Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-334/2026 04.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə2, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nümayəndə3 iştirakları ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 215.4-cü maddəsi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X6 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola dair toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Məhkəmənin icraatına Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 215.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Proses iştirakçılarının izahatı:
2. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, iş materiallarından da göründüyü kimi özəl tibb müəssəsində planlı yoxlama keçirilməsi ilə bağlı qərar qəbul olunmuş, həmin qərar qanunvericiliyin tələbinə müvafiq olaraq tanış olunması üçün tibb müəssisəsinə göndərilmiş, əvvəlcədən xəbərdar olunmaqla müvafiq yoxlama həyata keçirilmişdir. Keçirilmiş yoxlamanın nəticəsində bəlli olmuşdur ki, tibbi müəssisəsində fəaliyyət göstərən iki həkim Nümayəndə3 və Şahid müvafiq sertifikasiyadan keçmədən tibbi fəaliyyətlə məşğul olurlar. Tərəfimizdən həmin fakt aktlaşdırılaraq müvafiq protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Onu da qeyd etmək istərdik ki, Şahid ilə qanunvericiliyin tələblərinə uyğun qaydada əmək müqaviləsi bağlanmadığı üçün də Əmək Müfəttişliyinə müraciət olunmuşdur. Sonda nümayəndə protokolu müdafiə etdiklərini və qanunvericiliyin tələblərinə uyğun olaraq tənbeh tədbiri tədbiq olunmasını xahiş etmişdir.
3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nümayəndə3 bildirmişdir ki, o, özü tibb müəssisəsinin baş həkimi və direktorudur. Şahid ilə qanunauyğun qaydada əmək müqaviləsi bağlanmış və onunla əmək müqaviləsinə 09 yanvar 2026-cı il tarixində xitam verilmişdir. Özü isə sertifikasiydan keçmişdir. Sonda tibb müəssisəsinin mövcud durumunun yaxşı olmadığını və məhkəmədən qeyd edilənləri nəzərə alaraq iş üzrə icraata xitma verilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında şahid X4 bildirmişdir ki, o uzun illərdir ki, həkim kimi fəaliyyət göstərir, özü müharibə iştirakçısıdır. Bir müddət müqavilə əsasında "xxxx" həkim kimi fəaliyyət göstərmiş, daha sonra isə qarşılıqlı razılıq əsasında işdən ayrılmışdır. Ona heç kim bugünədək sertifikasiyadan keçməli olduğunu bildirməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
5. xx.xx.2025-ci il tarixli, 3-28-1/3-2-1562/2025 nömrəli qərardan görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “X6” Publik hüquqi şəxsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı 41C ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxus özəl tibb təşkilatının fəaliyyətinin yoxlaması qərara alınmışdır.
6. xx.xx.2026-cı il tarixli, T-008 nömrəli aktdan görünür ki, xx.xx.2026-cı il tarixdə keçirilmiş yoxlama nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı 41C ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus tibb müəssisəsində çalışan Nümayəndə3 və X1 praktik tibb fəaliyyəti ilə məşğul olmaları müəyyən edilmişdir.
7. AH 034305 nömrəli Sertifikasiya Şəhadətnaməsindən görünür ki, Nümayəndə3 həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikası ərazisində “Terapiya” ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmiş, şəhadətnamə xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədə olmuşdur.
8. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nümayəndə3 xx.xx.2026-cı il tarixli, 53 nömrəli Əmrindən görünür ki, X4 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində Həkim-terapevt vəzifəsindən öz xahişi ilə (68.2.a bəndinə əsasən) azad edilmişdir.
9. xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2026-cı il tarixdə saat 14:25-də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı 41C ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus müəssisədə keçirilən planlı yoxlama zamanı Nümayəndə3 və X1 praktik tibb fəaliyyəti ilə məşğul olmaları müəyyən edilmişdir. Nəticədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İXM-in 215.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi:
10. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İXM-in 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin Məcəllənin 215.4-cü maddəsi ilə tövsif edilmişdir.
11. Belə ki, iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixli, 3-28-1/3-2-1562/2025 nömrəli qərarla Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “X6” Publik hüquqi şəxsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı 41C ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxus özəl tibb təşkilatının fəaliyyətinin yoxlanması qərara alınmışdır. Həmin qərarla MMC tanış edilmiş, daha sonra "xxxx" MMC-də müvafiq yoxlama həyata keçirilmiş, xx.xx.2026-cı il tarixli, T-008 nömrəli aktdan isə görünmüşdür ki, xx.xx.2026-cı il tarixdə keçirilmiş yoxlama nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı 41C ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus tibb müəssisəsində çalışan Nümayəndə3 və X1 praktik tibb fəaliyyəti ilə məşğul olmuşlar. Qeyd edilən faktı təsdiq edəcək müvafiq sübutlar: həkimlər tərəfindən həyata keçirilən xəstə qəbuluna dair qəbzlər, o cümlədən xəstələrə yazılmış tövsiyyə vərəqələri iş materiallarına əlavə edilmiş, o cümlədən Nümayəndə3 məxsus AH 034305 nömrəli Sertifikasiya Şəhadətnaməsindən isə görünmüşdür ki, onun sertifikasiyasının vaxtı xx.xx.2024-cü il tarixində bitmişdir. Bundan başqa məhkəmə iclas zalında dindirilmiş Nümayəndə3 və X4 da qeyd edilən faktları təsdiq edən etirafedici ifadələr vermiş, Səhiyyə Nazirliyinin səlahiyyətli nümaəndəsi tərəfindən isə məhkəməyə təqdim edilən X3 məxsus elektron əmək kitabçasından çıxarışdan müəyyən edilmişdir ki, sonuncu başlanma tarixi xx.xx.2022, bitmə tarixi isə xx.xx.2022-ci il olan sertifikasiya kursunda iştirak etməmişdir.
12. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus tibb müəssisəsində çalışan Nümayəndə3 və X1 praktik tibb fəaliyyəti ilə məşğul olması faktı öz təsdiqini tapmış və Cəmiyyətin İXM-in 215.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə tam sübuta yetirilmişdir.
13. Məhkəmə bildirir ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 46-cı bəndinə əsasən fasiləsiz olaraq ixtisasları üzrə beş ildən çox işləməmiş həkimlər və əczaçılar müvafiq təhsil müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. İxtisaslarının təsdiq olunmasından sonra İxtisasları üzrə beş ildən çox işləməmiş orta tibb və ya əczaçılıq təhsili olan işçilər dövlət səhiyyə sisteminin müvafiq müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktiki tibb və əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər.
14. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 49-1-ci bəndinə əsasən əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər) dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilmirlər. Sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Praktik tibb və ya əczaçılıq fəaliyyətini xüsusi razılıq (lisenziya) əsasında həyata keçirən şəxslərin sertifikasiyadan keçməməsi qanunvericiliyə uyğun olaraq lisenziyanın fəaliyyətinin dayandırılması üçün əsasdır.
15. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 59-cu bəndinə əsasən tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar.
16. İXM-in 215.4-cü maddəsinə əsasən ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
17. Qeyd olunan qanunvericiliyin tələblərindən göründüyü kimi, tibb işçisi yalnız sertifikatlaşdırıldığı ixtisas üzrə və lisenziyada göstərilən xidmətlər çərçivəsində fəaliyyət göstərə bilər və səlahiyyəti olmayan şəxslərin müdaxiləsi həyat və sağlamlıq üçün risklər yaradır. Lakin iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Nümayəndə3 xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək praktik tibb fəaliyyətilə məşğul olması üçün sertifikatı olmuş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində Həkim-terapevt vəzifəsində çalışaraq öz xahişi ilə işdən azad edilmiş X2 isə praktik tibb fəaliyyəti ilə məşğul olması üçün heç bir sertifikatı olmamışdır. Bununla da, Nümayəndə3 və X2 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində tibb müəssisəsinin sertifikatsız həmin tibb fəaliyyəti ilə məşğul olması belə qənaətə gəlməyə imkan verir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində əsaslı olaraq İXM-in 215.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir.
18. Beləliklə məhkəmə yekun olaraq belə qənaətə gəlir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İXM-in 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri məhkəmədə tam sübuta yetirildiyindən, cəmiyyət inzibati məsuliyyətə cəlb edilməlidir.
19. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
20. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.
21. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır.
22. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.
23. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir.
24. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.
25. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.
26. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti İXM-in 215.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir.
27. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 6000 (altı min) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Aytəkin İbrahimova