Məhkəmə qərarları › İş №3(5-93)-310/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-310/2026

13.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-310/2026 13.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şəxs nümayəndəsi X3 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 339.1-ci maddəsi ilə Bakı şəhər Binəqədi rayon Polis İdarəsi tərəfindən toplanmış inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs İXM-in 339.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin Dövlət X12 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP 76529108 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş iş materialları baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi X5 bildirmişdir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsassızdır. Belə ki, Şəxs mülkiyyətində olan 99AZ110 dövlət qeydiyyat nişanlı, “PORSCHE CAYENNE E-HİBRİD PLUG-İN MİNİK” markalı avtomobil xx.xx.2025-ci il tarixdə etibarnamə əsasında idarə etmək üçün X6 verilmiş və bu barədə Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin Dövlət X11 məlumat verilmişdir. Lakin buna baxmayaraq xx.xx.2025-ci ilə tarixdə Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin Dövlət X12 tərəfindən əsassız olaraq Şəxs barəsində İXM-in 339.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmədən qeyd olunanların nəzərə alınaraq Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Şəxsnə mülkiyyətində olan 99AZ110 dövlət qeydiyyat nişanlı, “PORSCHE CAYENNE E-HİBRİD PLUG-İN MİNİK” markalı nəqliyyat vasitəsini idarə edən şəxs barəsində sorğu Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin Dövlət X10 müəssisəyə daxil olmamışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Şəxs tərəfindən Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin Dövlət X11 “PORSCHE CAYENNE E-HİBRİD PLUG-İN MİNİK” markalı, 99AZ110 dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında verilmiş şəxs barədə məlumat verilmiş, həmin məktub xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. DİN-nin DYP portal çıxarışından görünür ki, Şəxsnə mülkiyyətində olan 99AZ110 dövlət qeydiyyat nişanlı, “PORSCHE CAYENNE E-HİBRİD PLUG-İN MİNİK” markalı nəqliyyat vasitəsini idarə edərək İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş fiziki şəxs barədə məlumat verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət X12 tərəfindən sorğu verilmişdir. xx.xx.2025-ci il tarixli, İXP 76529108 nömrəli inzibati xəta protokoldan görünür ki, “PORSCHE CAYENNE E-HİBRİD PLUG-İN MİNİK” markalı, 99AZ110 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şəxs tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə həmin X7 barəsində İXM-in 339.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iş materiallarını hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 339.1-ci maddəsinə əsasən, nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Şəxs tərəfindən Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin Dövlət X11 “PORSCHE CAYENNE E-HİBRİD PLUG-İN MİNİK” markalı, 99AZ110 dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında verilmiş şəxs barədə məlumat verilmiş, həmin məktub xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir Bununla belə, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin Dövlət X12 tərəfindən qeyd olunan hal nəzərə alınmadan Şəxs barəsində inzibati icraat başlanılmış, xx.xx.2025-ci il tarixli, İXP 76529108 nömrəli inzibati xəta protokol tərtib edilmişdir. Bundan əlavə iş materiallarına Şəxsnə mülkiyyətində olan 99AZ110 dövlət qeydiyyat nişanlı, “PORSCHE CAYENNE E-HİBRİD PLUG-İN MİNİK” markalı nəqliyyat vasitəsini idarə edərək İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş fiziki şəxs barədə məlumat verilməsinə dair sorğu əlavə edilsə də həmin sorğunun ünvana çatdırılmasını təsdiq edən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Ona görə də, məhkəmə belə qənaətə gəlmişdir ki, hazırda baxılan iş üzrə Şəxs əməlində inzibati xəta tərkibi yoxdur və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin Dövlət X13 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP 76529108 nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 339.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin Dövlət X13 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP 76529108 nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar