Məhkəmə qərarları › İş №3(5-93)-332/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-332/2026

03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-332/2026 03.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X3 Novruz oğlunun katibliyi, Şikayət verən X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2026-cı il tarixli, EQ 33189623 nömrəli qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2026-cı il tarixli, EQ 33189623 nömrəli qərarından şikayət verərək, qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən X2 bildirmişdir ki, Azərbaycan Respublikası DİNnin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2026-cı il tarixli EQ 33189623 saylı inzibati xəta haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 100 (yüz) manat məbləğində cərimə və 3 bal inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd edilən qərarla razı deyil. Belə ki, qərarda istinad edilmişdir ki, o, 77JT312 dövlət qeydiyyat nişanlı “İsuzu” markalı yük nəqliyyat vasitəsi ilə yol nişanlarının xəttinin tələblərini pozmuşdur. Lakin həmin Emil Petrolun qarşısında olan yol nişanları qırıq-qırıqdır və bu da o deməkdir ki, həmin yerdən qanunla sola dönmək mümkündür. Onun çəkdiyi şəkillərdə də orda qırıq-qırıq xətt olması görünür. Yəni hazırkı cərimə barədə qərar əsassızdır. Həmçinin, şikayət verən X2 qərara əlavə edilmiş fotoşəklə münasibətdə bildirdi ki, qabaqda qırıq-qırıq xətt olduğundan o, həmin xəttin bütün yola aid olduğunu və qırıq xəttə çatmadan da dönməyin mümkün olduğunu düşünmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmədə iştirak etməmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət verəni dinləyib, şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33189623 nömrəli inzibati tənbeh haqqında qərardan görünür ki, X2 xx.xx.2026-cı il tarixdə, saat 15:10-da Binəqədi şosessi, Emil petrolun qarşısında 77JT312 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində inzibati cərimə edilmişdir. Qərara fotoşəkil əlavə edilmişdir. Həmin fotoşəkildə yolun hərəkət hissəsində nəqliyyat vasitələrinin hərəkət istiqamətləri və üfüqi yol nişanlanması aydın görünür. Yolun mərkəzi hissəsində əvvəlcə bütöv üfüqi nişanlanma xətti (1.3) mövcuddur, daha irəlidə isə həmin xətt qırıq üfüqi nişanlanma xətti ilə əvəz olunur və bu hissədə sola dönmə üçün icazə verən zona başlanır. Şəkildən görünür ki, nəqliyyat vasitəsi sola dönmə manevrini qırıq xəttin başladığı hissəyə çatmadan, yəni bütöv üfüqi nişanlanma xəttinin qüvvədə olduğu yol sahəsində həyata keçirmişdir. “Yol hərəkəti” haqqında Azərbaycan Respublİkasının Qanununun 69-cu maddəsinin Vİİ hissəsinə əsasən Üfiqi nişanlanma xəttinin xüsusiyyəti: 1) 1.1—1.3 xətlərini kəsib keçmək qadağandır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Məhkəmə şikayəti əsassız hesab edir və gəldiyi qənaətini onunla əsaslandırır ki Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2026-cı il tarixli, EQ 33189623 nömrəli inzibati tənbeh haqqında qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Belə ki, törədilmiş inzibati xəta üfüqi yol nişanlanma xətlərinin tələblərinə əməl edilməməsi faktı ilə bağlıdır və bu norma sürücünün subyektiv niyyəti və ya yol şəraitini necə “anlaması” ilə deyil, konkret hərəkətin obyektiv olaraq yol hərəkəti qaydalarına uyğun olub-olmaması ilə qiymətləndirilir. Qanunvericilikdə yol nişanlanmasının “təxmini” və ya “irəlidə görünən” təsir dairəsi anlayışı mövcud deyil. Hazırki iş üzrə mübahisəli yolda sürücünün dönmə manevr etdiyi hissədən qarşıda olan qırıq xətt sürücüyə manevr imkanı verən zona hesab edilsə də, bu imkan yalnız qırıq xəttin faktiki olaraq başladığı nöqtədən etibarən mövcuddur. Qırıq xəttə çatmamış sola dönmə faktiki olaraq qüvvədə olan bütöv qoşa xəttin tələblərinin pozulması deməkdir və bu hal da inzibati məsuliyyət yaradan haldır. Sürücünün “qabaqda qırıq-qırıq xətt var idi, ona görə də ora çatmadan dönməyin mümkün olduğunu düşündüm” arqumenti hüquqi baxımdan əsaslı sayıla bilməz. İnzibati məsuliyyət “elə bildim” kimi subyektiv qavrayışa deyil, real hərəkətə və həmin hərəkətin normativ tələblərə uyğunluğuna əsaslanır. Yol hərəkəti qaydaları sürücüyə manevri yalnız müəyyən edilmiş konkret yerdə etməyə icazə verir və bu yerin hüdudlarından kənara çıxmağa yol vermir. Əks yanaşma qəbul edilsəydi, hər bir sürücü qırıq xəttin irəlidə yerləşdiyini əsas gətirərək istənilən nöqtədən sola və ya geriyə dönə bilərdi ki, bu da üfüqi nişanlanmanın hüquqi və praktiki əhəmiyyətini aradan qaldırar, yol hərəkətində qeyri-müəyyənlik və təhlükəsizlik riskləri yaradar. Hüquqi müəyyənlik və yol hərəkətinin təhlükəsizliyi prinsipləri isə belə hallara yol verilməsini istisna edir. Bu baxımdan məhkəmə hesab edir ki, sürücünün hərəkətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi üzrə tövsif edilməsi hüquqi cəhətdən əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2026-cı il tarixli, EQ 33189623 nömrəli qərardan verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİ: X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2026-cı il tarixli, EQ 33189623 nömrəli qərardan verdiyi şikayət təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar