Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-350/2026 24.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5, şikayət vermiş şəxs X4 nümayəndəsi “Femida” Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X4 İXM-nin 266.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onun İXM-nin 266.2-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət vermişdir. X8 şikayətini onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikası 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən İXM-nin 266.2, 266.3 və 271-ci maddələri ilə barəsində xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Lakin bununla bağlı ona heç bir inzibati tənbeh tətbiq olunması ilə bağlı rəsmi məlumat (inzibati tənbeh tətbiq olunması barədə qərar) təqdim olunmamışdır. Yalnız sonradan xx.xx.2026- cı il tarixində "Asan Pay" mobil tətbiqindən istifadə etdiyi zaman barəsindi inzibati cərimə protokolunun tərtib olunduğunu bilmişdir. Bundan sonra xx.xx.2026-cı il tarixində, Azərbaycan Respublikası 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məktub ünvanlayaraq barəsində inzibati tənbeh tətbiq olunması barədə sənədlərin rəsmi qaydada ona göndərilməsini xahiş etmişdir. Etibarnamə üzrə nümayəndəsi X2 "etibarnamə" və "ərizə" ilə sözügedən idarəyə getmiş və müraciətini fiziki olaraq da qarşı tərəfə bildirmişdir. İdarə barəsində tərtib olunmuş xx.xx.2025- ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın həqiqətən də "ona çatmasını təsdiq edən xəbərnaməsi"nin olmadığını bildirmiş və müraciəti əsasında xx.xx.2026-cı il tarixli, 3-14-26/2-S-3/2026 saylı cavab məktubuyla "xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surəti"ni ona təqdim etmişdir. Vurğulayıram ki, barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərar ona vaxtında çatmamış və o bununla bağlı məlumatlı olmadığından aidiyyəti üzrə məhkəmədə mübahisələndirə bilməmişdir. Sözügedən qərar ona vaxtında çatsaydı və ya ümumiyyətlə barəsində hər hansı inzibati aktın tərtib olunduğunu bilsəydi, dərhal reaksiya verər və aidyyəti üzrə məhkəmələrdə mübahisələndirərdi. "xxxx" MMC-nin vəzifəli şəxsi kimi hər zaman tutduğu vəzifədə fəaliyyət göstərdiyi müddət ərzində qanunvericiliyin tələblərinə ciddi riayət etmiş, üzərinə düşən vəzifələri vicdanla və məsuliyyətlə icra etmişdir. Barəsində vəzifəli şəxs qismində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan narazıdır və həmin qərarın hüquqi əsası mövcud deyildir. İnzibati orqan bir (eyni) əmələ görə "xxxx" MMC ilə yanaşı onu - X6 vəzifəli şəxs kimi hüquqi əsas olmadan inzibati məsuliyyətə cəlb etmişdir. Hüquqi şəxs olaraq inzibati orqanın qərarından, məhkəmə iclasına dəvətdən elektron sistem vasitəsilə xəbər tutmuş və hüquqi şəxs olaraq məhkəmə müdafiələrini təmin etmək üçün həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələrində çıxış etmişlər. Hər iki məhkəmə onların lehinə qərar çıxarmışdır. Binəqədi rayon məhkəməsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata (xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokol) İXM-nin 53.2-ci maddəsinə əsasən xitam vermiş, Bakı Apellyasiya Məhkəməsi də Binəqədi rayon məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Binəqədi rayon məhkəməsinin mövqeyi belə olmuşdur ki, İXM-nin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Yəni inzibati məsuliyyətin tətbiqi üçün əsas şərtlərdən biri, barəsində icraat aparılan şəxsin konkret inzibati xəta əməlini törətməsi hüquqi və faktiki sübutlarla təsdiq olunmalıdır. Hazırki iş üzrə isə "xxxx" MMC tərəfindən tullantıların tutumlardan (urnalardan) kənar yerə atılması, qalaqlanması və emal yerinin müəyyən edilməməsi iddialarının heç biri qəti, obyektiv və hüquqi cəhətdən yetərli sübutlarla təsdiqlənməmişdir. Bütün təqdim olunan "sübutlar" - fotoşəkillər, əraziyə baxış aktı və digər subyektiv izahatlar yalnız ümumi müşahidələrə əsaslanmış, lakin tullantıların konkret olaraq "xxxx" MMC tərəfindən atıldığını sübut edən heç bir birbaşa və mötəbər sübut təqdim edilməmişdir. Hətta protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndələri də öz izahatlarında bu tullantıların kim tərəfindən atıldığını "ehtimal etdiklərini" bildirmişlər. Məhz ehtimala əsaslanan belə yanaşma isə hüquqi cəhətdən əsassız və qəbuledilməzdir. İnzibati məsuliyyət ehtimallara və fərziyyələrə deyil, sübuta əsaslanmalıdır. Səlahiyyətli orqan birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)- 4148/2025 saylı qərarından apellyasiya şikayəti vermiş və apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətini təmin etməyərək, qərarı qüvvədə saxlamışdır. Göstərilənlərə əsasən, xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş edilmişdir.” Məhkəmə iclasında şikayət vermiş şəxsin nümayəndəsi və vəkili X7 bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən "xxxx" MMC barəsində İXM-nin 266.2, 266.3 və 271-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və Binəqədi Rayon Məhkəməsinə verilmişdir. Binəqədi Rayon Məhkəməsində isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmiş İXM-nin 266.2, 266.3 və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə "xxxx" MMC-in təqsirliliyi sübuta yetirilmədiyindən cəmiyyət barəsində inzibati xəta haqqında iş üzrə icraata İXM-in 53.2-ci maddəsinə əsasən xitam verilmişdir. Bununla bağlı səlahiyyətli orqan tərəfindən apellyasiya şikayəti verilmiş, lakin Binəqədi Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bu prosesdən 6 ay sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri vəzifəli şəxsin cərimə olunması ilə bağlı sistemə məlumat yerləşdirmişlər. Qeyd etməlidir ki, "xxxx" MMC-nin əməlində hər hansı bir inzibati xəta tərkibi olması təsdiqini tapmadığından vəzifəli şəxsin hərəkətlərində də inzibati xəta tərkibi mövcud deyildir. Odur ki, məhkəmədən şikayətin təmin edilməsini və xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X10 bildirmişdir ki, "xxxx" MMC barəsində İXM-nin 266.2, 266.3 və 271-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin qərarı ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmiş İXM-nin 266.2, 266.3 və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə "xxxx" MMC-in təqsirliliyi sübuta yetirilmədiyindən cəmiyyət barəsində inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilmişdir. Həmin qərardan apellyasiya şikayəti vermişlər, lakin Binəqədi Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Göstərilənlərə əsasən, xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair verilmiş şikayətin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Xırdalan yolunun sağ tərəfi “Tam Topdan” marketin arxa tərəfindən marketə məxsus tullantıların qalaqlanması qaydalarının pozulması, tullantıların emalı yerlərinin müəyyənləşdirilməməsi, tullantıların kənar yerlərə atılması nəticəsində X8 İXM-nin 266.2-ci maddəsini törətməkdə təqsirli bilinib, 3500 (üç min beş yüz) manat məbləğində cərimə olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-4148/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2, 266.3 və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin təqsirliliyi sübuta yetirilmədiyindən cəmiyyət barəsində inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(103)-2277/2025 saylı qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-4148/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin və səlahiyyətli orqanın nümayəndələrini dinləyərək belə nəticəyə gəlir ki, X8 tərəfindən verilmiş şikayət təmin edilməli və onun barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hazırda törədildiyi istinad edilən inzibati xətaya görə hüquqi şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmiş, həmin məhkəmənin xx.xx.2025-ci il tarixli, 3(001)-4148/2025 saylı qərarı ilə icraata xitam verilmişdir. Nəzərə alınmalıdır ki, vəzifəli şəxs öz vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində, hüquqi şəxs isə məhz onun xeyrinə və ya maraqlarının qorunması üçün onu təmsil etmək, adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik olan vəzifəli şəxslərinin və ya sonuncular tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində işçisinin törətdiyi inzibati xətalara görə məsuliyyətə cəlb olunur. Hazırki halda səlahiyyətli orqan X4 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə inzibati xəta törətməsi qərarına gəlmiş və onu inzibati tənbeh etmiş, həmçinin də hüquqi şəxs barəsində protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Məhkəmə isə hüquqi şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. Nəzərə alınmalıdır ki, qeyd edilən halda vəzifəli şəxsin məsuliyyətə cəlb edilməsi, hüquqi şəxsin barəsində aparılan icraata xitam verilməsi yaxud əksinə qərarların qəbul edilməsi mümkün deyildir. Sözügedən halda hüquqi şəxs yaxud onun vəzifəli şəxsi tərəfindən hər hansı bir inzibati xətanın mövcudluğu istisna edilir və hansısa məsuliyyət tədbirinin tətbiqi istisna edilir. Həmçinin nəzərə almaq lazımdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin həmin qərarından səlahiyyətli orqan tərəfindən verilmiş şikayət də Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(103)-2277/2025 saylı qərarı ilə təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. “Tullantılar haqqında” Azərbaycan Respbublikasının Qanunun: 1-ci maddəsinə əsasən bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir: istehsalat tullantıları - istehsal, yaxud işlərin (xidmətlərin) yerinə yetirilməsi prosesində əmələ gələn və ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən xammal, material, maddə, yarımfabrikat, əşya və digər məhsulların qalıqları, habelə istehsal obyekti olmayan və öz istifadə olunma xüsusiyyətlərinə görə texnoloji prosesə daxil olmayan, yenidən əmələ gələn eyni mənşəli əşya və maddələr; məişət tullantıları (bərk məişət tullantıları) — əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və materiallar; tullantıların emalı — onların toplanması, saxlanılması, çeşidlənməsi, daşınması və zərərsizləşdirilməsi prosesindən ibarət məqsədyönlü fəaliyyət; tullantıların yerləşdirilməsi — tullantıların saxlanılması və ya basdırılması üzrə həyata keçirilən fəaliyyət; tullantıların zərərsizləşdirilməsi — ətraf mühitə və insanın sağlamlığına təsirini azaltmaq məqsədilə tullantıların xüsusi qurğularda emalı (o cümlədən yandırılması) və ya basdırılması. tullantılar - qanunvericiliyin müddəalarına müvafıq olaraq kənarlaşdırılan, kənarlaşdırma üçün nəzərdə tutulan, kənarlaşdırılmalı olan maddə və əşyalar; tullantıların idarə olunması - tullantıların əmələ gəldiyi fəaliyyət prosesi, habelə tullantıların yığılması (toplanması), çeşidlənməsi, daşınması, yerləşdirilməsi, emalı, istifadəsi, utilizasiyası, zərərsizləşdirilməsi və basdırılması üzrə fəaliyyət; tullantıların yığılması (toplanması) - tullantıların sonradan istifadə edilməsi, utilizasiyası və ya basdırılması (məhv edilməsi) məqsədilə icazə verilmiş yerlərdə müvəqqəti yerləşdirilməsi; tullantıların çeşidlənməsi - tullantıların müəyyən əlamətlərinə (növünə, tərkibinə, xüsusiyyətinə və s.) görə toplanması; tullantıların daşınması - tullantıların əmələ gəldiyi, yerləşdirildiyi, istifadə və utilizasiya edildiyi, zərərsizləşdirildiyi, basdırıldığı və ya məhv edildiyi yerlər və obyektlər arasında daşınması; tullantıların utilizasiyası - tullantılardan lazımi materialların və enerjinin ayrılaraq təkrar istifadə üçün yararlı hala salınması; 10-cu maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ləğv edilməsi müvafiq norma və qaydalara uyğun aparılır. Tullantıların emalı yerləri və texnologiyaları seçilərkən insan səhhətinə və ətraf mühitə ziyanlı təsir barədə ekoloji ekspertizanın tələbləri əsasında müvafiq icra hakimiyyəti orqanlarının [Azərbaycan Respublikasının Dövlət Ekologiya və X3 Komitəsi və Səhiyyə Nazirliyi] müəyyən etdiyi şərtlər nəzərə alınmalıdır. Tullantıların emalı yerlərinin ətraf mühitə təsirini müəyyən etmək məqsədilə ətraf mühitin monitorinqi aparılmalıdır. Tullantıların emalı yerlərində mərz nişanları və nəzarətli girişlər olmalı, texnoloji məntəqələrin ətraf mühit üçün tamamilə təhlükəsizliyi təmin edilməlidir. Bu məqsədlə nəzərdə tutulmayan yerlərdə tullantıların yerləşdirilməsi və emalı qadağandır. Tullantıları emal edən müəssisələrin fəaliyyəti tullantıların həcminin azaldılmasına və zərərsizləşdirilməsinə yönəldilməlidir. Bu müəssisələr öz fəaliyyətini nizamnamələrində nəzərdə tutulan qaydada və tullantılara mülkiyyət hüququnu təsdiq edən sənədlər əsasında həyata keçirirlər. Tullantıları emal edən müəssisələrdə müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Dövlət Ekologiya və X3 Komitəsi və Səhiyyə Nazirliyi) tərəfindən təsdiq edilən qəza hallarının ləğv edilməsinə dair tədbirlər planı olmalıdır. Məhkəmə qeyd edir ki, İXM-nin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Yəni inzibati məsuliyyətin tətbiqi üçün əsas şərtlərdən biri, barəsində icraat aparılan şəxsin konkret inzibati xəta əməlini törətməsi hüquqi və faktiki sübutlarla təsdiq olunmalıdır. Hazırki iş üzrə isə X8 tərəfindən vəzifəli şəxsi olduğu "xxxx" MMC-nin xeyrinə və ya maraqlarının qorunması üçün inzibati xəta törətməsi müəyyən edilmir. Hüquqi şəxsin barəsində tərtib edilmiş protokola baxılan zaman tullantıların tutumlardan (urnalardan) kənar yerə atılması, qalaqlanması və emal yerinin müəyyən edilməməsi iddialarının heç biri qəti, obyektiv və hüquqi cəhətdən yetərli sübutlarla təsdiqlənməmiş, səlahiyyətli orqanın təqdim etdiyi sübutlar tədqiq edilsə də, həmin sübutlar hüquqi şəxsin təqsirli olmasında yetərli olmamışdır. Səlahiyyətli orqan tərəfindən X8 eyni sübutlar əsasında təqsirli bilinmiş, məhkəməyə sonuncunun təqsirli olmasına dəlalət edən hər hansı bir digər sübut təqdim edilməmişdir. Səlahiyyətli orqan tərəfindən X8 marketə məxsus tullantıların qalaqlanması qaydalarının pozulmasına, tullantıların emalı yerlərinin müəyyənləşdirilməməsinə, tullantıların kənar yerlərə atılmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə təqsirli bilinmişdir. İnzibati tənbeh vermə haqqında qərarda sözügedən hallara yol verilməsi qeyd edilsə də, bunları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci və 10-cu maddələrinin tələblərinə əsasən tullantıların emalı dedikdə onların toplanması, saxlanılması, daşınması və zərərsizləşdirilməsi başa düşülür və bu fəaliyyət növü xüsusi ixtisaslaşmış emal müəssisələri tərəfindən həyata keçirilir. Qanunun 10-cu maddəsində emal yerlərinin layihələndirilməsi, inşası, istismarı və ləğvi yalnız səlahiyyətli icra hakimiyyəti orqanlarının, o cümlədən ətraf mühitin mühafizəsi və səhiyyə qurumlarının nəzarəti və tələbləri çərçivəsində həyata keçirilə bilər. Hüquqi şəxslərin, xüsusilə kommersiya fəaliyyəti ilə məşğul olan supermarket şəbəkələrinin öz təşəbbüsü ilə emal yeri müəyyənləşdirməsi hüquqi baxımdan nə qanunda nəzərdə tutulmuşdur, nə də texniki və ekoloji baxımdan mümkündür. “Tullantılar haqqında” Qanunda isə hüquqi şəxsin öz təşəbbüsü ilə emal yeri müəyyən etməsi barədə heç bir norma yoxdur. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Belə olan halda X4 İXM-in 266.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirliliyi sübuta yetirilmir, buna görə də, o inzibati məsuliyyətə cəlb oluna bilməz. Məhkəmə inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədləri şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməli və X4 təqsirliliyi sübuta yetirilmədiyindən barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə üzrə icraata xitam verilməlidir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, X8 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X8 barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(5-93)-350/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-350/2026
24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver