Məhkəmə qərarları › İş №3(5-93)-329/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-329/2026

15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-329/2026 15.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X6 Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli – himayəsində 2 uşağı olan , orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində fərdi yaşayış evində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2026-cı il tarixində saat 13:00 radələrində Xocəsən qəsəbəsində yaşadığı ünvanın yaxınlığında marixuana növündə narkotik vasitə istifadə etmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X4 tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X4 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, polis əməkdaşı xidməti ərazidə Binəqədi rayonu Xocəsən qəsəbəsində bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşıb özünü təqdim etmişdir. Ona verilən suallara səlis cavab verməməsi onun narkotik maddənin təsiri altında olması ehtimalı yaratdığı üçün şöbəyə gətirilmişdir. Narkoloji Mərkəzin rəyinə əsasən ondan götürülmüş sidik nümunəsində MOP (+), THC (+) və MET (+) aşkar edilmiş, narkomaniya xəstəliyi aşkar olunmuşdur. Özü də bu faktı etiraf etmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Onun narkotik vasitə aludəçisi olduğunu nəzərə alıb, inzibati həbs növündə tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, həqiqətən də Binəqədi rayonu, Xocəsən qəsəbəsi ərazisində marixuana növündə narkotik vasitə istifadə etmişdir. Hazırda əməlindən çox peşmandır. Bu əməli bir daha təkrarlanmayacaqdır. Birinci qrup əlil olduğunun nəzərə alınmasını və ona inzibati həbslə bağlı olmayan inzibati tənbehin verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Ambulator X1 dair xx.xx.2026-cı il tarixli, 316 saylı rəydən görünür ki, Şəxs götürülmüş sidik nümunəsində MOP (+), THC (+) və MET (+) aşkar edilmişdir. Müayinə zamanı Şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Hal-hazırda İ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. İnzibati qaydada tutma haqqında xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 19:00-da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə tutulmuşdur. Ağayev X2 rayon Polis İdarəsinin 40-cı Polis Şöbəsində verdiyi izahatında əməlini etiraf etmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlara əsasən Şəxs əvvəllər inzibati məsuliyyətə cəlb edilməmiş, barəsində analoji hüquqpozmalarla bağlı hər hansı inzibati tənbeh tətbiq olunmamışdır. Həmçinin, himayəsində Ramil və Zəhra adında iki övladı var, ümumi xəstəlikdən birinci qrup əlildir. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların Siyahı”larına əsasən marixuana (kannabis) Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitədir. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi özünün izahatı, ekspert rəyi, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXMin 206-cı maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətinə cəlb edilməsini, birinci qrup əlil olmasını və himayəsində 2 azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə qeyd olunan məsuliyyəti yüngülləşdirən halları nəzərə alır və belə qənaətə gəlir ki, şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş sanksiyalardan yalnız cərimə tədbirinin tətbiqi kifayət edəcəkdir. Cərimənin məbləğinə gəldikdə isə qeyd olunmalıdır ki, Şəxs inzibati xəta törətdiyinə görə, bir gün müddətində inzibati qaydada tutulmaqla azadlıq hüququ məhdudlaşdırılmışdır. Bu tutulma faktı İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi kontekstində nəzərə alınmalı, yəni inzibati həbs istisna olmaqla digər tənbeh növünün tətbiqi zamanı nəzərdə tutulan maksimal cərimə həddinin dörddə üçündən artıq olmamaq prinsipi tətbiq edilməlidir. Həmçinin artıq bir günlük tutulma şəxs üçün real sanksiya xarakteri daşıdığından, məhkəmə əlavə olaraq bu amili şəxsin vəziyyətini yüngülləşdirən hal kimi qiymətləndirir və bu əsasla cərimənin məbləğini 300 manat həddində müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır:..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 300 (üç yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar