Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-321/2026 23.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Kazımov Bəxtiyar Fərhad oğlunun katibliyi, Şikayət vermiş şəxs X1, Qərarından şikayət verilmiş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə X1 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən barəsində qəbul edilmiş 14 dekabr 2025-ci il tarixli, AYN ******* nömrəli “inzibati tənbeh vermə haqqında” elektron qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 14 dekabr 2025-ci il tarixli, AYN ******* inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 şikayəti onunla əsaslandırmışdır ki, o, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 14 dekabr 2025-ci il tarixli, AYN ******* nömrəli inzibati xəta haqqında qərara əsasən İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsinə əsasən 20 manat məbləğində cərimə edilmişdir. Belə ki, o, həmin tarixdə idarə etdiyi avtomobilini saat 15:00 radələrində Alı Mustafayev küçəsində 11021 nömrəli park ərazisində park edib SMS vasitəsilə vaxt açmış və 15:32-də sonlandırmışdır. Buna baxmayaraq AYNA-nın əməkdaşı tərəfindən ona cərimə tətbiq olunmuşdur. O, sms-i göndərmiş və buna görə də onun balansından vəsait çıxılmışdır. Bununla bağlı şikayət etsə də, AYNA tərəfi dəqiq araşdırma aparmayaraq ədalətsiz qərar qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 şikayət ərizəsində göstərilənləri uyğun izahat verərək göstərdi ki, o, 13 dekabr 2025-ci il tarixdə idarə etdiyi avtomobili iki dəfə ilki 15:00-dan 15:32-dək, ikinci dəfə isə 16:47-dən 17:22-dək P11021 nömrəli parklanma məntəqəsində park etmişdir. O, hər iki halda 1181 nömrəsinə sms göndərərərək, parklanma müddətini başlatmış və sonlandırmışdır. Hər dəfə göndərdiyi sms-lərə görə də onun balansından vəsait çıxılmışdır. Lakin, hansısa texniki nasazlıq səbəbindən onun 15:00-da parklanma üçün göndərdiyi sms nəzərə alınmamış və parklanma müddəti başlamamışdır. O, parklanma üçün ondan asılı olan hərəkətləri yerinə yetirmiş, parklanma müddətinin başlamaması isə ondan asılı olmamışdır. Sonda R.Məmmədov məhkəmədən şikayətinin təmin edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, X1 şikayəti ilə bağlı AYNA-da araşdırma aparılmışdır. Aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, 13 dekabr 2025-ci il tarixdə X1 idarə etdiyi nəqliyyat vasitəsinin Alı Mustafayev küçəsində təşkil edilmiş P11021 nömrəli ödənişli parklanma məntəqəsində saat 15:23-dən etibarən park edilməsi AYNA-nın əməkdaşı tərəfindən xüsusi texniki vasitənin köməyi ilə qeydə alınmış, lakin parklanma müddəti saat 16:47-də başladılmış və 17:22-də sona çatdırılmışdır. Belə olan halda R.Məmmədov qaydalara riayət etməyərək parklanma müddətini 1 saat 24 dəqiqə gec başlatmış və parklanma yerindən istifadə üçün əlavə ödəniş həyata keçirilməmişdir. Bu səbəbdən R.Məmmədov barəsində İXM-nə uyğun cərimə tətbiq edilmişdir. Eyni zamanda mövcud qaydalara görə parklanma müddətinin başlanması üçün sms göndərildikdən sonra müvafiq mobil nömrəyə təsdiq sms-i göndərilir ki, X2 iddia etdiyi kimi sms-i göndərmiş olsa belə, parklanma müddətinin başlanmasını təsdiq edən sms-i gözləməli idi. Təsdiq cavabı gəlmədiyi halda R.Məmmədov yenidən 1181 nömrəsinə sms göndərərək, təsdiq cavabını almalı idi. Göstərilənlərə əsasən hesab edir ki, X1 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən barəsində qəbul edilmiş 14 dekabr 2025-ci il tarixli, AYN ******* nömrəli “inzibati tənbeh vermə haqqında” elektron qərar əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şikayət vermiş şəxsin və qərarından şikayət verilmiş hüquqi şəxsin nümayəndəsinin izahatlarını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan AYNA tərəfindən qəbul edilmiş 14 dekabr 2025-ci il tarixli, AYN ******* nömrəli “inzibati tənbeh vermə haqqında” elektron qərardan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə saat 15:23:40-da Alı Mustafayev – 11021 nömrəli ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına görə İXM-nin 346-1.1-ci madədsi ilə 20 manat məbləğində cərimə edilmişdir. X1 təqdim etdiyi istifadəsində olan mobil telefon nömrəsinə dair izahlı qaimədən görünür ki, xx.xx.2025-ci il tarixdə həmin nömrədən 15:00, 15:32, 16:47 və 17:22 dəqiqələrində ******* nömrəsinə smslər göndərilmişdir. X1 təqdim etdiyi istifadəsində olan mobil telefon nömrəsinin sms bölməsindən çıxarışdan görünür ki, həmin nömrədən xx.xx.2025-ci il tarixdə saat 15:00-da “99fv462- 11021” məzmunlu, 15:32-də 1181 nömrəsinə “son” məzmunlu smslər göndərilmişdir. Yenə sözügedən çıxarışdan görünür ki, həmin nömrədən 16:47 dəqiqədə “99fv462-11021” məzmunlu sms göndərilmiş və həmin sms-ə müvafiq olaraq 99FV462 nömrəli avtomobilin 11021 nömrəli məntəqədə park edilməsinə dair təsdiq cavabı verilmiş, parklanma 17:22də sonlandırılmışdır. Göndərilmiş hər bir sms-ə görə R.Məmmədovun mobil telefon nömrəsinin balansından 0.1 AZN çıxılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 346-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə - iyirmi manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 53-cü maddəsinin: Xİİİ hissəsinə əsasən Ödənişli parklanma yerlərində parklanma qaydalarına əməl edilməsinə nəzarət nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının oxunmasına, foto və ya video çəkilişin aparılmasına, parklanma müddətinin ölçülməsinə, parklanmaya görə ödənişin edilməsi barədə məlumatın əks olunmasına imkan verən xüsusi texniki vasitələrlə həyata keçirilir. Xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunur. XV hissəsinə əsasən ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Parklanma yerinə daxil olduqda nəqliyyat vasitəsinin istifadəçisi SMS və ya xüsusi proqram təminatı vasitəsilə parklanma müddətini başlatmalıdır. Nəqliyyat vasitəsinin istifadəçisi parklanma yerini tərk edərkən SMS və ya xüsusi proqram təminatı vasitəsilə parklanma müddətini bitirməli və parklanma müddətindən asılı olaraq bu maddənin Xİ hissəsində göstərilən üsullardan biri vasitəsilə ödəniş etməlidir. XVİİ hissəsinə əsasən parklanmaya görə ödəniş zamanı SMS və ya xüsusi proqram təminatında baş vermiş texniki nasazlıq səbəbindən ödənişin həyata keçirilməsi mümkün olmadıqda, nəqliyyat vasitəsinin istifadəçisi ödəniş etmədən parklanma yerini tərk edir. Bu halda nəqliyyat vasitəsinin istifadəçisi parklanmaya görə ödənişin edilməməsinə görə məsuliyyət daşımır. Ödənişin edilməsinin mümkünsüzlüyü barədə məlumat dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə ötürülür. XXİ hissəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmaya görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə məsuliyyət daşıyır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, X2 13 dekabr 2025-ci il tarixdə saat 15:00-da idarə etdiyi nəqliyyat vasitəsi ilə Alı Mustafayev küçəsində təşkil edilmiş P11021 nömrəli ödənişli parklanma məntəqəsinə daxil olmuş, parklanma müddətinin başladılması məqsədilə 1181 saylı qısa telefon nömrəsinə sms göndərmiş, lakin naməlum səbəbindən parklanma müddəti başlamamışdır. Bu isə R.Məmmədov barəsində İXM-nin 346-1.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi ilə nəticələnmişdir. Məhkəmə hesab edir ki, X2 barəsində olan 14 dekabr 2025-ci il tarixli, AYN ******* qərarda onun İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi aydınlaşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati tənbeh vermə haqqında qanunvericiliyin tələbləri inzibati tənbeh vermə haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmənin qənaətinə görə R.Məmmədovun 1181 saylı qısa telefon nömrəsinə göndərdiyi sms əsasında parklanma müddətinin başlanmamasının səbəbləri barədə inzibati tənbeh vermə haqqında qərər qəbul etmiş qurum tərəfindən əlavə araşdırma aparılmalı, bu halın AYNA-nın və ya müvafiq mobil operatorun proqram təminatında baş vermiş texniki nasazlıq səbəbindən yaxud X1 təqsiri üzündən baş verməsi dəqiqləşdirilməldir. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 14 dekabr 2025-ci il tarixli, AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd olunanlara əsasən, habelə İXM-in 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 şikayəti qismən təmin edilsin. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 14 dekabr 2025-ci il tarixli, AYN ******* nömrəli “inzibati tənbeh vermə haqqında” elektron qərar ləğv edilsin, iş yenidən baxılması üçün həmin quruma göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(5-93)-321/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-321/2026
23.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver