Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-93)-353/2026 12.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X6 Novruz oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti polkovnikleytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs: Şəxs, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 3M, mənzil 6, VÖEN ********** Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti polkovnik-leytenantı X4 tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx.xx.2026-cı il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3- 33-3200/012/006699 saylı raporta əsasən, xx.xx.2025-ci il tarixində İran İslam Respublikasından ‘‘MR Kemikal” MMC-nin (VÖEN: **********) ünvanına gələn “Polietilen paketlər” adlı yük xx.xx.2025-ci il tarixli **********3935 saylı gömrük bəyannaməsi ilə Baş İdarədə rəsmiləşdirilmişdir. Gömrük rəsmiləşdirilməsi zamanı, gömrük bəyannaməsində qeyd olunan malların 678 saylı “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinə əsasən, qadağan olunmuş mallara aid edildiyi müəyyən edilmişdir. Dəniz Nəqliyyatı və X8 Gömrük İdarəsi tərəfindən polietilen paketlərinin mikron qalınlığının müəyyən edilməsindən ötrü Dövlət Gömrük Komitəsi X3 İdarəsinə müraciət yönləndirilmişdir. X3 İdarəsinin GM**********19 nömrəli ekspertiza rəyinə əsasən, polietilen paketlərin bir qisminin qalınlığı 15 mikrondan yuxarı, ‘‘X11 25*35 100 PCS” nişanlı polietilen əsaslı 9 ədəd bağlamalarda təqdim olunan nümunələrin ümumi qalınlıqlarının ədədi ortası isə 14,5 mikron (0.0145 mm) olduğu müəyyən edilmişdir. Araşdırma zamanı, idxal olunan polietilen torbaların mikronunun müəyyən edilməsi zərurəti yarandığı üçün, nümunələr götürülərək, xx.xx.2025-ci il tarixli 3-33- 3200/2-002215/2025 nömrəli məktubla Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2-9/5618/2025 saylı ekspert rəyinə əsasən, tədqiqata təqdim olunmuş 27 ədəd “X11 25*35 100 PCS” nişanlı polietilen baqlamlardan seçmə üsulla 6 ədəd polietilen torba götürülmüş, onların içərisindən də seçmə üsulla hər birində 2 ədəd olmaqla, ümumilikdə 12 ədəd şəffaf, rəngsiz, düzbucaqlı və qulpsuz formada olan torbalar götürülmüş, torbaların müxtəlif hissələrinin qalınlığı təxmini müəyyən edilmişdir. Ekspert rəyinə əsasən, polietilen torbaların qalınlıqlarında 15 mikrondan aşaqı hissələrin olduğu müəyyən edilmişdir. Araşdırma ilə əlaqədar Şəxs MMC-nin nümayəndəsi ilə ***-***-**-** nömrəsi ilə əlaqə saxlanılmış və şirkətin nümayəndəsi İdarəyə dəvət olunmuşdur. Baş İdarəyə gələn Şəxs MMC-nin məsul şəxsi X5 izahat verərək bildirmişdir ki, Şəxs MMC-nin ünvanına İran İslam Respublikasında fəaliyyət göstərən “X9 CO” şirkəti tərəfindən netto çəkisi 51800 kq, invovs dəyəri 62160 ABŞ dolları olan “Polietilen paketlər” adlı yük daxil olmuş, gömrük yoxlaması zamanı, gömrük əməkdaşları tərəfindən polietilen paketlərdən nümunələr götürülərək, mikronunu müəyyən etməkdən ötrü X3 İdarəsinə göndərilmiş, GM**********19 nömrəli ekspertiza rəyinə əsasən, polietilen paketlərin bir qisminin qalınlığı 15 mikrondan yuxarı, “X12 25*35 100 PCS” nişanlı polietilen əsaslı 9 ədəd bağlamalarda təqdim olunan nümunələrin ümumi qalınlıqlarının ədədi ortası isə 14,5 mikrondur (0.0145 mm). P.X.Novruzov həmçinin izahatında qalınlığı 15 mikrona qədər olan polietilen torbaların idxalına görə məsuliyyət müəyyən olunduğundan məlumatı olduğunu bildirmişdir. Azərbaycan Respublikasının 8 iyun 1999-cu il tarixli “Ətraf mühitin mühafizəsi” haqqında 678-İQ nömrəli qanununun 46-cı maddəsinə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qasıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağandır. Azərbaycan Respublikası İXM-in 275.4-cü maddəsinə əsasən, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə məsuliyyət müəyyən olunmuşdur. Şəxs MMC tərəfindən idxal edilən və qalınlığı 15 mikrondan aşağı olan polietilen torbaların netto çəkisinin 7780 kq olduğu müəyyən edilmişdir. Beləliklə, Şəxs MMC tərəfindən qalınlığı 15 mikrondan aşağı olan polietilen torbalar idxal edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti polkovnik-leytenantı X4 protokolu müdafiə edərək, hüquqi şəxs barəsində tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs etibarnamə üzrə nümayəndəsi X5 protokola etiraz edərək bildirdi ki, cəmiyyət tərəfindən idxal edilmiş polietilen torbaların bütövlükdə hamısının qalınlığı 15 mikrondan aşağı deyil. Belə ki, cəmiyyət tərəfindən xarici tərəfdaşa əvvəlcədən qanunvericiliyin tələbləri, o cümlədən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların ölkəyə idxalının qadağan olunduğu barədə məlumat verilmiş, malgöndərən şirkət isə göndərilən məhsulun qalınlığının 15 mikrondan yuxarı olduğunu bildirmişdir. Ekspertiza zamanı müəyyən edilmiş az sayda torbalarda qalınlığının 15 mikrondan aşağı olması texniki istehsal xətası ilə bağlıdır və bu hal cəmiyyətin qəsdli hərəkəti və ya qanunvericiliyin tələblərini bilərəkdən pozmaq niyyəti kimi qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, idxal edilən məhsul partiyasının əsas hissəsi qanunun müəyyən etdiyi texniki göstəricilərə tamamilə uyğundur və müəyyən edilmiş uyğunsuzluqlar ümumi partiyanın xarakterini dəyişdirəcək miqyasda deyildir. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən cəmiyyət inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına bir kisə və həmin kisənin içərisində 03 kisə olmaqla, həmin kisələrin də hər birinin içərisində 9 ədəd olmaqla, ümumilikdə 27 ədəd polietilen bağlamalar təqdim edilmişdir. Bağlamaların içərisində olan polietilen torbaların üzərində “Honey Freeze” Bags 25*35, 100 PCS” yazılar mövcuddur. Ekspertiza tədqiqatına təqdim edilmiş kisələr üzərinə kağız yapışdırılaraq 1-3 sırası ilə nömrələnmişdir. Hər 9 ədəd polietilen bağlamaların içərisindən təsadüfü seçmə üsulu ilə 2 ədəd olmaqla 6 ədəd polietilen torbalar götürülmüşdür, onların da içərisindən təsadüfü seçmə üsulu ilə hər birindən 2 ədəd olmaqla, ümumilikdə 12 ədəd şəffaf, rəngsiz, düzbucaqlı və qulpsuz formada olan torbalar götürülmüşdür. Polietilen torbaların qalınlığının müəyyən edilməsi məqsədi ilə “Mitutoyo” markalı mikrometr cihazı ilə ölçü aparılarkən, həmin 12 ədəd şəffaf, rəngsiz, düzbucaqlı və qulpsuz formada olan torbaların müxtəlif hissələrinin qalınlığının təxminən aşağıdakı kimi olduğu müəyyən edilmişdir: №-1 yazısı ilə nömrələnmiş kisədən götürülmüş 4 ədəd nümunə: 1-ci nümunə - 13, 14, 14, 14, 14, 15, 15, 15, 15, 16 mikron; 2-ci nümunə -11, 13, 13, 14, 14, 14, 15, 15, 21,21 mikron; 3-cü nümunə - 14, 15, 15, 16, 16, 16, 17, 17, 17, 18 mikron; 4-cü nümunə -15, 15, 16, 16, 16, 17, 18, 18, 18, 19 mikron. №-2 yazısı ilə nömrələnmiş kisədən götürülmüş 4 ədəd nümunə: 1-ci nümunə - 12, 12, 14, 14, 14, 14, 15, 15, 15, 16 mikron; 2-ci nümunə -14, 14, 14, 15, 15, 15, 16, 16, 16, 17 mikron; 3-cü nümunə - 7, 9, 11, 13, 17, 17, 18, 18, 19, 24, 24 mikron; 4-cü nümunə - 12, 12, 13, 13, 14, 14, 14, 16, 18, 18 mikron. №-3 yazısı ilə nömrələnmiş kisədən götürülmüş 4 ədəd nümunə: 1-ci nümunə - 12, 13, 13, 13, 14, 14, 14, 18, 18, 19 mikron; 2-ci nümunə - 10, 10, 13, 13, 15, 15, 16, 19, 20, 20 mikron; 3-cü nümunə - 12, 13, 13, 14, 14, 15, 15, 16, 18, 21 mikron; 4-cü nümunə -12, 13, 13, 13, 13, 14, 14, 15, 16, 17 mikron. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 46cı maddəsinin 3-cü abzasında göstərilmişdir ki, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağandır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsinə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Məhkəmə ilk növbədə qeyd edir ki, qüvvədə olan qanunvericilikdə polietilen torbaların qalınlığının konkret hansı metodologiya ilə ölçülməli olmasına dair vahid, imperativ standart qayda müəyyən edilməmişdir. “Ətraf mühitin mühafizəsi haqqında” Qanununun 46-cı maddəsi və İXM-in 275.4-cü maddəsi yalnız qalınlıq meyarını – 15 mikrona qədər müəyyən etmiş, lakin həmin qalınlığın hansı texniki üsulla hesablanmalı olduğunu tənzimləməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, torbanın qalınlığının müəyyən edilməsi üçün obyektiv və məntiqi üsul onun müxtəlif hissələrində aparılmış ölçmələrin ədədi orta göstəricisinin çıxarılmasıdır. Çünki polietilen məmulat texniki xüsusiyyətlərinə görə bütün səth boyunca eyni qalınlıqda olmaya bilər və ayrı-ayrı nöqtələr üzrə ölçmələr arasında fərqlər mümkündür. Bu səbəbdən ayrı-ayrı minimal və ya maksimal göstəricilər deyil, məhz ümumi orta qalınlıq torbanın faktiki texniki göstəricisini müəyyən edən əsas meyar kimi qəbul edilməlidir. Təsadüfi deyildir ki, ekspertiza zamanı da torbaların qalınlığı bir nöqtədə deyil, məhz müxtəlif hissələrdə yerləşən on ayrı nöqtədən ölçülmüş və fəqrli göstəricilər qeydə alınmışdır. Bu yanaşmanın özü göstərir ki, materialın qalınlığı lokal deyil, ümumi texniki göstərici kimi qiymətləndirilməlidir. Belə olan halda, çoxnöqtəli ölçmələrin nəticələrinin orta göstəricisinin əsas götürülməsi həm ölçmənin obyektivliyini təmin edir, həm də məhsulun faktiki texniki xüsusiyyətini daha düzgün əks etdirir. Ekspertiza rəyində göstərilən ölçmələrdən görünür ki, məsələn, 1-ci kisədən götürülmüş 1-ci nümunə üzrə 10 müxtəlif nöqtədə aparılmış ölçmələrin cəmi 145 mikron təşkil etmiş, ədədi orta göstərici isə 145/10 = 14.5 mikron olmuşdur. Bu isə normada müəyyən edilmiş 15 mikron həddindən aşağıdır. Həmçinin 2 və 3-cü kisələrdəki 1 və 4-cü nümunələrdə də analoji qaydada göstəricilər 15 mikrondan aşağıdır. Bu baxımdan həmin nümunələr üzrə polietilen torbanın qalınlığı qanunla qadağan olunmuş kateqoriyaya daxildir və inzibati məsuliyyət üçün hüquqi əsas mövcuddur. Eyni zamanda qeyd edilməlidir ki, qanunvericilikdə bu kateqoriya məhsullar üzrə uyğunluğun müəyyən edilməsi üçün mütləq minimal nümunə sayı barədə tələb müəyyən edilmədiyindən, seçmə üsulla aparılmış tədqiqatın nəticələri sübut kimi qəbul ediləndir. Ekspertiza rəyi ilə müəyyən olunur ki, təqdim edilmiş nümunələrin bir hissəsində çoxnöqtəli ölçmələrin orta qalınlıq göstəricisi normativ hədd olan 15 mikrondan aşağıdır. Normativ texniki tələb məhsul vahidinə şamil olunduğundan və bu mənada partiya üzrə dövriyyəyə buraxılan məhsulların hər birinin həmin tələbi ödəməsi zəruri olduğundan, hətta ayrı-ayrı nümunələrdə belə uyğunsuzluğun aşkar edilməsi normativ tələbin pozulması faktını təsdiq edir və inzibati məsuliyyətin yaranması üçün kifayət edən hüquqi əsas hesab olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, habelə digər sübutlarla tam sübuta yetirilmiş və əməl düzgün olaraq İXM-in 275.4-cü maddəsi ilə tövsif edilmişdir. Hüquqi şəxsin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsir tam sübuta yetirildiyinə görə cəmiyyət inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə görə bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. İnzibati tənbeh növünün və miqdarının müəyyən edilməsi zamanı məhkəmə məsuliyyətin fərdiləşdirilməsi prinsipini rəhbər tutur. İş materiallarından görünür ki, hüquqi şəxs tərəfindən idxal edilmiş məhsul partiyasının yalnız müəyyən hissəsinin qalınlığı qanunda nəzərdə tutulmuş həddə uyğun olmamışdır. Eyni zamanda hüquqi şəxsin nümayəndəsi inzibati icraat zamanı əməkdaşlıq etmiş, faktların araşdırılmasına mane olmamışdır. İş üzrə ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, hüquqi şəxsə sanksiyada nəzərdə tutulmuş cərimənin aşağı həddinin təyin edilməsi tənbehin məqsədlərinə hüquq pozuntusunun qarşısının alınmasına və gələcəkdə təkrar pozuntulara yol verilməməsinə kifayət edir və hazırki halda daha ağır maliyyə sanksiyasının tətbiqinə zərurət görülmür. Bununla yanaşı, İXM-in 275.4-cü maddəsinin sanksiyası inzibati cərimə ilə birlikdə inzibati xətanın bilavasitə obyekti olan plastik materialların müsadirəsini nəzərdə tutur. “Bilavasitə obyekt” anlayışı hüquqi baxımdan yalnız qadağan edilmiş əlamətləri daşıyan konkret əşyalara şamil edilə bilər. Bu norma ümumi məhsul partiyasının tam müsadirəsini deyil, məhz qanunla qadağan olunmuş göstəriciyə malik olan hissəsinin müsadirəsini nəzərdə tutur. Belə olduğu təqdirdə isə məhkəmə nəzərə alır ki, ekspertiza rəyinə əsasən tədqiq edilmiş 12 nümunədən yalnız 5-ində orta qalınlıq 15 mikrona qədər olmuş, qalan nümunələrdə isə orta göstərici 15 mikrondan yuxarı müəyyən edilmişdir. 12 nümunədən yalnız 5-ində orta qalınlığın 15 mikrona qədər olması bütün partiya üzrə məhsulların eyni texniki uyğunsuzluğa malik olmasını birmənalı şəkildə təsdiq etmir. Daha aydın desək, seçmə nəzarət nəticələrinin məhdud saylı nümunələrə əsaslanması fonunda idxal edilən 7780 kq polietilen torbaların inzibati xətanın bilavasitə obyekti kimi qiymətləndirilib tam həcmdə müsadirə olunması sübutların yetərliliyi və proporsionallıq prinsipi ilə uzlaşmır və bütün 7780 kq məhsulun qadağan olunmuş kateqoriyaya aid edilməsi üçün yetərli hüquqi əsas hesab oluna bilməz. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, inzibati xətanın obyekti yalnız qalınlığı 15 mikrona qədər olan polietilen torbalardır. Buna görə də müsadirə tədbiri yalnız həmin xüsusiyyətə malik olduğu müəyyən edilmiş torbalara tətbiq edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xətanın bilavasitə obyekti olan Şəxs MMC tərəfindən idxal edilmiş, ümumi netto çəkisi 7780 kq olan “X11 25*35 100 PCS” nişanlı polietilen torbaların qalınlığı 15 mikrona qədər olan hissəsi müsadirə edilməklə 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(5-93)-353/2026
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(5-93)-353/2026
12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver