Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-335/2026 12.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, “X10” İctimai Birliyinin idarə heyətinin sədri X6, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar İcraatlar idarəsinin prokuroru vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas X4 iştirakı ilə, “X10” İctimai Birliyi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 579-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraat haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar İcraatlar idarəsi tərəfindən “X10” İctimai Birliyi barəsində İXM-in 579-cu maddəsi ilə qəbul edilmiş 12 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar əsasında toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərara əsasən, hüquqi şəxs – “X10” İctimai Birliyinin sədri X2 Birliyin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən “Qeyrihökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununun 10.4-cu maddəsinə əsasən həmin ictimai birliyin 04 aprel 2019-cu il tarixdə 1119-Q67-3697 nömrəsi ilə dövlət qeydiyyatına alınmasından sonra üzvlərinin reyestrinin aparılmasını təmin etməli olduğu halda bunu etməmişdir. Nəticədə, “X10” İctimai Birliyi tərəfindən İXM-in 579-cu maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyindən barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar İcraatlar idarəsinin prokuroru vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas X7 bildirmişdir ki, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilmiş ********* nömrəli cinayət işi üzrə aparılmış istintaq zamanı ifadəsi alınmış “X10” İctimai Birliyinin sədri X8 ifadəsində göstərmişdir ki, həmin birliyin təxminən 20.000 nəfər yaxın üzvü var. Lakin “X10” ictimai Birliyinin təxminən 20000 nəfərə yaxın üzvü olsa da, həmin üzvlərin reyestri aparılmamışdır. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən Cinayət təqibindən kənar icraatlar idarəsinə daxil olmuş məlumat olmuşdur. Qeyd edilənlər öz təsdiqini tapdığına görə xx.xx.2026-cı il tarixdə “X10” İctimai Birliyi barəsində İXM-in 579-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edilmiş və həmin ictimai birliyin inzibati məsuliyyət cəlb edilməsi üçün məhkəməyə göndərilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq “X10” İctimai Birliyinin inzibati qaydadan tənbeh edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında “X10” İctimai Birliyinin idarə heyətinin sədri X8 bildirmişdir ki, həmin ictimai birlik 2010-cu ildə təsis edilmişdir. Həmin ictimai birliyin üzvlərinin reyestri aparılmış və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə üzvlərin sayı barədə məlumat verilmişdir. Ədliyyə Nazirliyinə hər iki ildən bir üzvlərin sayı barədə məlumat verilmişdir. İctimai birlikdə üzv olmaq istəyən şəxslərin jurnalda qeydiyyat aparıldıqdan sonra üzvlük vəsiqələrini təqdim etmişlər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilmiş sonuncu məlumata əsasən ictimai birliyin 715 nəfər üzvü olmuşdur. Qeyd edilənləri nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilmiş cinayət işi üzrə ifadə verərkən səhvən ictimai birliyin 20.000 üzvü olduğunu bildirmiş, anlaşılmazlıq olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “X10” X3 2.4-cü bəndində qeyd edilmişdir ki, birlik dövlət qeydiyyatına alındıqdan sonra otuz gün müddətində üzvlərin reyestrinin aparılmasını təmin edir. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilmiş cinayət işi üzrə xx.xx.2025-ci il tarixli “şahidin əlavə dindirilməsi haqqında” protokoldan görünür ki, X12 ifadəsində göstərmişdir ki, rəhbəri olduğu ictimai birliyin 20000 nəfərə yaxın üzvü var. Həmin üzvlərin qeydiyyatına dair jurnallar birliyin baş idarəsində yoxdur. Baş idarədə hər bir şəxsin şəxsi işi var. Həmin şəxsi işlərdə üzvlüyə qəbul barədə ərizə, statusunu (əlil, müharibə veteranı) təsdiq edən sənədin və şəxsiyyət vəsiqəsinin surətləri olur. xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, “X10” İctimai Birliyi tərəfindən üzvlərinin reyestri aparılmamış və həmin təşkilat nizamnaməsinə uyun fəaliyyət göstərməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X1 Reyestrindən çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixdə ictimai birliyin 715 nəfər üzvü olmuşdur. xx.xx.2026-cı tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X12 İXM-in 579-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək vəzifəli şəxs qismində 1000 manat cərimə olunmuşdur. Məhkəmə, proses iştirakçılarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, “X10” İctimai Birliyi tərəfindən İXM-in 579-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Belə ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının qanunun 2.1-ci maddəsinə əsasən ictimai birlik – təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatdır. Həmin qanunun 10.4-cü maddəsinə əsasən ictimai birlik dövlət qeydiyyatına alındıqdan sonra otuz gün müddətində üzvlərinin reyestrinin aparılmasını təmin etməlidir. Məhkəmədə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, “X10” İctimai Birliyi tərəfindən üzvlərinin reyestri aparılmamış, üzvlərin sayı barədə məlumatlar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilmişdir. Həmçinin “X10” İctimai Birliyinin idarə heyətinin sədri X8 Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilmiş cinayət işi üzrə ifadə verərkən ictimai birliyin 20000 nəfərə yaxın üzvü olduğunu, həmin üzvlərinə qeydiyyatına dair jurnalların birliyin baş idarəsində olmadığını bildirmiş, lakin məhkəmədə izahat verərkən birliyin 715 nəfər üzvü olduğunu, həmçinin üzvlərlə bağlı reyestrin aparıldığını qeyd etmişdir. Məhkəmə hesab edir ki, X6 istintaq orqanında və məhkəmədə ziddiyyətli izahat verməsi, onun məsuliyyət yayınmaq niyyəti ilə bağlıdır. Məhkəməyə təqdim edilmiş sübutlar “X10” İctimai Birliyinin əməlində İXM-in 579-cu maddəsinin tərkib əlamətinin olmasına dəlalət edir. İXM-in 579-cu maddəsinə əsasən qeyri-hökumət təşkilatları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri tərəfindən qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmamış dəyişikliklər (təsis sənədlərində edilmiş və ya hüquqi şəxslərin dövlət reyestrində əvvəllər qeydə alınmış faktların sonrakı dəyişikliyi) əsasında hər hansı fəaliyyətin həyata keçirilməsinə, ictimai birlik tərəfindən onun üzvlərinin reyestrinin aparılmamasına, sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş gəlirin təşkilatın məqsədlərinə yönəldilməməsinə, könüllü fəaliyyətə cəlb edilmiş şəxslərlə müqavilələrin bağlanılmamasına, nizamnaməsində (əsasnaməsində) nəzərdə tutulmuş məqsədlərə zidd fəaliyyət göstərməsinə görə - vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir. Göstərilənlərə əsasən, “X10” İctimai Birliyinin İXM-in 579-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri məhkəmədə tam sübuta yetirildiyindən, məhkəmə ictimai birliyin inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, “X10” İctimai Birliyi İXM-in 579-cu maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: “X10” İctimai Birliyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 579cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(5-93)-335/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-335/2026
12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver