Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-30/2026 16.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X3 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, “xx.xx.2025-ci il tarixdə saat 17 radələrində hərəkətdə olarkən DSK yolu adlanan ərazidə sola dönmə manevri edərkən “Hyundai” markalı avtomobili qayda pozaraq qarşı hərəkət zolağına çıxmış və onun avtomobili ilə toqquşmuşdur. Qeyd etməlidir ki, “Hyundai” markalı avtomobil onunla eyni istiqamətdə olmuç, onun dönmə işığına və ötmə qadağandır nişanlama xəttinə məhəl qoymadan ötmə əməliyyatı həyata keçirilmişdir. Odur ki, sözügedən qərarın ləğv edilməsini xahiş edir.” Məhkəmə iclasında X3 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 17:15 radələrində “DSK yolu” adlanan ərazidə baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli bilinərək İXM-nin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. Halbuki, hadisə zamanı o, sola dönmə işığını yandırmışdı, həmçinin həmin ərazidə yolda düz xətt vardır, yəni ötmə qadağandır. Bunla baxmayaraq, həmin “Hyundai” markalı nəqliyyat vasitəsi əks hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı edərək qayda pozmuş, həmçinin yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuşdur. Göstərilənlərə əsasən, məhkəmədən xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və iclasa gəlməməyin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixində saat 17:15-də X3 idarə etdiyi “Kia Ceed minik” markalı, 77DV734 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş, nəticədə İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla da, o 40 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş diskdə olan video-görüntüyə baxış zamanı müəyyən edilmişdir ki, X3 dönmə əməliyyatını icra etdiyi zaman dönmə işığını yandırmışdır. Bununla yanaşı diskdə olan digər videodan görünür ki, rəngləməsi yaxşı vəziyyətdə olmasa belə, yerdə 1.1 nişanlama xəttinin, yəni düz xəttin olması müşahidə edilir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdırıb, şikayət vermiş şəxsin izahatını dinləyib belə nəticəyə gəlir ki, X3 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X3 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinə göndərilməlidir. Belə ki, inzibati tənbeh vermə haqqında qərarda şikayətçinin əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsi qeyd edilsə də, hadisənin video-görüntüsünün tədqiqi zamanı şikayətçinin sola dönmək əməliyyatını həyata keçirməsi, sola döndüyü zaman əks hərəkət istiqamətinə çıxması və əks hərəkət istiqamətinə çıxmaqla ötmə əməliyyatını icra etmək istəyən avtomobilin gəlib onun avtomobili ilə toqquşması müəyyən edilmişdir. Belə olan halda, Nicat Məmmədovun törətdiyi inzibati xətanın mahiyyətini müəyyənləşdirmək mümkün deyildir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İXM-nin 327-ci maddəsinin dizpozisiyasında “əks istiqamətli hərəkət zolağına çıxmadan” ifadəsi sadəcə ötmə hərəkətinə aiddir, manevr etmə qaydalarının pozulması hər bir halda həmin maddə ilə məsuliyyət yaradır. Lakin hazırki halda məhkəməyə təqdim edilmiş sübutlarla X2 manevr qaydalarını pozmasını tam müəyyən etmək mümkün deyildir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanunun 51-ci maddəsinin İ bəndinin 2-ci yarımbəndində qeyd edilmişdir ki, ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki: eyni zolaqda arxasınca gələn nəqliyyat vasitəsi onu ötməyə başlamayıb, özündən qabaqda gedən nəqliyyat vasitəsi isə ötmə, sola dönmə, yerdəyişmə barədə siqnal vermir. Lakin hazırki məhkəmə iclasında tədqiq edilmiş videolara əsasən X2 idarə etdiyi “Kia Ceed minik” markalı, 77DV734 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dönmə zamanı sola dönmə barədə işıqlarının yandığı görünür. Lakin “Hyundai” markalı avtomobilin ötmə əməliyyatına başladığı zamanı kamera görüntülərində əksini tapmamışdır. Belə olduğu təqdirdə həmin nəqliyyat vasitəsinin ötmə əməliyyatına başladığı zaman “Kia Ceed minik” markalı, 77DV734 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dönmə işığının yanıb-yanmadığını müəyyən etmək mümkün deyil. Halbuki, sözügedən xüsusatın müəyyənləşdirilməsi iş üzrə ədalətli qərarın qəbul edilməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, “Hyundai” markalı nəqliyyat vasitəsinin sürücüsü X3 dönmə işıqlarını yandırdıqdan sonra ötmə əməliyyatını icra etməməli idi. Eyni zamanda baş vermiş yol nəqliyyat hadisəsi üzrə ekspertiza keçirilmədiyindən inzibati tənbeh tətbiq edilmiş şəxsin təqsirli olub-olmamasını dəqiq müəyyən etmək mümkün deyildir. Halbuki, müvafiq ekspertiza təyin edilməli və sürücülərin hərəkətlərində yol-hərəkəti haqqında qanunun tələblərinə uyğunsuzluq olub-olmaması müəyyən edilməli idi. Göstərilən hallar, ona dəlalət edir ki, səlahiyyətli orqan tərəfindən gəlinmiş nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin qismən təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə - qırx manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, səlahiyyətli orqandan tərəfindən X2 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qənaətinə gəlinmiş və sonuncu barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Lakin məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən X2 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam olaraq müəyyən edilə bilməmiş, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan da bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən sübutlar məhkəməyə təqdim edilmədiyindən hazırkı işə mahiyyəti üzrə baxılaraq düzgün qərar qəbul edilməsi mümkün deyildir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati xətanın X3 tərəfindən törədilməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, şikayət qismən əsaslıdır. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli orqan inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən düzgün qərar qəbul etməmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X2 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, hazırki material üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın təmin edilməsi üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən Qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalı, şikayətçinin iştirakı təmin edilməklə göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, hadisə anını tam şəkildə əks etdirən video-görüntünün olub-olmaması araşdırılmalı və olduğu təqdirdə götürülməli, tərəflərin izahatları ətraflı şəkildə alınmalı və hadisənin baş vermə mexanizmi dəqiq müəyyən edilməli, müvafiq ekspertiza təyin edilməli, şikayətçinin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməli və yalnız iş üzrə bütün əhəmiyyətli hallar araşdırılaraq həmin hallara düzgün hüquqi qiymət verildikdən sonra iş üzrə yekun nəticəyə gəlinməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə, şikayət vermiş şəxs X2 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X2 barəsində Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən Qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, yuxarıda göstərilənlər nəzərə alınmaqla iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(5-93)-30/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-30/2026
16.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver