Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-340/2026 11.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, xx.xx.1952-ci il tarixdə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, X1 inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. X2 məhkəməyə müraciət edərək, inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatı:
2. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən orqana məlumat verilsə də, nümayəndə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
3. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 şikayət onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən 50 manat cərimə edilmişdir. Həmin qərarla razı deyildir. Qərara əsasən guya o, saat 6-12də küçəyə zibil atmışdır. Halbuki belə bir hadisə baş verməmiş və barəsində olan işdən də heç bir məlumatı olmamışdır. Qərardan məlumatı icra şöbəsi tərəfindən ona göndərilmiş icaata başlamaq haqqında qərardan sonra olmuşdur. O, bölməyə çağırılmamış və barəsində aparılmış icraat haqqında ona məlumat verilməmişdir. Ona görə də, məhkəmədən barəsində qəbul edilmiş qərarın ləğv edilməsi və ş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
4. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə saat 6-12-də Respublika paytaxtı küçə ərazisində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 50 (əlli) manat məbləğində cərimə edilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi:
5. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti və iş materiallarını əhatəli şəkildə araşdıraraq hesab edir ki, X2 barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.
6. Belə ki, məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis şöbəsi tərəfindən baş vermiş inzibati xəta üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X1 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Qeyd edilməlidir ki, X2 müraciətində məhkəmə iclasında verdiyi izahatında barəsində aparılmış inzibati xəta haqqında icraatdan məlumatının olmasını, icra şöbəsi tərəfindən cərimənləməsi ilə bağlı qərarı aldıqdan sonra məlumatının olmasını, tənbeh vermə haqqında göstərilən tarix və saatda zibil atmadığını, polis tərəfindən də bu barədə ona heç bir məlumatın verilmədiyini bildirmişdir. Göründüyü kimi, X2 barəsində aparılmış inzibati icraatda iştirak etməmişdir. Bu isə onu göstərir ki, səlahiyyətli orqan tərəfindən aparılmış inzibati icraat zamanı şəxsin iştirakı təmin edilməmiş, müvafiq sübutları olduğu halda təqdim etməsi üçün şəxsə şərait yaradılmamışdır. Digər tərəfdən tərtib edilmiş inzibati xəta haqqında protokolda, eləcə də tənbeh vermə haqqında qərarda inzibati xətanın yeri olaraq və vaxtı olaraq “xx.xx.2024-cü il tarixdə saat 6-12-də Respublika paytaxtı küçə” olaraq göstərilmişdir ki, bu da öz növbəsində aparılmış inzibati araşdırmanın qanuni və əsaslılığını şübhə altına alır. Qeyd edilməlidir ki, inzibati araşdırmanın qanuniliyi inzibati orqanın fəaliyyətinin birbaşa qanunlara əsaslanmasını, səlahiyyət çərçivəsində və düzgün prosedurla aparılmasını, əsaslılıq isə qəbul edilən qərarın işin faktiki hallarına, toplanmış sübutlara və reallığa uyğun, obyektiv olmasını təmin edir. Bu o deməkdir ki, inzibati orqan yalnız qanunla ona verilmiş səlahiyyətlər daxilində hərəkət etməli, inzibati icraatın qaydalarına, yəni şəxsin izahatının alınması, icraatda iştirakının təmin edilməsi, sübutların toplanması kimi hallara riyayət etməli, işə aid olan bütün faktların tam və obyektiv araşdırılmasına, eləcə də subyektiv mülahizələrə deyil, real vəziyyətə əsaslanmalı, sonda isə qərar toplanmış və yoxlanılmış sübutlar əsasında qəbul edilməlidir. Hazırkı iş üzrə isə inzibati orqan tərəfindən yuxarıda saxlanan əsaslar üzrə araşdırmanın aparılması müəyyən edilmir, əksinə aparılmış araşdırma üzrə mücərrədliyə yol verilməsi müəyyən edilir ki, bu da X2 tərəfindən qeyd olunan inzibati xətanın törədilməsini şübhə altına alır. Belə olan halda aydın olur ki, X1 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinin tərkib əlamətinin olması az inandırıcıdır və onun əməlində həmin inzibati xətanın olması mümkün hesab edilməməlidir.
7. Məhkəmənin xatırlatmasına görə, qanunvericiliyin tələblərinə müvafiq olaraq qeyd edilməlidir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.
8. Bununla yanaşı, qeyd edilməlidir ki, şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür ki inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.
9. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
10. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.
11. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.
12. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.
13. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.
14. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir.
15. Beləliklə məhkəmə hesab edir ki, X2 tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.
16. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
X2 tərəfindən verilmiş şikayət təmin edilsin. X2 barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Aytəkin İbrahimova