəyyən olunur ki, sürücü X4 idarə etdiyi nəqliyyat vasitəsi ilə qarşısında hərəkətdə olan kombaynı ötmə əməliyyatına başlamazdan əvvəl yol hərəkəti qaydaları ilə müəyyən edilmiş təhlükəsizlik şərtlərinə əməl etmədən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə manevri etmişdir. Yol hərəkəti qaydalarına əsasən, sürücü ötməyə başlamazdan əvvəl girmək istədiyi hərəkət zolağının kifayət qədər məsafədə boş olduğuna, eləcə də bu manevrin qarşıdan gələn nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmayacağına əmin olmalıdır. Mövcud vəziyyətdə yolun konfiqurasiyası və görünüşün məhdudluğu şəraitində sürücünün ötməni təhlükəsiz və qısa müddətdə başa çatdırmaq imkanı olmamış, buna baxmayaraq manevrə başlanılmışdır. X4 izahatında kombaynın hərəkəti zamanı ondan ayrılan yad cismin nəqliyyat vasitəsinə dəyməsi səbəbindən ötmə əməliyyatı etməsini göstərsə də, qeyd edilən hal sürücünü yol hərəkəti qaydalarının tələblərindən kənara çıxmağa əsas verən son zərurət halı kimi qiymətləndirilə bilməz. Belə şəraitdə sürücü nəqliyyat vasitəsinin sürətini azaltmalı, təhlükəsiz ara məsafə saxlamalı və ötmə əməliyyatını yalnız təhlükəsiz şərait yarandıqdan sonra həyata keçirməli idi. Bundan əlavə, yolun əyriliyi və məhdud görünmə şəraiti nəzərə alınmaqla, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı yol hərəkəti qaydaları ilə qadağan edilmiş sahədə icra edilmişdir. Bu isə sürücünün davranışında inzibati xətanın obyektiv tərəfinin formalaşdığını təsdiq edir. Beləliklə, sürücünün ötmə əməliyyatını səhv və təhlükəli şəkildə icra etməsi onun əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin mövcud olduğunu göstərir. Bu baxımdan inzibati tənbehin düzgün tətbiq edildiyi müəyyən edilir və X2 verdiyi şikayət əsassız hesab edilərək rədd edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şamaxı Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, EQ 31889879 nömrəli qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şamaxı Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, EQ 31889879 nömrəli inzibati tənbeh haqqında qərarından verdiyi şikayət təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(5-93)-29/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-29/2026
22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver