Məhkəmə qərarları › İş №3(5-93)-323/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-323/2026

22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-323/2026 22.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ/ 33197819 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq, məhkəmə müəyyən etdi: X2 Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2026-cı il tarixli, EQ/ 33197819 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, “xx.xx.2026-cı il tarixdə onun adında olan “Toyota Camry” markalı, 77UB009 dövlət qeydiyyat nişanlı avtomobillə bağlı ona dayanma-durma ilə əlaqədar qəbul edilmiş EQ/ 33197819 nömrəli qərar barədə SMS vasitəsi ilə məlumat verilmişdir. Qərarda onun 400 manat cərimə olunmağı göstərilmişdir. Qeyd edir ki, avtomobil hərəkətsiz vəziyyətdə dayanmış olmuş, belə olan halda ona İXM-nin 346.1-ci maddəsi ilə 20 AZN cərimə tətbiq edilməli idi. 400 manat cərimə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə tətbiq oluna bilər. Eyni zamanda İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xətalara aid deyildir. Göstərilənlərə əsasən, xx.xx.2026-cı il tarixli, EQ/ 33197819 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 izahatında şikayətin məzmununa uyğun çıxış edərək məhkəmədən xx.xx.2026-cı il tarixli, EQ/ 33197819 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, 3(001)- 8467/2025 saylı qərarı ilə sürücülük hüququ məhdudlaşdırılmış, daha sonra cəriməni ödədiyi üçün ərizəsi əsasında sürücülük huququnun məhdudlaşdırılması barədə qərar ləğv edilərək icraata xitam verilmişdir. Onun sürücülük huququna qoyulmuş məhdudiyyət hazrkı iş üzrə şikayət etdiyi qərar üzrə inzibati tənbeh edildikdən sonra götürülmüşdür. Hazırki cərimə tətbiq edildiyi zaman isə avtomobili özü yox atası idarə etmişdir, lakin atasının həmin avtomobilə etibarnaməsi yoxdur. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2026-cı il tarixli, EQ/ 33197819 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. Qərara əlavə edilmiş fotoşəkillərdən “X4 minik” markalı, 77UB009 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dayanma və durmanın qadağan olunduğu yerdə saxlanıldığı təsdiqini tapır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)- 8467/2025 saylı qərarından görünür ki, X2 İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkədə təqsirli bilinərək 6 (altı) ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 3(001)- 8467/2025 saylı qərarından görünür ki, X1 İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkədə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququnun 6 (altı) ay müddətinə məhdudlaşdırılması barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-8467/2025 saylı qərarına inzibati xəta haqqında protokol əsasında təyin edilmiş cərimə məbləği və üzərinə hesablanmış dəbbə pulunu ödənildiyi üçün xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə – iyirmi manat məbləğində cərimə edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası qanununun tələblərinə əsasən nəqliyyat vasitəsinin dayanması dedikdə adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsi başa düşülür. Nəqliyyat vasitəsinin durması dedikdə isə əgər nəqliyyat vasitəsi digər yol istifadəçisi və ya hər hansı maneə ilə toqquşmanın qarşısını almaq və ya hərəkət qaydalarının göstərişlərini yerinə yetirmək səbəblərindən başqa digər səbəblərə görə hərəkətsiz vəziyyətə gətirilmişdirsə və onun dayanması adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxtla məhdudlaşmırsa, nəqliyyat vasitəsi durmuş hesab edilir. Həmin qanunun 52-ci maddəsinin İV bəndinin 10-cu yarımbəndinə əsasən 3.27 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.4 nişanlanma xəttinin təsir zonalarında dayanma qadağandır. 1.4 nişanlanma xətti 3.27 nişanı ilə birlikdə tətbiq edildikdə dayanma qadağan olunan yerləri bildirir və hərəkət hissəsinin kənarına və ya bordürün üst hissəsində çəkilir. İXM-nin 332.3-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iş materiallarını və şikayətçinin məhkəmə iclasında verdiyi izahatlı müqayisəli şəkildə qiymətləndirərək müəyyən edir ki, şikayətçi nəqliyyat vasitəsinin saxlanılması faktını inkar etməmiş, yalnız həmin vaxt avtomobilin guya atası tərəfindən idarə edildiyini bildirmişdir. Lakin qeyd edilməlidir ki, nəqliyyat vasitəsinin dayanma qadağan olunan yerdə saxlanılması faktı onun idarə olunması olmadan mümkün deyildir. Nəqliyyat vasitəsinin yol hərəkətində müəyyən nöqtəyə gətirilərək saxlanılması idarəetmə hərəkətinin məntiqi və hüquqi nəticəsidir və bu baxımdan “idarəetmə” ilə “saxlanma” birbirindən ayrılmaz hüquqi hərəkətlər kimi qiymətləndirilməlidir. Bundan başqa, şikayətçi özü məhkəmə iclasında avtomobilin idarə edilməsi üçün atasına etibarnamə verilmədiyini təsdiq etmişdir. Belə olan halda, atasının nəqliyyat vasitəsini idarə etməsi barədə izahat nə iş materialları ilə, nə də obyektiv hallarla təsdiqini tapır. Bu isə şikayətçinin göstərilən izahatlarının ziddiyyətli olmaqla yanaşı, inzibati məsuliyyətdən yayınmaq məqsədi daşıdığını deməyə əsas verir. Məhkəmə hesab edir ki, nəqliyyat vasitəsini saxlayan şəxs eyni zamanda onu idarə edən şəxsdir və bu hal hazırkı iş üzrə sübutlarla təsdiq olunur. Eyni zamanda məhkəmə şikayətçinin sürücülük hüququnun məhdudlaşdırılmasının sonradan ləğv edilməsi barədə arqumentinə münasibət bildirərək qeyd edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə X1 nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. İş materiallarından aydın olur ki, həmin məhdudiyyət xx.xx.2026-cı il tarixdə inzibati xəta törədildiyi vaxt qüvvədə olmuş, sürücülük hüququnun məhdudlaşdırılmasının ləğvi isə məhz bu inzibati xəta üzrə tənbeh tətbiq edildikdən sonra, yəni xx.xx.2026-cı il tarixdə edilmişdir. Qanunvericiliyin tələblərinə görə inzibati məsuliyyətin qiymətləndirilməsi hüquqpozmanın törədildiyi an mövcud olan hüquqi vəziyyətə əsasən aparılır. Sonradan sürücülük hüququnun məhdudlaşdırılmasının aradan qaldırılması inzibati xətanın törədildiyi vaxt mövcud olmuş hüquqi vəziyyəti dəyişmir və həmin xətaya hüquqi qiymət verilməsinə təsir etmir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, X2 nəqliyyat vasitəsini idarə etmək hüququ məhkəçənin xx.xx.2025-ci il tarixli qərarı ilə məhdudlaşdırıldığı halda, “X4 minik” markalı, 77UB009 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərək xx.xx.2026-cı il tarixdə dayanma qadağan olunan yerdə saxlamış və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, eyni zamanda həmin əməl nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən törədildiyindən İXM-nin 332.3-cü maddəsinin tətbiqi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, X1 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ/ 33197819 nömrəli inzibati tənbeh vermə barədə qərarın ləğv olunmasına qanuni əsaslar yoxdur. Odur ki, iş üzrə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ/ 33197819 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən və qərarda göstərilən inzibati xətanın şikayət vermiş şəxs tərəfindən törədilməsi müəyyən edildiyindən X1 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: X1 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ/ 33197819 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar