Məhkəmə qərarları › İş №3(5-93)-341/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-341/2026

12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-341/2026 12.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi, X1 və DİN Binəqədi RPİ-nin X13 Şöbəsinin nümayəndəsi X2 iştirakı ilə, X1 barəsində qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 tərəfindən DİN-in Binəqədi Rayon DYPŞ tərəfindən qəbul olunmuş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. X6 şikayətini onunla əsaslandırılmışdır ki, istifadəsindəə olan CHEVROLET COBALT LTZ markalı, ** YD *** dövlət qeydiyyat nişanlı olan avtomobillə xx.xx.2025-ci il tarixində saat 01:20 radələrində Bakı şəhəri, Cəfər Xəndan küçəsində hərəkətdə olarkən qırıq xəttin üzərində sola dönmək istədiyi zaman arxadan avtomobil düz xəttin tələblərini pozaraq düzünə hərəkət etdiyi zaman (əks istiqamətdə) onun avtomobili ilə toqquşmuş, hər iki avtomobilə maddi ziyan dəymişdir. Hadisə zamanı X14 İdarəsinin əməkdaşı yaxınlaşmış, sənədlərini alaraq hadisə yerini tərk etmişdir. Sonradan ona sms vasitəsilə barəsində inzibati xəta haqqında protokol tərtibinə dair sms bildiriş daxil olmuşdur. Bundan sonra o, Binəqədi rayon DYPİ-nə yaxınlaşaraq iradını bildirdikdə ona inzibati qərar tərtib olunması bildirilmiş və həmin qərarın surəti ona 15 yanvar 2026-cı il tarixində təqdim edilmişdir. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməklə 40 AZN məbləğində cərimə olunmudur. Bildirir ki, o, həmin qərarla razılaşmayaraq yol nəqliyyat hadisəsinin onun təqsiri üzündən baş vermədiyindən öz yolu ilə hərəkət etdiyi və həmin yolun tələbinə görə sola dönmə manevr zamanı arxadan gələn avtomobilin düzünə hərəkətdə olduğu zaman baş verməsi TŞ kameraların görüntüsünə nəzər salan zaman görmək olar. Odur ki, inzibati xətanı törətmədiyi halda barəsində tərtib edilmiş TP ******* saylı qərarı qanunsuz hesab edir. Bildirir ki, barəsində tərtib edilmiş qərar mövcud qanunvericiliyin və İnzibati Xətalar Məcəlləsinin tələblərinə ziddir. Məhkəmə iclasında şikayətçi X6 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək, barəsində əsassız tərtib edilmiş xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında DİN Binəqədi RPİ-nin X13 Şöbəsinin nümayəndəsi X5 çıxış edərək bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə “CHEVROLET COBALT LTZ” minik markalı, ** YD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən “Yol hərəkəti haqqında” Qanununun 42-ci maddəsinin 9-cu bəndinin tələbləri pozulduğu üçün barəsində tərəfindən xx.xx.2026-cı il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş həmin tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Odur ki, məhkəməyə təqdim etdiyi video-görüntünün də qayda pozuntusunu təsdiq etdiyini və X6 tərəfindən verilmiş şikayətin əsassız olduğunu nəzərə alaraq, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 15 yanvar 2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X6 tərəfindən İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. 15 yanvar 2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş izahatlardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi barədə X6, X7 və X4 izahatları alınmışdır. Yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsinin sxemi tərtib edilmiş, həmin sxem hər iki sürücü tərəfindən imzalanmışdır. Məhkəməyə təqdim olunmuş və iş materiallarına əlavə olunmuş yol-nəqliyyat hadisəsinin sxemi və video-görüntüdən görünür ki, “Chevrolet Cobalt LTZ” minik markalı ** YD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarə etdiyi nəqliyyat vasitəsi ilə sola doğru yerdəyişmə etmək istəyən zaman arxasında hərəkətdə olan “Hyundai Elantra” minik markalı ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilə yol verməmiş və bu səbəbdən idarə etdiyi nəqliyyat vasitəsi ilə toqquşmuşdur. “Yol-hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həmin qanunun 42-ci maddəsinin 3-cü hissəsinə əsasən dönmə göstəriciləri və ya əl ilə siqnal manevrə başlamazdan əvvəl verilir, manevr qurtardıqdan sonra isə dərhal kəsilir (əl ilə verilən siqnal bilavasitə manevrəbaşlamazdan əvvəl qurtara bilər). Bu zaman verilən siqnal hərəkətin digər iştirakçılarını çaşdırmamalıdır. Siqnal verməsi sürücüyə üstünlük vermir və onu təhlükəsizlik tədbirləri görməkdən azad etmir. Həmin qanunun 42-ci maddəsinin 9-cu bəndinə əsasən, yolayrıcından kənarda sola və ya geriyə dönərkən, relssiz nəqliyyat vasitəsinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə və eyni istiqamətdə gedən travmaya yol verməlidir. Yolayrıcından kənarda geri dönərkən, yolun sol kənarı tərəfdən manevr etmək üçün hərəkət hissəsinin eni kifayət qədər olmadıqda, hərəkət hissəsinin sağ kənarından (yolun sağ qırağından) manevr etməyə yol verilir. Bu zaman sürücü arxadan və qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməlidir. İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X3 şikayətdə göstərdiyi xüsusatlar barəsində Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş 15 yanvar 2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə X6 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, DİN-in Binəqədi rayon DYPŞ tərəfindən qəbul edilmiş 15 yanvar 2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X3 həmin qərardan verdiyi şikayət təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 tərəfindən DİN-in Binəqədi rayon DYPŞ-nin 15 yanvar 2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar